
Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək Qaydaları № 10
Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.28-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Təhsil müəssisələrinin öz nizamnamələri çərçivəsində profil və fəaliyyət istiqamətlərinə uyğun olaraq, əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən aşağıdakı sahibkarlıq fəaliyyəti növləri müəyyən edilsin:
- ödənişli əlavə təhsil;
- məsləhət-konsaltinq xidmətlərinin göstərilməsi;
- təhsil məhsulunun (təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri) satışı;
- elmi tədqiqat və təcrübi-konstruktor işləri;
- elmi-praktiki tədbirlərin təşkili;
- nəşriyyat-poliqrafiya işləri;
- tədris prosesində və ya təhsil müəssisələrinin tədris-istehsalat və xidmət sahələrində istehsal edilmiş məhsulların satışı, iş və xidmətlərin göstərilməsi;
- dövlət ümumi təhsil proqramlarında nəzərdə tutulmayan bilik və bacarıqların tədrisi və qiymətləndirilməsi, o cümlədən beynəlxalq təhsil proqramlarının tətbiqi;
- ümumi təhsil müəssisələrində məktəbə hazırlıq qruplarının, idman seksiyalarının və yaradıcılıq dərnəklərinin təşkili;
- təhsil müəssisələrinin idman zalları və meydançalarından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlarda təyinatı üzrə digər tədbirlərin həyata keçirilməsi üçün istifadə edilməsi;
- təhsil müəssisəsinin profilinə və fəaliyyət istiqamətlərinə ziddiyyət təşkil etməyən iş və xidmətlərin göstərilməsi.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 19 yanvar 2010-cu il № 10
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin