
BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
Ali təhsil müəssisələrinin özəl sektorla əməkdaşlığı, gənc mütəxəssislərin karyera inkişafı və universitetlərimizin fəaliyyətini izləmək üçün direktor.az-a abunə olun. Təhsil ocaqlarımızın uğurları, sənaye-təhsil inteqrasiyasından xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin 15 tələbəsi universitet-sənaye tərəfdaşlığı çərçivəsində 7 özəl şirkətin təqaüdünə layiq görülüb.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. BDU-nun rektoru Elçin Babayev bu təşəbbüsü elmlə istehsalatın vəhdətinə, gənclərin gələcəyinə göstərilən etimadın mühüm nümunəsi adlandırıb:
“Biz bu əməkdaşlığı daha effektiv etmək üçün təcrübələrimizi birləşdiririk. Universitet elmi ideyaları praktiki həllərə çevirən, iqtisadiyyatın inkişafına və cəmiyyətin tərəqqisinə töhfə verən mühüm mərkəzdir. Güclü universitet güclü sənaye deməkdir. Güclü sənaye isə rəqabətqabiliyyətli insan kapitalına ehtiyac duyur. Bu iki istiqamətin bir-birini tamamlaması dayanıqlı inkişafın əsas şərtidir”.
Rektor bildirib ki, geologiya sahəsindəki təhsil sənayenin real ehtiyaclarını, sürətlə dəyişən innovativ tədqiqat metodlarını və müasir texnologiyaları mütləq nəzərə almalıdır. Elçin Babayev tələbələrə göstərilən dəstəyə görə tərəfdaş şirkətlərə – “CM Tech” MMC, “Atlas ES” MMC, “AZ Geo” MMC, “A-A” MMC, “AT-Geotech” MMC, “CQA International” LTD və “Azerbaijan International Mining Company”yə Universitet kollektivi adından təşəkkür edib.
Geologiya fakültəsinin dekanı Mamoy Mansurov təqaüd proqramının ilk mərhələsi kimi bu ilin avqust ayında təşkil olunan “GeoCamp” Tələbə yay düşərgəsi barədə məlumat verib. Dekan şirkətlərin tələbələr üçün yaratdığı geniş praktika imkanlarından söz açaraq, gəncləri bu növ layihələrdə daha aktiv olmağa çağırıb.
Mərasimdə çıxış edən “AZ Geo” MMC-nin rəhbəri Azər Şükürov, “CM Tech” MMC-nin rəhbəri Nəsir Abdullayev, “AT-Geotech” MMC-nin rəhbəri Nicat Hacıyev, BDU-nun Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə və təqaüdçü tələbə, I kurs magistrant Nərmin Əsədullayeva tərəfdaşlığın əhəmiyyətini qeyd ediblər. Natiqlər sənaye üçün ən böyük investisiyanın məhz təhsilə qoyulan investisiya olduğunu vurğulayaraq tələbələri təbrik ediblər. Tədbirin sonunda şirkət rəhbərləri təqaüdə layiq görülən tələbələrə mükafatlar təqdim ediblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin