
ATU-da tibb təhsili üzrə tədris proqramlarının yenilənməsi müzakirə olunub
Ali tibb təhsilində aparılan islahatlar, ixtisas standartlarının yenilənməsini izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil müəssisələrimizin fəaliyyəti, kadr hazırlığından xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Tibb Universitetində (ATU) tibb ixtisasları üzrə tədris proqramlarının yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı növbəti görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. ATU-nun rektoru, professor Gəray Gəraybəylinin rəhbərliyi ilə keçirilən görüşdə komissiya üzvləri və əmək bazarının nümayəndələri iştirak ediblər. Rektor ölkəmizdə əsas tibb təhsili səviyyəsi və səhiyyə ixtisasları üzrə təhsil proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılmasının vacibliyini vurğulayıb, bu istiqamətdə həyata keçirilən islahatları diqqətə çatdırıb. O bildirib ki, yeni tələblər müasir tibb elminin inkişafı və səhiyyə sisteminin kadr ehtiyacları nəzərə alınmaqla, ali təhsil müəssisələrində tədrisin məzmununun əsaslı şəkildə təkmilləşdirilməsini zəruri edir. O, təhsil standartlarının hazırlanması zamanı beynəlxalq təcrübənin nəzərə alınmasının, proqramların qlobal tibb təhsili standartlarına uyğunlaşdırılmasının və əmək bazarının tələblərinin əsas götürülməsinin əhəmiyyətini qeyd edib.
Tədris proqramlarının yenilənməsinin üstünlüklərindən bəhs edən rektor Azərbaycan Tibb Universitetinin “Müalicə işi”, “Stomatologiya” və “Əczaçılıq” ixtisasları üzrə qlobal və milli standartlara uyğunlaşdırılmış təhsil proqramları ilə beynəlxalq akkreditasiyadan uğurla keçib. Görüşdə ATU-nun Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsil proqramlarının hazırlanması ilə bağlı müəyyənləşdirilmiş yeni tələblər barədə məlumat verib. Tədris işləri üzrə prorektor, professor Anar Ağayev isə universitetin kadr hazırlığı və təhsil proqramlarının müasirləşdirilməsi istiqamətində strateji əməkdaşlıq təcrübəsindən danışıb. O, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əməkdaşlığı bu baxımdan uğurlu nümunə kimi dəyərləndirib, mövcud təcrübənin digər maraqlı tərəflərlə də genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşün yekununda İşçi Qrupunun yaradılması, qısa müddət ərzində əsas tibb təhsili üzrə standartların yenilənməsinə dair müvafiq təkliflərin hazırlanması və növbəti görüşdə müzakirəyə təqdim edilməsi barədə qərar qəbul olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin