
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu ŞƏRTLƏRİ № 228

Məktəbşünas
Müəllif
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu ŞƏRTLƏRİ
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Bu Şərtlər “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-3-cü maddəsinə əsasən hazırlanmışdır və beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin (bundan sonra – abituriyentlər) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu məsələlərini tənzimləyir.
2. Abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə beynəlxalq səviyyədə akkreditasiya olunan aşağıdakı təhsil proqramları üzrə aparılır:
2.1. Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme);
2.2. Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education);
2.3. Yüksək yerləşdirmə (Advanced Placement).
3. Abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu bu Şərtlərin 2.1-2.3-cü bəndlərində nəzərdə tutulmuş təhsil proqramları üzrə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə aparılır.
4. Abituriyentlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın (bundan sonra – Tələbə Qəbulu Qaydaları) 3.2-ci bəndində nəzərdə tutulmuş qaydada Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər.
5. Bu Şərtlərin 2.1-ci, 2.2-ci və 2.3-cü bəndlərində nəzərdə tutulmuş təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulunun aparıldığı ixtisaslar və ixtisaslar üzrə keçid balı hər il aşağıda müəyyən olunmuş keçid ballarının minimum və maksimum hədləri əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Mərkəz tərəfindən müəyyən edilir:
5.1. Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme) – 25-35;
5.2. Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education) – C və ya B (müvafiq üç imtahan fənni üzrə);
5.3. Yüksək yerləşdirmə (Advanced Placement) – 3 və ya 4 (müvafiq üç imtahan fənni üzrə).
6. Bu Şərtlərin 2.1-2.3-cü bəndlərində nəzərdə tutulmuş təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Tələbə Qəbulu Qaydalarının 3.8-ci bəndi ilə hər ixtisas qrupu üçün müəyyən edilmiş imtahan fənləri üzrə həmin proqramlar çərçivəsində topladıqları ballar nəzərə alınmaqla həyata keçirilir.
Qeyd. Bu Şərtlərin 5-ci hissəsində “müvafiq üç imtahan fənni” dedikdə, Tələbə Qəbulu Qaydalarının 3.8-ci bəndi ilə hər ixtisas qrupu üçün müəyyən edilmiş imtahan fənləri başa düşülür.

Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin