
Əmək Məcəlləsi VI Fəsil -Kollektiv saziş
Məktəbşünas
Müəllif
Altıncı fəsil Kollektiv saziş
Maddə 35. Kollektiv sazişin növləri
Münasibətlərin tənzimlənməsi sahəsindən asılı olaraq aşağıdakı kollektiv sazişlər bağlanıla bilər:
a) Baş kollektiv saziş — respublikada sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən edir.
b) Sahə (tarif) kollektiv sazişi — müvafiq sahənin sosial-iqtisadi inkişafı istiqamətlərini, peşə qrupları, sahənin işçiləri üçün əmək şəraiti və əmək haqqı, sosial təminatları müəyyən edir.
c) Ərazi (rayon) kollektiv sazişi — ərazi xüsusiyyətləri ilə bağlı müəyyən sosial-iqtisadi problemlərin həlli şərtlərini müəyyən edir.
Maddə 36. Kollektiv sazişin tərəfləri
1. Kollektiv saziş aşağıdakı tərəflər arasında bağlanıla bilər:
a) Baş kollektiv saziş – müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)( Azərbaycan Respublikasının Nazirlər Kabineti), həmkarlar ittifaqlarının və işəgötürənlərin ümumrespublika (respublika) birlikləri arasında;
b) Sahə (tarif) kollektiv sazişi — müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(yerli icra hakimiyyətləri, mərkəzi icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər ), həmkarlar ittifaqlarının peşələr, sahələr üzrə birlikləri arasında;
c) Ərazi (rayon) kollektiv sazişi — müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum), həmkarlar ittifaqlarının ərazi birlikləri arasında.
2. Sahə və Ərazi kollektiv sazişləri üçtərəfli — müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)( baş kollektiv sazişə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, sahə kollektiv sazişinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, ərazi kollektiv sazişinə münasibətdə yerli icra hakimiyyətləri), həmkarlar ittifaqları birlikləri və işəgötürənlərin nümayəndəli orqanları (birlikləri) arasında bağlanıla bilər.
Maddə 37. Kollektiv sazişin hazırlanması və bağlanması qaydaları
1. Kollektiv sazişlərin hazırlanması və bağlanması məqsədi ilə danışıqlar aparmaq üçün müvafiq tərəflərin bərabər saylı nümayəndələrindən ibarət komissiya yaradılır.
2. Kollektiv sazişlərin hazırlanması və bağlanması, danışıqların başlama və qurtarma müddəti, o cümlədən həmin sazişlərə dəyişikliklər edilməsi tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilir.
3. Əvvəlki kollektiv sazişin müddətinin qurtarmasına üç ay qalmış tərəflərdən hər biri yeni kollektiv sazişin bağlanması məqsədi ilə danışıqlara başlanması üçün digər tərəfi yazılı surətdə xəbərdar etmək hüququ vardır. Xəbərdarlığı alan tərəf on gündən gec olmayaraq kollektiv sazişin bağlanması haqqında danışıqlara başlamalıdır.
4. Danışıqların qeyri-qənaətbəxş getdiyi və başlanma müddəti pozulduğu hallarda müvafiq həmkarlar ittifaqları birliyinin qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək hüququ vardır.
5. Yeni danışıqlar qüvvədə olan kollektiv sazişin müddəti başa çatanadək qurtarmayıbsa, həmin sazişin qüvvəsi tərəflərin razılığı ilə üç ayadək uzadıla bilər.
6. Bağlanmış kollektiv saziş və ya ona edilmiş əlavələr və dəyişikliklər yeddi gün müddətində müvafiq icra hakimiyyəti orqanına(Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) məlumat üçün göndərilməlidir.
Maddə 38. Kollektiv sazişin məzmunu
1. Kollektiv sazişin məzmunu tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.
2. Tərəflər kollektiv sazişə aşağıdakı öhdəlikləri daxil edə bilər:
a) müvafiq sahələrin, müəssisələrin və fiziki şəxs olan işəgötürənlərin iqtisadi və təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması tədbirlərinin müəyyən edilməsi və həyata keçirilməsi;
b) orta əmək haqqının artım səviyyəsinin inflyasiyaya uyğun təmin edilməsi;
c) əmək normalarının və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi;
ç) kompensasiya və əmək haqqına əlavələrin (dövlət tərəfindən müəyyən olunmuş miqdardan az olmamaq şərtilə) məbləğinin müəyyən edilməsi;
d) əməyin mühafizəsi üzrə zəruri tədbirlərin həyata keçirilməsi;
e) daha əlverişli əmək şəraitinin müəyyən edilməsi;
ə) məşğulluğa kömək göstərilməsi;
f) təsərrüfatçılığın mütərəqqi forma və üsullarının inkişaf etdirilməsi;
g) müəssisələrdə və ya fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində qabaqcıl texnika və texnologiyanın, elmi-texniki tərəqqinin digər nailiyyətlərinin tətbiqi;
ğ) tələbata uyğun və rəqabət qabiliyyətli məhsulların istehsalı;
h) ekoloji təhlükəsizliyin təmin edilməsi;
x) müəssisənin bağlanması və işçilərin kütləvi surətdə işdən azad edilməsi hallarından imtina edilməsi, işdən çıxarılma hallarının qarşısını ala biləcək tədbirlərin görülməsi;
ı) işçilərin və onların ailə üzvlərinin sosial müdafiəsi üzrə xüsusi tədbirlərin görülməsi;
i) əlilliyi olan, işçilərin, gənclərin (yeniyetmələrin) əməyindən istifadə etməklə əlavə iş yerləri yaradan müəssisələrə və ya fiziki şəxs olan işəgötürənlərə güzəştlərin müəyyən olunması;
j) əmək intizamının təmin edilməsi.
Maddə 39. Kollektiv sazişin qüvvəsi
1. Kollektiv saziş bir ildən üç ilədək müddətə bağlanıla bilər.
2. Kollektiv saziş imzalandığı və ya sazişdə göstərilən gündən qüvvəyə minir.
Maddə 40. Kollektiv sazişə əlavələr və dəyişikliklər edilməsi qaydası
1. Kollektiv sazişə əlavələr və dəyişikliklər edilməsi tərəflərin qarşılıqlı razılığı əsasında kollektiv sazişdə müəyyən edilmiş qaydada aparılır. Əgər belə qayda müəyyən olunmayıbsa, əlavələr və dəyişikliklər kollektiv sazişin bağlanması üçün bu Məcəllədə nəzərdə tutulmuş qaydada edilir.
2. Ayrı-ayrı peşə qruplarını əhatə edən müəssisələrin işəgötürənlərinin, fiziki şəxs olan işəgötürənlərin və ya onların birliklərinin və müvafiq həmkarlar ittifaqları birliyinin sahə (tarif) sazişinə qoşulması barədə müraciətləri əsasında, həmin sazişin tərəfləri ona müvafiq dəyişikliklər edə bilərlər.
Maddə 41. Kollektiv sazişin yerinə yetirilməsinə nəzarət
1. Kollektiv sazişin yerinə yetirilməsinə nəzarəti tərəflər və müvafiq icra hakimiyyəti orqanı( Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) həyata keçirir.
2. Nəzarəti həyata keçirən səlahiyyətli şəxslərə bütün zəruri məlumatlar təqdim edilməlidir.
Maddə 41-1. Əmək və sosial məsələlər üzrə üçtərəfli komissiya
Azərbaycan Respublikasında sosial-əmək münasibətlərinin tənzimlənməsinə dəstək vermək, sosial sabitliyi qorumaq, kollektiv danışıqların aparılması və Baş kollektiv sazişin layihəsinin hazırlanması üzrə işləri əlaqələndirmək, sosial təminat sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı məsləhətləşmələr aparmaq və tərəflərin mövqelərini razılaşdırmaq məqsədilə tərəflərin hüquq bərabərliyi prinsipi əsasında müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Nazirlər Kabineti ), həmkarlar ittifaqlarının və işəgötürənlərin ümumrespublika (respublika) birliklərinin birgə qərarı ilə bərabər sayda səlahiyyətli nümayəndələrindən ibarət daimi fəaliyyət göstərən əmək və sosial məsələlər üzrə üçtərəfli komissiya yaradılır.
Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.

