
Elm və təhsil nazirinin müavini “AI Academy”nin məzunlarının təltif olunmasında iştirak edib
Ali məktəblərimizin beynəlxalq diplomatik və akademik əlaqələri, qlobal tərəfdaşlıqlarını izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizin fəaliyyəti, beynəlxalq əməkdaşlıqlardan xəbərdar olmaq üçün bizi izləyin.
Oktyabrın 20-də Milli Süni İntellekt Strategiyasının icrası çərçivəsində “AI Academy”nin ilk “Məzun günü” keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, eləcə də AZCON Holding-in Baş insan resursları inzibatçısı – departament direktoru Elnur Hüseynov iştirak ediblər.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışı zamanı bildirib ki, Azərbaycan öz reallıqlarına və strateji hədəflərinə uyğun olaraq gənclərin inkişafı, onların müasir texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Nazir müavini son illərdə reallaşdırılan təşəbbüs və təlim proqramlarının insan kapitalının gücləndirilməsinə töhfə verdiyini qeyd edib. O, süni intellekt sahəsində təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılmasının, praktiki bacarıqların artırılmasının və gənclərin davamlı öyrənməyə təşviq edilməsinin vacibliyini vurğulayıb.
Çıxışlar zamanı Milli Süni İntellekt Strategiyasının əsas prioritetlərindən biri olan insan kapitalının inkişafı, gənclərin müasir texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılması, eləcə də süni intellekt üzrə yerli mütəxəssislərin hazırlanmasının əhəmiyyəti vurğulanıb.
Tədbirdə həmçinin süni intellekt sahəsində uzunmüddətli rəqabət qabiliyyətinin gücləndirilməsinin yalnız texnoloji infrastrukturun inkişafından deyil, bu texnologiyaları yaradan, tətbiq edən və inkişaf etdirən ixtisaslı mütəxəssislərin yetişdirilməsindən də asılı olduğu diqqətə çatdırılıb. Dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi, tədris proqramlarının əmək bazarının tələblərinə uyğun qurulması və gənclərin innovasiya sahəsində potensialının reallaşdırılması mühüm istiqamətlər kimi qeyd olunub.
Sonda mərasim çərçivəsində ən yüksək akademik nəticə göstərən üç məzun xüsusi mükafatlarla, digər məzunlar isə diplomlarla təltif olunublar. Qeyd edək ki, AZCON Holding-in şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin nəzdində fəaliyyət göstərən “AI Academy” 2025-ci ildə fəaliyyətə başlayıb. Akademiyanın ilk tədris proqramına 8000-dən çox müraciət daxil olub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin