
UNEC-də Türkiyə aliminin iştirakı ilə hazırlanan dərslik təqdim olunub
UNEC-də yerli və Türkiyə alimlərinin birgə fəaliyyəti və ali məktəblərdəki mühüm elmi nəşrlər haqqında yeniliklər üçün direktor.az-a abunə olun. Ali təhsil müəssisələrindəki elmi nailiyyətlərdən, yeni dərsliklərdən və rəsmi xəbərlərdən vaxtında məlumat almaq üçün bildirişləri aktiv edin.
UNEC-də Türkiyə aliminin həmmüəllifliyi ilə hazırlanan yeni iqtisadiyyat dərsliyi təqdim olunub.
Direktor.az xəbər verir ki, bu barədə UNEC məlumat yayıb. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ali məktəbin dosenti Azər Mehtiyev, baş müəllimi Ülviyyə Rəsul və Türkiyənin Ankara Hacı Bayram Vəli Universitetinin professoru Atilla Gökçenin müştərək əməyi ilə ərsəyə gələn “İqtisadi dinamikanın əsasları” dərsliyinin təqdimat mərasimi keçirilib. Təhsil ocağının yaranmasının 96-cı ildönümünə ithaf olunan tədbirdə UNEC rektoru, professor Ədalət Muradov, universitetin professor-müəllim heyəti, təhsil ictimaiyyəti və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən rektor Ədalət Muradov müəllif heyətini təbrik edərək yeni nəşrin elmi və pedaqoji çəkisini yüksək qiymətləndirib. Rektor müasir iqtisadçı kadrların formalaşmasında proseslərin zamana bağlı dinamikasının dərindən mənimsənilməsinin strateji əhəmiyyət daşıdığını bildirib. O, vəsaitdə nəzəriyyənin riyazi və analitik metodlarla uğurlu vəhdət təşkil etdiyini, bunun da tələbələrdə iqtisadi hadisələri sistemli təhlil etmək vərdişləri aşılayacağını vurğulayaraq, beynəlxalq akademik əməkdaşlıq çərçivəsində türkiyəli alim Atilla Gökçenin layihədəki rolunu xüsusilə önə çəkib.
Müəlliflər dosent Azər Mehtiyev, baş müəllim Ülviyyə Rəsul və professor Atilla Gökçen kitabın ərsəyə gəlmə mərhələləri və əsas hədəfləri barədə məlumat veriblər. Qeyd olunub ki, müasir elmi standartlara əsaslanan dərslik tələbələrin nəzəri bazasını möhkəmləndirməklə bərabər, onlarda analitik düşüncə və iqtisadi prosesləri modelləşdirmə qabiliyyətini inkişaf etdirməyə yönəlib.
Mərasimdə həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Bağış Əhmədov, UNEC-in “İqtisadiyyat” kafedrasının müdiri, dosent Suqra Hümbətova və rektorun müşaviri, dosent Elşən Bağırzadə çıxış edərək dərslik haqqında fikirlərini bölüşüblər. Çıxışlarda nəşrin iqtisadi təhsildə dinamik metodların öyrənilməsi baxımından dəyərli bir mənbə olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, yeni dərslikdə iqtisadi dinamikanın nəzəri bazası ilə yanaşı, sistemlərin analizi, proseslərin modelləşdirilməsi və müxtəlif müasir iqtisadi modellərin praktiki tətbiqi məsələləri geniş əksini tapıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin