
İdman Akademiyası ilə “Qarabağ” FK Akademiyasının əməkdaşlığı davam edir
İdman təhsili, ali təhsil müəssisələri ilə idman klublarının strateji tərəfdaşlıqlarını izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrinin təşəbbüsləri, idman sahəsindəki layihələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan İdman Akademiyası ilə “Qarabağ” Futbol Klubu Akademiyasının əməkdaşlığı çərçivəsində keçirilən “Futbol məşqçilərinin peşəkar inkişaf proqramı” başa çatıb.
Direktor.az xəbər verir ki, proqramın yekununa həsr olunan tədbirdə ASA-nın rektoru Fuad Hacıyev iştirakçıları salamlayaraq proqramı uğurla başa vuran məşqçiləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor gələcəkdə də bu kimi əməkdaşlıq təşəbbüslərinin davam etdirilməsinin, futbol mütəxəssislərinin bilik və bacarıqlarının inkişafına yönəlmiş layihələrin əhəmiyyətini vurğulayıb.
“Qarabağ” Futbol Klubunun baş direktoru Işık Emrah Çelikel isə layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə ASA rəhbərliyinə təşəkkürünü bildirib. O, iki qurum arasında əməkdaşlığın futbol mütəxəssislərinin hazırlanmasına və məşqçilik fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
ASA-nın tədris işləri üzrə prorektoru Ülkər Babayeva idmanla təhsilin vəhdətinin, eləcə də ömürboyu öyrənmə prinsipinin peşəkar inkişafda rolunu diqqətə çatdırıb. Prorektor müasir dövrdə mütəxəssislərin bilik və bacarıqlarının davamlı şəkildə yenilənməsinin vacibliyini qeyd edib.
Akademiyanın Ömürboyu təhsil şöbəsinin müdiri Lalə Məmmədova 4 əsas istiqamət və 7 modul üzrə təşkil olunan proqramın məqsədinin məşqçilərin nəzəri bilik və praktiki bacarıqlarını təkmilləşdirmək, eləcə də müasir futbolun tələblərinə uyğun peşəkar kompetensiyalarını inkişaf etdirmək olduğunu bildirib.Tədbir çərçivəsində ASA-nın MediaLab komandası tərəfindən hazırlanmış, proqramın təlim prosesini əks etdirən videoçarx nümayiş etdirilib.
Sonra “Qarabağ” Futbol Klubunun baş direktoru Işık Emrah Çelikel ASA-nın rektoru Fuad Hacıyevə “Qarabağ”ın formasını hədiyyə edib.
Yekun qiymətləndirmənin nəticələrinə əsasən, proqramın tələblərini uğurla yerinə yetirən məşqçilərə sertifikatlar təqdim olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin