
Qarabağ Universitetinin tələbələri Türkiyədə keçirilən yarışda qalib olublar
Ali təhsil müəssisələrində tələbələrin innovativ layihələrini, inklüziv texnologiyaların inkişafını və beynəlxalq arenadakı qələbələrini izləmək üçün direktor.az-a abunə olun. Elm və ali təhsil idarəçiliyi, universitetlərdə startap və texnoloji ekosistemin formalaşması ilə bağlı rəsmi xəbərlər üçün bizi izləməyə davam edin.
Türkiyədə keçirilən TEKNOFEST çərçivəsində təşkil olunan “NSosyal Sosial İnnovasiya Yarışması”nda Qarabağ Universitetini təmsil edən “Chevir” komandası nailiyyət əldə edib.
Direktor.az xəbər verir ki, universitetin gəncləri “Sosial süni intellekt” kateqoriyası üzrə üçüncü yerə layiq görülüblər.
Yarışmanın ilkin seçim mərhələsində 100 mümkün baldan 95-ni toplayan təmsilçilərimiz 332 iştirakçı komanda arasından fərqlənərək finala vəsiqə qazanan 22 komandadan biri olub. Yüksək rəqabət şəraitində keçən final mərhələsində isə ən yaxşı üçlükdə qərarlaşaraq universitetin adını qürurla ucaldıblar. Qaliblərin təltifetmə mərasiminin sentyabrın 30-da Şanlıurfa şəhərində baş tutması nəzərdə tutulur.
Komanda yarışmaya sosial şəbəkələrdə inklüzivliyi artırmağa hesablanmış innovativ təşəbbüslə qatılıb. Süni intellekt texnologiyalarına əsaslanan “Azərbaycanca işarə dili” layihəsi eşitmə qabiliyyəti məhdud olan şəxslərlə digər istifadəçilər arasındakı qarşılıqlı ünsiyyət baryerini aradan qaldırmağı və işarə dilinin rəqəmsal platformalarda əsas məzmun növlərindən birinə çevrilməsini hədəfləyir.
Qeyd edək ki, layihə universitetin Kompüter mühəndisliyi ixtisasının III kurs tələbələri Elnur Məmmədov, Məhəmməd Əkbərli və Gülşən Xəlilova tərəfindən hazırlanıb. Komandaya rəhbərliyi və mentorluğu isə Nigar Alışzadə həyata keçirib.
Bu nəticə Qarabağ Universitetinin gənc mühəndislərinin sosialyönümlü və insan-mərkəzli müasir texnologiyalar üzrə qlobal miqyasda rəqabət aparmaq gücündə olduğunu bir daha təsdiqləyir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin