
Peşə ixtisasları üzrə qiymətləndirilmə keçirilib
Peşə bacarıqlarının rəsmiləşdirilməsi, əmək bazarına inteqrasiyanı izləmək üçün direktor.az-a abunə olun. Peşə təhsili imkanları, sertifikatlaşdırma qaydalarından məlumatlı olmaq üçün bizi izləyin.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi qeyri-formal və informal təhsilin tanınması istiqamətində növbəti təltifetmə tədbiri keçirib.
Direktor.az xəbər verir ki, bu barədə agentlikdən bildirilib. “Kompüter operatoru” , “Qrafik dizayner”, “Zərgər”, “Qənnadçı, şirniyyatçı” və “Elektrik qaz qaynaqçısı” peşə ixtisasları üzrə təşkil olunmuş qiymətləndirmə prosesini uğurla başa vuran 30 iştirakçıya TKTA tərəfindən müvafiq peşə sənədləri təqdim edilib. TKTA-nın Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Vüsalə Mütəllibova bilik və bacarıqların tanınmasının əmək bazarında rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətini vurğulayıb.
Məlumat üçün bildiririk ki, qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesi iki mərhələdən ibarətdir. İlk mərhələdə ərizəçilər biliklərin qiymətləndirilməsi məqsədilə nəzəri imtahanlara cəlb olunurlar. Nəzəri imtahanı uğurla keçən namizədlər ikinci mərhələdə, yəni bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi məqsədilə təşkil edilən praktiki imtahanda iştirak hüququ əldə edirlər. Hər iki mərhələdə uğur qazanan şəxslərə yekunda müvafiq peşə sənədi təqdim edilir.
Qeyd edək ki, TKTA tərəfindən təqdim edilən diplom və sertifikat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən sahibinə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir. Eyni zamanda sözügedən diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək hüququ verir. İmtahanlarda iştirak etmək istəyən şəxslər müvafiq keçid linki vasitəsilə qeydiyyatdan keçə bilər (https://tinyurl.com/53jmtf8z), həmçinin (+99450) 443-77-89 mobil nömrəsi ilə əlaqə saxlaya və ya TKTA-nın rəsmi internet səhifəsi vasitəsilə (https://tkta.edu.az) müraciət edə bilərlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin