
Almaniya nümayəndə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə səfər edib
Peşə təhsilində beynəlxalq əməkdaşlığı, xarici şirkətlərlə qurulan tərəfdaşlıqları və tələbələr üçün yaradılan xarici təcrübə imkanlarını izləmək üçün direktor.az-a abunə olun. Peşə hazırlığı, məşğulluq və təhsil sahəsindəki qlobal layihələrdən, rəsmi görüşlərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Almaniyanın "Schuhmacher International Personalvermittlung" şirkətinin rəsmiləri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzini ziyarət ediblər.
Direktor.az xəbər verir ki, görüşdə xarici şirkətin icraçı direktoru İrina Şuxmaxer, müqavilələr üzrə meneceri Rosvita Günter və koordinator Rəşad İsmayılov iştirak ediblər. Tədbirə həmçinin Dövlət Məşğulluq Agentliyinin Xarici işəgötürənlərlə iş şöbəsinin müdiri Nigar Əsgərova, eləcə də Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Natavan Ağayeva qatılıblar.
Səfər çərçivəsində qonaqlara mərkəzdə tədris olunan ixtisaslar, təhsil proqramları, tələbə kontingenti, mövcud maddi-texniki baza və əmək bazarı ilə qurulan beynəlxalq əlaqələr barədə məlumat verilib. Nümayəndə heyəti mərkəzin tədris və istehsalat sahələrini gəzərək aşpaz, qənnadçı, qaynaqçı, elektrik və avtomobil sürücüsü istiqamətləri üzrə aparılan praktiki dərsləri yaxından izləyib.
Görüşün növbəti mərhələsində aqrar sahədəki müasir texnologiyalar və dual təhsil modeli üzrə təcrübə mübadiləsi aparılıb, Almaniyada bu sahələrin inkişafına dair təqdimat dinlənilib. Praktiki tətbiqi yerində görmək məqsədilə nümayəndələr "Qəbələ Hospitality Group"a daxil olan otellərdən birinə baş çəkərək dual təhsilin təşkili prosesi ilə tanış olublar.
Bundan əlavə, heyət üzvləri əvvəllər Almaniyada təcrübə keçmiş mərkəz məzunları ilə bir araya gəlib. Görüş zamanı məzunların qazandıqları peşə vərdişləri, əmək bazarına inteqrasiyası və gələcək karyera imkanları müzakirə olunub.
Sonda peşə təhsili müəssisələri ilə əmək bazarı arasında əlaqələrin gücləndirilməsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin