
Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə № 74
Məktəbşünas
Müəllif
Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə
(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 aprel tarixli
74 nömrəli qərarı ilə təsdiq edilmişdir.)
1. Ümumİ müddəalar
1.1. Psixoloji-tibbi-pedaqoji komissiya sağlamlıq imkanları məhdud uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər vermək, mübahisəli məsələlərə baxmaq məqsədi ilə yaradılır.
1.2. Psixoloji-tibbi-pedaqoji komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Elm və Təhsil Nazirliyinin əmr, qərar və sərəncamlarını, bu Əsasnaməni və digər normativ-hüquqi aktları rəhbər tutur.
2. Psİxolojİ-tİbbİ-pedaqojİ komİssİyanın təşkİlİ
2.1. Rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli bölmələri və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılmaqla Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin, regional təhsil idarələrinin əmri ilə, Respublika psixoloji-tibbi-pedaqoji komissiyası isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılmaqla Təhsil Nazirliyinin əmri ilə yaradılır.
2.2. Psixoloji-tibbi-pedaqoji komissiyanın tərkibi Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
2.3. Psixoloji-tibbi-pedaqoji komissiyanın fəaliyyətinə rəhbərlik və nəzarət müvafiq olaraq Elm və Təhsil Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən aparılır.
2.4. Komissiyanın səmərəli fəaliyyəti üçün Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi cavabdehlik daşıyırlar.
2.5. Psixoloji-tibbi-pedaqoji komissiya uşaqların hərtərəfli müayinəsi üçün əlverişli şəraiti olan xüsusi təhsil müəssisəsində fəaliyyət göstərir.
2.6. Psixoloji-tibbi-pedaqoji komissiya müəyyən olunmuş qrafik əsasında həftədə 2 dəfə daimi fəaliyyət göstərir. Zəruri halda əlavə olaraq səyyar komissiya keçirilə bilər. İş vaxtı 6 saat həcmində, iş rejimi saat 10-dan 16-dək müəyyənləşdirilir.
2.7. Komissiyanın iclasları vaxtaşırı keçirilir və protokollaşdırılır. Komissiyanın qərarı yekun rəy hesab olunur.
Komissiya üzvlərinin çoxu iştirak etdikdə, komissiyanın iclasları səlahiyyətli sayılır. Komissiyanın qərarları açıq səsvermə yolu ilə və səsvermədə iştirak edən komissiya üzvlərinin səs çoxluğu ilə qəbul edilir.
2.8. Respublika psixoloji-tibbi-pedaqoji komissiyası rayon (şəhər) psixoloji-tibbi-pedaqoji komissiyasının hesabatını dinləyir, fəaliyyətini qiymətləndirir.
2. 9. Psixoloji-tibbi-pedaqoji komissiya ilə sağlamlıq imkanları məhdud uşaqların valideynləri və ya digər qanuni nümayəndələri arasında yaranmış mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada həll olunur.
2.10. Psixoloji-tibbi pedaqoji komissiyada çalışan şəxslərin (dövlət qulluqçuları istisna olmaqla) əsas iş yerindəki əmək haqlarına “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq 50 faiz əlavə edilir.
3. Psİxolojİ-tİbbİ-pedaqojİ komİssİyanın vəzİfələrİ
Psixoloji-tibbi-pedaqoji komissiyanın vəzifələri aşağıdakılardır:
3.1. uşaqların erkən, habelə sonrakı yaş hədlərində psixoloji-tibbi-pedaqoji müayinəsini aparmaq, inkişaf xüsusiyyətlərini aşkarlamaqla diaqnozunu müəyyənləşdirmək;
3.2. sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilə cəlb edilməsi barədə qərar qəbul etmək;
3.3. sağlamlıq imkanları məhdud uşaqların təhsil almaları üçün xüsusi təhsili həyata keçirən müəssisənin tipini müəyyənləşdirmək;
3.4. fərdi təlim planına dair tövsiyələr vermək;
3.5. sağlamlıq imkanları məhdud uşaqlar üçün təyin edilmiş diaqnozu dəqiqləşdirməklə təsdiq etmək və ya dəyişdirmək;
3.6. sağlamlıq imkanları məhdud uşaqların valideynlərinə və ya digər qanuni nümayəndələrinə məsləhətlər vermək;
3.7. sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilinin təşkili, onların və valideynlərinin və ya digər qanuni nümayəndələrinin hüquqları ilə bağlı məsələlərə dair pedaqoji, tibbi və sosial işçilərə tövsiyә və məsləhətlər vermək;
3.8. sağlamlıq imkanları məhdud uşaqlar barədə məlumat bankını təşkil etmək və məlumatları Elm və Təhsil Nazirliyinə, Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə təqdim etmək;
3. 9. xüsusi təhsil alma formalarını müəyyənləşdirmək;
3.10. şagirdlərin sinifdən-sinifə keçmə və buraxılış imtahanlarından azad edilməsi üçün qərar qəbul etmək;
3.11. fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanların pulsuz psixoloji-tibbi-pedaqoji korreksiyası aparılması üçün rəy vermək;
3.12. ciddi tərbiyəyə ehtiyacı olan, 11 yaşından 14 yaşına qədər sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil müəssisəsinə göndərilməsi üçün rəy vermək;
3.13. psixoloji-tibbi-pedaqoji komissiyanın üzvləri qərar qəbul etmək üçün rəyin məxfiliyini saxlamağa və aşkarlamamağa borcludurlar. Bu rəydəki məlumatlar qanunvericiliklə müəyyən olunmuş qaydada aşkarlana bilər;
3.14. xüsusi təhsil almaq hüquqi psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən verilən sənədlə təsdiq olunur;
3.15. psixoloji-tibbi pedaqoji komissiya verdiyi sənəddə məlumatların düzgünlüyünə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır;
3.16. psixi inkişafın ağır ləngiməsi, debillik və imbesillik arasındakı yaxınlıq vəziyyəti hallarında əqli geriliyin dərəcəsinin dəqiq diaqnozu yalnız təlim-tərbiyə prosesində təyin oluna bilərsə, diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə uşaq bir ildən artıq olmayaraq xüsusi təhsil məktəbinə göndərilir. Bu müddət qurtardıqdan sonra uşağın təhsilini davam etdirməli olduğu təhsil müəssisəsinin tipini müəyyən etmək üçün o, təkrar olaraq psixoloji tibbi-pedaqoji komissiyaya göndərilir;
3.17. psixoloji-tibbi-pedaqoji komissiya qeydiyyat jurnalı aparır. Həmin jurnalda uşağın soyadı, adı, atasının adı, doğulduğu tarix, yaşadığı ünvan, həkimin diaqnozu və uşağın hansı tipli müəssisəyə göndərilməsi qeyd olunur.
4. Psİxolojİ-tİbbİ-pedaqojİ komİssİyada müayİnə
4.1. Müayinə ediləcək hər bir uşaq üçün aşağıdakı sənədlər tələb olunur:
sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin ərizəsi;
doğum haqqında şəhadətnamə;
baş həkim tərəfindən təsdiq edilmiş ətraflı tibbi arayış, yaxud xəstəlik tarixçəsindən çıxarış (1-ci siniflərə qəbul zaman və münaqişəli məsələlər olduqda uşağın dəyişmə vərəqəsi tələb olunur);
pedaqoji xasiyyətnamə (nə vaxtdan bu məktəbdə oxuyur, bilik səviyyəsi, oxumağa həvəsi, qavrama qabiliyyəti və s.);
qiymət cədvəli;
yaşayış yeri üzrə qeydiyyat haqqında arayış.
4.1-1. Psixoloji-tibbi-pedaqoji komissiyada müayinə üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar valideynlərdən və ya digər qanuni nümayəndələrdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi valideynlərin və ya digər qanuni nümayəndələrin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
4.2. Hər bir uşağın müayinəsi üçün 10-20 dəqiqə vaxt ayrılmalıdır.
4.3. Baş həkim tərəfindən təsdiq edilmiş ətraflı tibbi arayış və qiymət cədvəlinin surəti psixoloji-tibbi-pedaqoji komissiyada saxlanılır.
4.4. Psixoloji-tibbi-pedaqoji komissiyada müayinə pulsuzdur.
4.5. Müayinə valideynlərin və ya digər qanuni nümayəndələrin razılığı ilə tibb, sosial müdafiə müəssisələrinin və yerli icra hakimiyyəti orqanlarının təşəbbüsü ilə aparılır.
4.6. Valideynlərin və ya digər qanuni nümayəndələrin razılığı ilə yaşayış yeri məlum olmayan, sağlamlıq imkanı məhdud uşaqlar nizamnamələrinə əsasən uşaqların hüquqlarının müdafiə edən ictimai birliklərin təşəbbüsü ilə psixoloji-tibbi-pedaqoji komissiyada müayinədən keçirilirlər.
4.7. Valideynlər və ya digər qanuni nümayəndələr razılıq vermədikdə, psixoloji-tibbi pedaqoji komissiyada müayinə məhkəmənin qərarı ilə aparılır. Uşaqların müayinəsi zamanı valideynlərin (yaxud digər qanuni nümayəndələrin) iştirakı zəruridir.
4.8. Müayinədən keçirilmiş uşağa təlim-tərbiyə aldığı (alacağı) və yaxud müalicə olunacağı müəssisəyə göndəriş komissiyanın qərarına əsasən verilir.
Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin