
Publik hüquqi şəxslər haqqında Qanun
Məktəbşünas
Müəllif
Publik hüquqi şəxslər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Maddə 1. Bu Qanunun tətbiq dairəsi
1.1. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə uyğun olaraq, publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydalarını müəyyən edir.
1.3. Bu Qanun Azərbaycan Respublikasının Mərkəzi Bankına “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməyən hissələrdə tətbiq edilir. Digər hüquqi aktlarda publik hüquqi şəxslərə aid müddəalar Azərbaycan Respublikasının Mərkəzi Bankına o halda şamil olunur ki, həmin hüquqi aktlarda bu barədə xüsusi qeyd edilsin.
Maddə 2. Bu Qanunda istifadə edilən anlayışlar
2.1. Publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur.
2.2. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.
Maddə 3. Publik hüquqi şəxsin fəaliyyəti
3.1. Publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin.
3.2. Publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulduğu halda təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.
3.3. Publik hüquqi şəxsin mənfəəti onun nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə müvafiq olaraq dövlət büdcəsinə və yerli büdcəyə köçürülə bilər.
3.4. Publik hüquqi şəxs “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyi və hüquqi hərəkətləri həyata keçirdiyi halda, buna görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutur.
Maddə 4. Publik hüquqi şəxsin yaradılması
4.1. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(ali təhsil müəssisələrinə münasibətdə – Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanı,orta ixtisas təhsili müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər təhsil, habelə sosial xidmət və tibb müəssisələrinə münasibətdə –Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, tabeliyində olacağı icra hakimiyyəti orqanı(Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, müvafiq olaraq, digər təhsil müəssislərinə münasibətdə – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, sosial xidmət müəssisələrinə münasibətdə –Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, tibb müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi) və dövlət adından yaradılan publik hüquqi şəxs, digər publik hüquqi şəxslərə münasibətdə – Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanı və dövlət adından yaradılan publik hüquqi şəxs), bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır.
4.3. Bu Qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, publik hüquqi şəxsin yaradılması ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
4.4. Publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı(Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müəyyən etdiyi bölgü üzrə bu orqana bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti) tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. Müvafiq icra hakimiyyəti orqanı(Azərbaycan Respublikasının Prezidenti) tərəfindən yaradılan publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçirilir.
Maddə 5. Publik hüquqi şəxsin hüquq qabiliyyəti
5.1. Publik hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla mülki vəzifələr daşıyır və publik hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
5.2. Publik hüquqi şəxs yalnız nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət ilə məşğul ola bilər.
5.4. Publik hüquqi şəxs müflis elan oluna bilməz.
Maddə 6. Publik hüquqi şəxsin nizamnaməsi
6.1. Müxtəlif sahələr üzrə publik hüquqi şəxsin nümunəvi nizamnaməsi müvafiq icra hakimiyyəti orqanı(Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər hallarda Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən oluna bilər.
6.2. Publik hüquqi şəxsin nizamnaməsində aşağıdakılar göstərilir:
6.2.1. adı, olduğu yer və publik hüquqi şəxs olduğu;
6.2.2. nizamnamənin qəbulu və ona dəyişikliklərin edilməsi qaydası;
6.2.3. fəaliyyətin istiqamətləri, hüquq və vəzifələri;
6.2.4. idarə olunma qaydası;
6.2.5. publik hüquqi şəxsin üzərində nəzarətin forması və əhatə dairəsi;
6.2.6. nizamnamə fondu;
6.2.7. əmlakının formalaşma mənbələri, maliyyə fəaliyyətinin əsasları, publik hüquqi şəxsin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətlərinin tənzimlənən qiymət olub-olmaması;
6.2.8. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak etmək hüququ (verildiyi halda);
6.2.8-1. bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş müddəa;
6.2.9. publik hüquqi şəxsin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması qaydası;
6.2.10. ləğvi və yenidən təşkili qaydası.
6.3. Dövlətin adından yaradılan publik hüquqi şəxsin nizamnaməsi müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(ali təhsil müəssisələrinə münasibətdə – Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanı,orta ixtisas təhsili müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər təhsil, habelə sosial xidmət və tibb müəssisələrinə münasibətdə –Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, tabeliyində olacağı icra hakimiyyəti orqanı(Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, müvafiq olaraq, digər təhsil müəssislərinə münasibətdə – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, sosial xidmət müəssisələrinə münasibətdə –Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, tibb müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi) və dövlət adından yaradılan publik hüquqi şəxs, digər publik hüquqi şəxslərə münasibətdə – Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanı və dövlət adından yaradılan publik hüquqi şəxs) tərəfindən, bələdiyyə adından yaradılan publik hüquqi şəxsin nizamnaməsi isə müvafiq bələdiyyə tərəfindən təsdiq edilir.
6.4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətləri göstərən (hüquqi hərəkətləri həyata keçirən) müvafiq icra hakimiyyəti orqanı(Azərbaycan Respublikasının Prezidenti) tərəfindən yaradılan publik hüquqi şəxsin əməkdaşları nizamnaməsində nəzərdə tutulmuş halda dövlət qulluqçularına bərabər tutulurlar.
Maddə 7. Publik hüquqi şəxsin əmlakı
7.1. Publik hüquqi şəxsin nizamnamə fondu təsisçi (təsisçilər) tərəfindən verilmiş əmlak hesabına formalaşdırılır.
7.2. Publik hüquqi şəxsin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər.
7.3. Publik hüquqi şəxsin əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsi qaydası onun nizamnaməsi ilə müəyyən edilir.
7.4. Publik hüquqi şəxslərə verilmiş müvafiq olaraq dövlət və bələdiyyə əmlakı onlar tərəfindən yalnız nizamnamədə müəyyən edilmiş məqsədlərə uyğun olaraq istifadə edilir.
Maddə 8. İdarəçilik
8.1. Publik hüquqi şəxsin idarə edilməsi qaydası onun nizamnaməsi ilə müəyyən edilir.
8.2. Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aşağıdakılar aiddir:
8.2.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
8.2.2. idarəetmə orqanlarının yaradılması;
8.2.2-1. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi(Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) tabeliyində yaradılan publik hüquqi şəxsə münasibətdə həmin dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər);
8.2.3. inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi;
8.2.4. strukturun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi;
8.2.5. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;
8.2.6. xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verilməsi;
8.2.7. bu Qanunun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi(Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) tabeliyində yaradılan publik hüquqi şəxsə münasibətdə həmin dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər);
8.2.8. publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi.
8.3. Publik hüquqi şəxsin təsisçisi bu Qanunun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərinin (onların bir hissəsinin) həyata keçirilməsini müəyyən etdiyi orqana (quruma, o cümlədən publik hüquqi şəxsin özünə) verə bilər.
8.4. Bu Qanunun 6.4-cü maddəsi nəzərə alınmaqla, idarəetmə orqanlarının rəhbərləri (üzvləri) Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş tələblərə cavab verməlidirlər.
8.5. Publik hüquqi şəxsin əmlakı üzərində rəhbərin sərəncam vermək hüququnun müəyyən şərtlərlə məhdudlaşdırılması nizamnamədə nəzərdə tutula bilər.
Maddə 9. Publik hüquqi şəxsin yenidən təşkili və ləğvi
Publik hüquqi şəxsin ləğvi və yenidən təşkili ilə bağlı məsələlər onun nizamnaməsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2015-ci il № 97-VQ
Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.

