
Qarabağ Universiteti “SOCGOV 2026” beynəlxalq forumunda təmsil olunub
Ali təhsil müəssisələrimizin beynəlxalq təhsil bazarında tanıdılması, qlobal akademik əməkdaşlıqları izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizin beynəlxalq sərgilərdəki təmsilçiliyi, qəbul qaydalarından xəbərdar olmaq üçün bizi izləyin.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşkilatçılığı ilə Xankəndi Konqres mərkəzində “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Qarabağ Universitetindən bildirilib.
Müxtəlif ölkələrdən dövlət rəsmilərini, beynəlxalq təşkilatların nümayəndələrini, yerli və xarici ekspertləri bir araya gətirən forum sosial xidmətlərdə süni intellektin və rəqəmsal analitikanın tətbiqi, dövlət idarəçiliyində innovativ həllər, eləcə də məlumatlara əsaslanan qərar qəbuletmə mexanizmlərinin inkişafı məsələlərinə həsr olunub.
Forumun açılış mərasimində Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər rəsmi şəxslər çıxış ediblər. Çıxışlarda rəqəmsal transformasiyanın dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsində rolu, sosial siyasətdə süni intellektin tətbiqi və vətəndaşyönümlü idarəetmə modellərinin inkişafı vurğulanıb.
Tədbirdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov və universitetin nümayəndələri də iştirak ediblər. Forum çərçivəsində Qarabağ Universiteti və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə “Süni intellektdə gələcəyin idarəetməsi: proaktiv yanaşmalar və yeni imkanlar” mövzusunda panel sessiya keçirilib.
Sessiyada Qarabağ Universitetinin Tədqiqat və innovasiyalar mərkəzinin direktoru Ceyhun Məmmədov çıxış edərək, süni intellektdən səmərəli istifadə üçün müasir texnologiyaların elmi tədqiqatlarla, innovativ həllərlə və insan kapitalının inkişafı ilə əlaqələndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, universitetlər bu prosesdə yeni biliklərin yaradılması, rəqəmsal bacarıqların formalaşdırılması və elmi ideyaların praktik həllərə çevrilməsi baxımından mühüm rol oynayır.
O, Qarabağ Universitetinin tədqiqat və innovasiya fəaliyyətinin inkişafının, akademik biliklərin praktik tətbiqinin və müxtəlif tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. C.Məmmədov bildirib ki, süni intellektin imkanlarından məsuliyyətli və məqsədyönlü istifadə rəqəmsal transformasiyanın daha dayanıqlı və insan mərkəzli əsaslarla həyata keçirilməsinə töhfə verə bilər.
“SOCGOV 2026” beynəlxalq forumu dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi, qabaqcıl beynəlxalq təcrübələrin bölüşülməsi və sosial xidmətlərin daha əlçatan, çevik və şəffaf təşkili istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

