
İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili QAYDALARI
Məktəbşünas
Müəllif
İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili QAYDALARI
1. İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq inteqrasiya təlimli təhsil müəssisələrində şagirdlərin icbari və peşə (ixtisas) təhsili ilə əlaqədar məsələləri tənzimləyir.
2. Təhsil müəssisəsində psixoloji-pedaqoji və tibbi göstəricilərə (əks göstəricilərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait varsa, həmin müəssisənin xüsusi siniflərində sağlamlıq imkanları məhdud şəxslər üçün inteqrasiyalı təhsil təşkil edilir.
3. Azərbaycan Respublikasında inteqrasiyalı təlimin inkişafı dövlət tərəfindən təmin edilir.
4. İnteqrasiya təlimli təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumtəhsil müəssisəsidir.
5. Təhsil müəssisəsinin rəhbərliyi sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində zəruri köməkçi xidməti təşkil edir.
6. İnteqrasiya təlimli təhsil müəssisələrində sağlamlıq imkanları məhdud şəxslərin sayı ümumi kontingentin 20 faizindən çox ola bilməz.
7.Çıxarılıb.
8. İnteqrasiya təlimli təhsil müəssisəsinin rəhbərliyi şəxslərdə fiziki çatışmazlıq, əqli və (və ya) psixi ləngimələrə görə təlim və ya peşə təhsili yaxud konkret bir peşə (ixtisas) üzrə məhdudiyyət barədə əks göstərici yoxdursa, onların qəbuluna etiraz edə bilməz.
9. İnteqrasiya təlimli təhsil müəssisələrinin xüsusi təhsil üzrə tədris proqramlarını uğurla mənimsəyən şəxslər psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə həmin müəssisənin ümumtəhsil sinfinə və ya digər ümumi təhsil müəssisələrinə köçürülə bilərlər.
10. Xüsusi siniflərdə şagirdlərin orta sıxlığı 8-10 nəfər miqdarında müəyyən edilir. 8 nəfərdən az şagirdi olan xüsusi siniflər komplektləşdirilir. Komplektləşdirilmiş siniflərdə şagirdlərin maksimum sayı 14 nəfər götürülür.
11. Loqopedik xidmət loqoped müəllim tərəfindən həyata keçirilir.
12. Sağlamlıq imkanları məhdud şəxslərin birtipli xüsusi təhsil müəssisələrindən başqa tipli xüsusi təhsil müəssisələrinə, inteqrasiya təlimli təhsil müəssisələrinə köçürülməsi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə və yetkinlik yaşına çatmayanların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığına əsasən həyata keçirilir.
13. Sağlamlıq imkanları məhdud şəxslərin inteqrasiya təlimli təhsil müəssisələrinə qəbulu qanunvericiliklə müəyyən edilmiş qaydada psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir.
14. İnteqrasiya təlimli təhsil müəssisələrinin maddi-texniki bazasına binalar, qurğular, yeməkxanalar, yardımçı binalar, tibbi, korreksiya və reabilitasiya kabinetləri, idman qurğuları, təlimin texniki vasitələri, kitabxana fondu daxildir. Maddi-texniki baza müvafiq olaraq dövlət, bələdiyyələr və digər təsisçi (təsisçilər) tərəfindən formalaşdırılır.
15. Xüsusi siniflərdə dərslik, dərs vəsaitləri və elmi-metodik vəsaitlərin hazırlanması Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
16. Xüsusi təhsil almaq hüququ olan sağlamlıq imkanları məhdud şəxslər dərslik, dərs vəsaitləri, fərdi texniki vasitələrlə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri, bələdiyyələr və digər təsisçi (təsisçilər) tərəfindən təmin olunurlar.
17. Xüsusi siniflərdə pedaqoji və tibbi fəaliyyətə qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər buraxılır.
18. Xüsusi təhsil üçün kadrların hazırlanması orta və ali peşə-ixtisas təhsili müəssisələrində, pedaqoji işçilərin ixtisasartırma və yenidən hazırlanması müəyyən edilmiş qaydalarla həyata keçirilir.
Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.