
Ümumi təhsil müəssisələrində dәrnәklәrin təşkili Qaydası ƏMR F-382+ PDF
Məktəbşünas
Müəllif
Ümumi təhsil müəssisələrində dәrnәklәrin təşkili Qaydası
Elm və Təhsil nazirinin 20 iyun 2022-ci il tarixli F-382 nömrəli əmri ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına әsasәn hazırlanmışdır və ümumi təhsil müəssisələrində dәrnәklәrin təşkili qaydasını tənzimləyir.
1.2. Dərnək tәhsilalanların mövcud potensiallarının inkişafı, dünyagörüşünün genişləndirilməsi üçün lazımi şəraitin yaradılması, tәdris proqramları әsasında qazandıqları bilik vә bacarıqların artırılması, onlarda seçdiyi sahə üzrə yaradıcılıq vә tәtbiqetmә səriştələrinin formalaşdırılması və inkişafına kömək məqsədilə yaradılır.
1.3. Ümumi təhsil müəssisəsində dərnəklər dövlət büdcәsinin vәsaiti hesabına, eləcə də ödәnişli vә ictimai әsaslarla tәşkil oluna bilәr.
1.4. Özəl ümumi təhsil müəssisələrində dərnəklər bu Qaydanın tələblərini əsas götürməklə həmin müəssisələrin nizamnamələrinə və daxili qaydalarına uyğun təşkil olunur.
2. Dərnəyin komplektləşdirilməsi
2.1. Dərnəklər komplektləşdirilərkən şagirdlərin meyil və maraqları nəzərə alınır. Şagirdlərin meyil və maraqları sorğu qaydasında müəyyən edilir.
2.2. Dərnəklər ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə maddi-texniki və tədris bazası (dərnəklərin təşkili üçün vacib olan qurğu, avadanlıq, alət və digər uyğun vasitələrin məktəbdə mövcudluğu və s.), müvafiq kadr potensialı və ayrılmış ştat vahidləri (stavkası) nəzərə alınmaqla incәsәnәt, bədii və texniki yaradıcılıq, idman növləri və digər sahələr üzrə yaradılır.
2.3. Ümumi təhsil müəssisəsi bu Qaydanın 2.2-ci bəndində göstərilən şərtləri nəzərə almaqla nümunəvi sorğu anketi formasına uyğun dərnəklərin istiqamətlərini özündə əks etdirən sorğu anketini hazırlayır.
2.4. Ümumi təhsil müəssisəsi sorğu anketi əsasında tədris ilinin ilk 10 günündə şagirdlər arasında sorğu keçirərək nəticələri protokollaşdırır. Sorğunun nəticələri Pedaqoji Şura tərəfindən 5 gün ərzində müzakirə edilərək dərnəklərin yaradılması ilə bağlı qərar qəbul edilir.
2.5. Təhsil müəssisəsində fəaliyyət göstərən dərnəklər barədə təhsilalanlar və onların valideynləri (digər qanuni nümayəndələri) tədris ilinin əvvəlində məlumatlandırılırlar.
2.6. İbtidai, ümumi orta vә tam orta tәhsil sәviyyәsindә tәhsil alan şagirdlәrin dərnəyə qəbulu və xaric edilməsi könüllülük prinsipi әsasında valideynlərin (digər qanuni nümayəndələrin) ərizəsinə əsasən məktəbin direktorunun əmri ilə həyata keçirilir.
2.7. Dәrnәklәr, bir qayda olaraq, 8 nәfәrdәn az olmamaqla komplektlәşdirilir.
2.8. Dərnək komplektləşdirilərkən şagirdlərin maraq, istedad, intellekt səviyyəsinin hər hansı şəkildə ölçülməsi aparılmır.
2.9. Eyni bir dərnəyə müxtəlif siniflərdən olan şagirdlər cəlb edilə bilər.
2.10. Üzrsüz səbəbdən ardıcıl 10 saatdan artıq dərnək məşğələlərində iştirak etməyən şagirdlər dərnək rəhbərinin təqdimatı əsasında direktorun əmri ilə dərnəkdən xaric olunur.
2.11. İdman istiqamәtli dәrnәklәrә cәlb edilmiş şagirdlәr üçün onların sağlamlığı barәdә tibbi arayış tәqdim olunmalıdır.
2.12. Şagird dərnəyə qəbul edildiyi tarixdən bir ay ərzində cəlb olunduğu dərnək istiqamətini dəyişə bilər.
2.13. Tədris ilinin birinci yarımili ərzində Şagirdlərin dərnəkdən çıxması səbəbindən şagird sayı 8 nəfərdən az olduqda, 1 ay müddətində dərnək yenidən komplektləşdirilə bilər, bu mümkün olmadıqda isə, dərnəyin fəaliyyəti dayandırılır. Tədris ilinin ikinci yarımili ərzində şagirdlərin dərnəkdən çıxması ilə bağlı dərnəkdə şagird sayı 5 nəfərdən aşağı düşərsə, onun fəaliyyəti dayandırılır.
3. Dərnəyin işinin təşkili və idarəolunması
3.1. Dәrnәkləri ümumi təhsil müəssisəsinin direktorunun әmri ilә vəzifəyə təyin edilən və vəzifədən azad edilən dərnək rəhbəri idarə edir. Dərnək rəhbəri dərnəyin spesifikası və istiqaməti nəzərə alınaraq ümumi təhsil müəssisəsinin müəllimləri sırasından və ya kənardan dəvət olunan müvafiq ixtisasa və təcrübəyə malik mütəxəssis təyin edilə bilər. Hər hansı dərnəyə rəhbər təyin olunarkən (müəllim, yaxud kənardan dəvət olunan mütəxəssis) onun dərnəyin istiqamətinə, məzmun və mahiyyətinə uyğun səriştə və peşəkarlığa malik olmasını təsdiq edən sənədlər (diplom, sertifikat və s.) nəzərə alınır.
3.2. Dәrnәklәr fəaliyyətlərini ilin əvvəlindən ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının təsdiq etdiyi dərnəyin proqramına (illik iş planına) uyğun həyata keçirirlər. Dərnəklər dәrsdәnkәnar vaxtlarda vә direktor tәrәfindәn tәsdiq olunmuş cәdvәl üzrә aparılır. Dәrnәk mәşğәlәlәri vә şagirdlәrin davamiyyәti müvafiq jurnalda qeyd edilir.
3.3. Dәrnәklәrin fəaliyyətinə ümumi rәhbәrlik vә nәzarәt təhsil müəssisəsi üzrə müvafiq əmrlə direktor müavinlәrindәn birinə həvalə olunur.
3.4. Dərnək rəhbəri:
3.4.1. tədris ilinin əvvəlində dərnəyin proqramını (illik iş planını) təsdiq üçün Pedaqoji Şuraya təqdim edir;
3.4.2. məşğələlərin proqrama (illik iş planına) uyğun aparılmasını təmin edir;
3.4.3. şagirdlərin dərnək məşğələsində iştirak etdiyi müddətdə onların davamiyyətinə, sağlamlığına, təhlükəsizlik texnikasına düzgün əməl olunmasına məsuliyyət daşıyır;
3.4.4. dərnək məşğələlərində şagirdlərin fərdi-psixoloji xüsusiyyətlərini nəzərə alır, onların potensial imkanlarından səmərəli istifadə etməklə inkişaflarını düzgün istiqamətləndirir;
3.4.5. dərnək iştirakçılarının (müdavimlərinin) müxtəlif yarış və müsabiqələrdə fəal iştirakını təmin edir;
3.4.6. dərnəyin jurnalını və digər nəzərdə tutulmuş sənədləşmələri aparır;
3.4.7. təsdiq olunmuş iş rejiminə müvafiq digər tədbirləri həyata keçirir;
3.4.8. tədris ilinin sonunda dərnəyin fəaliyyəti barədə illik hesabatı Pedaqoji Şuranın müzakirəsinə təqdim edir.
4. Dərnəklərin fəaliyyətinin qiymətləndirilməsi
4.1. Dәrnәklәrin tədris ilinin birinci yarısı və tam tədris ili üçün fəaliyyəti qiymətləndirilir.
4.2. Qiymətləndirmə aşağıdakı parametrlər üzrə aparılır:
4.2.1. dərnəkdə iştirak sayı;
4.2.2. dərnəyin əhatə dairəsi;
4.2.3. dərnək proqramının (illik iş planının) icrası vəziyyəti;
4.2.4. tədris ilinin sonunda müdavimlərin yaradıcılıq hesabatları;
4.2.5. şagirdlərin dərnəklərin təyinatına uyğun məktəb, rayon (şəhər), ölkə, beynəlxalq miqyaslı müxtəlif yarış, müsabiqə, olimpiada, yaradıcılıq festivallarında, elmi praktik konfrans və s. tədbirlərdə iştirakı və əldə etdikləri nəticələr;
4.2.6. dərnəyin və şagirdlərin fəaliyyətinə dair təqdimatlar.
4.3. Dərnəklərin tədris ilinin birinci yarısı üçün fəaliyyətinin qiymətləndirmə nəticələri dərnəklərə ümumi rәhbәrlik vә nәzarәti həyata keçirən təhsil müəssisəsinin direktor müavininin iştirakı ilə müzakirə olunur və müvafiq qərarlar qəbul edilir.
4.4. Dərnəklərin tam tədris ili üçün fəaliyyətinin qiymətləndirmə nəticələri təhsil müəssisəsinin Pedaqoji Şurasının iclasında müzakirə olunur və dərnəklərin fəaliyyətinin qənaətbəxş hesab olunub-olunmaması barədə qərar qəbul edilir.
4.5. İllik qiymətləndirmə nəticəsinə əsasən fəaliyyəti qənaətbəxş hesab edilməyən dərnək istiqaməti növbəti tədris ilində təşkil edilmir.
4.6. Dərnək rəhbəri kimi fəaliyyəti qənaətbəxş hesab edilməyən şəxs barədə intizam tədbiri görülür və həmin şəxs növbəti tədris ilində müvafiq dərnək istiqaməti üzrə dərnək rəhbəri təyin edilmir.
4.7. Ümumi təhsil müəssisəsində fəaliyyət göstərən bütün dərnəklər üzrə fəaliyyət qeyri-qənaətbəxş hesab edildikdə ümumi təhsil müəssisəsinin direktoru və bu fəaliyyətə məsul olan direktor müavini barədə intizam tədbiri həyata keçirilir.
Əlavə edilmiş Sənədlər
Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin