
Stasionar təhsilinin təşkili Qaydaları Qərar № 413

Məktəbşünas
Müəllif
Sağlamlıq imkanları məhdud şəxslər stasionar müəssisələrdə uzunmüddətli (21 gündən artıq) stasionar müalicədə olarkən, həmin şəxslərin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ərazi üzrə psixoloji-tibbi-pedaqoji komissiyalarının qərarı əsasında müvafiq tədris proqramlarına uyğun təhsil almaları təşkil edilir.
Sağlamlıq imkanları məhdud şəxslərin stasionar müəssisələrdə olduqları dövrdə təhsilinin təşkili Q A Y D A S I
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Bu Qayda “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və sağlamlıq imkanları məhdud şəxslərin stasionar müalicə-profilaktika və ya reabilitasiya müəssisələrində (bundan sonra – stasionar müəssisələrdə) olduqları dövrdə təhsilinin təşkili ilə əlaqədar məsələləri tənzimləyir.
2. Sağlamlıq imkanları məhdud şəxslər stasionar müəssisələrdə uzunmüddətli (21 gündən artıq) stasionar müalicədə olarkən, həmin şəxslərin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) ərazi üzrə psixoloji-tibbi-pedaqoji komissiyalarının qərarı əsasında müvafiq tədris proqramlarına uyğun təhsil almaları təşkil edilir.
3. Stasionar müəssisələrdə təhsilin təşkilinə ümumi metodik rəhbərlik və keçirilən dərslərə nəzarət müvafiq olaraq Nazirliyin Bakı şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri (bundan sonra – yerli idarəetmə orqanları) tərəfindən həyata keçirilir.
4. Stasionar müəssisələrdə 21 gündən artıq qalması nəzərdə tutulan sağlamlıq imkanları məhdud şəxslər barədə məlumatlar müəssisənin rəhbərliyi tərəfindən ərazi üzrə Nazirliyin yerli idarəetmə orqanlarına təqdim olunur.
5. Stasionar müəssisələrdə təhsilin təşkili və ona rəhbərlik stasionar müəssisələrin yaxınlığında yerləşən ümumi təhsil müəssisələri (bundan sonra – məktəb) tərəfindən həyata keçirilir.
6. Stasionar müəssisələrdə pedaqoji fəaliyyətə “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 156 nömrəli Qərarına uyğun olaraq pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslər buraxılırlar.
7. Stasionar müəssisələrdə ümumi təhsil proqramı ilə tədrisi həyata keçirən müəllimlərin dərs saatına mütənasib olaraq vəzifə maaşına 15 faiz, xüsusi təhsil proqramı ilə tədrisi həyata keçirən müəllimlərin vəzifə maaşına isə 50 faiz əlavə ödənilir.
8. Sağlamlıq imkanları məhdud şəxslərlə təhsil qrup şəklində və ya fərdi formada təşkil edilir. Qrup dərsi eyni sinifdən olan 4-15 nəfər sağlamlıq imkanları məhdud şəxs olduqda aparılır.
9. Müalicə aparılan şöbədə 4 nəfərdən 15 nəfərədək I-IV sinif şagirdləri olarsa, komplekt sinif təşkil edilir.
10. V-XI sinif şagirdləri üçün qrup dərsi iki sinfin birləşdirilməsi yolu ilə aparılır (V-VI, VI-VII, VII-VIII, VIII-IX, IX-X, X-XI).
11. Stasionar müəssisələrdə sağlamlıq imkanları məhdud şəxslərlə dərslərin başlanması vaxtı və təhsilin təşkili forması xəstənin səhhətindən asılı olaraq, müalicə həkiminin yazılı rəyi əsasında baş həkim tərəfindən bu Qaydanın 12-ci hissəsi nəzərə alınmaqla müəyyən edilir. Bu barədə xəstəlik tarixində qeyd aparılır.
12. Müəllimlər sağlamlıq imkanları məhdud şəxslərlə dərsləri onların vəziyyətini nəzərə alaraq baş həkimlə razılaşdırılmış cədvəl üzrə təşkil edir. Hər bir sağlamlıq imkanları məhdud şəxsin gündəlik dərs yükü I-IV siniflərdə 2 saatdan, V-IX siniflərdə 3 saatdan, X-XI siniflərdə 3,5 saatdan çox olmamalıdır.
13. Stasionar müəssisələrdə baş həkim təhsilin bu Qaydaya uyğun təşkili üçün müvafiq şərait yaradır və dərs cədvəlini təsdiq edir.
14. Stasionar müəssisələrdə sağlamlıq imkanları məhdud şəxslərlə aparılan həftəlik dərs saatlarının miqdarı aşağıdakı kimidir:
Siniflər | Fərdi dərslər (saat) | Qrup dərsləri (saat) |
I-III | 3 | 12 |
IV | 4 | 12 |
V | 4 | 18 |
VI-VII | 5 | 18 |
VIII | 5 | 18 |
IX | 6 | 18 |
X-XI | 6 | 21 |
15. Stasionar müəssisələrdə sağlamlıq imkanları məhdud şəxslər müvafiq sinif proqramlarına uyğun dərslərə cəlb edilirlər.
16. Sağlamlıq imkanları məhdud şəxslərlə aparılan dərslərin qeydiyyatı üçün sinif jurnalı ayrılır. Bu jurnalda dərsi aparan müəllim stasionar müəssisəyə daxil olmuş sağlamlıq imkanları məhdud şəxslər haqqında məlumatları (soyadı, adı, atasının adı, doğulduğu il, məktəbin nömrəsi, sinfi, stasionar müəssisəyə daxil olduğu tarix, dərslərin başlanması və bitməsi vaxtı, keçirilən dərs saatlarının miqdarı, keçilmiş mövzular və şagirdlərin biliyinin qiymətləndirilməsinin nəticələri) qeyd edir.
17. Stasionar müəssisələrdən evə yazılandan sonra sağlamlıq imkanları məhdud şəxslər haqqında bu Qaydanın 16-cı hissəsində qeyd olunan məlumatlar həmin uşağın təhsil aldığı məktəbə göndərilir.
18. Stasionar müəssisələrdə tədrisin təşkili ilə bağlı tələb edilən dərs ləvazimatları dövlət tərəfindən təmin olunur.

Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin