
Təhsil haqqında Qanun IVFəsil - Təhsilin iqtisadiyyatı
Məktəbşünas
Müəllif
IV fəsil. Təhsilin iqtisadiyyatı
Maddə 37. Təhsil sistemində mülkiyyət münasibətləri
37.1. Təhsil müəssisəsinin əmlakı dövlət, bələdiyyə, təsisçilər, hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən, eləcə də qanunvericiliklə qadağan olunmayan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir.
37.2. Təhsil müəssisəsi təsisçi tərəfindən torpaq sahəsi, bina və qurğular, avadanlıq, təhsil, istehsal, sosial, mədəni, tibb, iaşə və idman obyektləri, maddi-texniki baza və digər əmlakla təmin edilir.
37.3. Təhsil müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Təhsil müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir.
37.4. Dövlət təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və genişləndirilməsi dövlət büdcəsinin vəsaitləri və büdcədənkənar vəsaitlər hesabına həyata keçirilir.
37.5. Təhsil müəssisəsi göstərdiyi xidmətlər (təhsil, elmi tədqiqat, məsləhət-konsaltinq, müalicə-profilaktik və digər xidmətlər) nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri və s. əldə edə bilər.
37.6. Dövlət mülkiyyətində olan təhsil müəssisəsinin (məktəbəqədər təhsil müəssisələri istisna olunmaqla) özəlləşdirilməsi qadağandır.
37.7. Dövlət təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitlər hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.
37.8. Dövlət təhsil müəssisəsinin istifadəsinə verilmiş əmlakın geri qaytarılması qanunvericiliklə tənzimlənir.
37.9. Təhsil müəssisəsinin müflis elan edilməsi müvafiq qanunvericiliyə uyğun həyata keçirilir.
Maddə 38. Təhsil müəssisəsinin maliyyələşdirilməsi
38.1. Dövlət təhsilin inkişafına dövlət büdcəsindən və digər mənbələrdən vəsaitlər ayırır.
38.2. Təhsil müəssisəsi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.
38.3. Dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər.
38.4. Dövlət təhsil müəssisəsinin maliyyələşdirilməsi təhsilin hər pilləsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu normativlər təhsil müəssisəsinin tipinə, növünə və kateqoriyasına uyğun olaraq hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir.
38.5. Zəruri hallarda müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) qərarı ilə azkomplektli dövlət ümumi təhsil müəssisələri mövcud normativlərdən üstün maliyyələşdirilə bilər.
38.6. Dövlət təhsil müəssisəsi nizamnaməsinə uyğun olaraq, ödənişli təhsildən əldə olunan və digər büdcədənkənar vəsaitlərin xərclənməsi istiqamətlərini və işçilərin maddi həvəsləndirilməsinə ayırmaların xüsusi çəkisini sərbəst müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardımlar göstərir.
38.7. Dövlət təhsil müəssisəsinin inkişafına, təhsilalanların təhsil haqlarının və təhsillə bağlı xərclərinin ödənilməsinə uzunmüddətli və fərdi kreditlər verilməsini, elmi tədqiqat işlərinin aparılması, doktorantura proqramlarının maliyyələşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və digər məqsədlər üçün müvafiq qaydada qrantlar ayrılmasını təmin edir. Kreditlərin və qrantların verilməsi qaydaları və şərtləri müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. Dövlət təhsil və elmi tədqiqat qrantları təhsil müəssisəsinin digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilə bilməz.
38.8. Dövlət təhsil sahəsinə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılmasını təmin edir və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər verilir.
38.9. Təhsil sisteminə xarici investisiya qoyuluşu qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
38.10. Təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.
Maddə 39. Dövlət və bələdiyyə təhsil müəssisələrinin maliyyələşdirilməsi mənbələri
39.0. Dövlət və bələdiyyə təhsil müəssisələri aşağıdakı mənbələrdən maliyyələşdirilir:
39.0.1. qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin və yerli büdcənin vəsaitləri;
39.0.2. ödənişli təhsildən daxil olan vəsaitlər;
39.0.3. hüquqi və fiziki şəxslərin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin qanunvericiliyə uyğun olaraq verilən qrantları, vəsiyyət olunan vəsaitləri, ianələri və yardımları;
39.0.4. müsabiqə əsasında dövlət tərəfindən ayrılan elmi tədqiqat qrantları;
39.0.5. təhsil müəssisəsinin təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə etdiyi vəsaitlər;
39.0.6. hüquqi və fiziki şəxslərin müqavilə əsasında mütəxəssis hazırlığı, ixtisasartırma və kadrların yenidən hazırlanması üçün ayırdıqları vəsait;
39.0.7. dövlət orqanları tərəfindən maliyyələşdirilən məqsədli proqramlar və layihələr üzrə əldə olunan vəsaitlər;
39.0.8. təhsil müəssisəsinin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan digər əmlakın satışından qanunvericiliyə uyğun olaraq əldə edilən vəsaitlər;
39.0.9. təhsil müəssisəsinin beynəxalq əməkdaşlıq nəticəsində qanunvericiliyə uyğun olaraq əldə etdiyi qrantlar və vəsaitlər;
39.0.10. qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.
Maddə 40. Özəl təhsil müəssisəsinin maliyyələşdirilməsi
40.1. Özəl təhsil müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:
40.1.1. təhsil xidmətlərinə görə əldə etdiyi vəsaitlər;
40.1.2. təsisçilərin (himayəçilərin) vəsaitləri;
40.1.3. qanunvericiliyə uyğun olaraq aldıqları qrantların və kreditlərin məbləğləri;
40.1.4. hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və bağışladıqları hədiyyələr;
40.1.5. təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə etdikləri vəsaitlər;
40.1.6. qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına əldə olunan vəsaitlər.
40.2. Özəl təhsil müəssisəsi öz maliyyə vəsaitlərini sərbəst idarə edir.
40.3. Özəl təhsil müəssisəsi təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil proqramlarına uyğun olaraq sərbəst müəyyən edir.
40.4. Özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.
Maddə 41. Təhsil müəssisəsinin sahibkarlıq və innovasiya fəaliyyəti
41.1. Təhsil müəssisəsi öz nizamnaməsi çərçivəsində profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə və innovasiya fəaliyyəti ilə məşğul ola bilər.
41.2. Təhsil müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən sərbəst istifadə etmək hüququna malikdir. Dövlət təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına, təhsilalanların həvəsləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir.
41.3. Təhsil müəssisəsi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxslər yarada bilər və ya başqa hüquqi şəxslərin fəaliyyətində iştirak edə bilər.
41.4. Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün təhsil müəssisəsinin nəzdində müvafiq təcrübə-istehsalat sahələri yaradıla, əlavə məşğələlər keçirilə, ödənişli əsaslarla dərnəklər, maraq kursları, sərgilər və s. təşkil oluna bilər.
41.5. Təhsil müəssisəsi işçilərinin səmərələşdirici təkliflərlə çıxış etmək və innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququ vardır.
Maddə 42. Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi
42.1. Təhsil müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanı(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) tərəfindən məhkəmədə iddia qaldırıla bilər.
Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.

