
Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə QAYDALAR
Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə tələbləri, mərhələləri və namizədlər üçün vacib məqamları sistemli şəkildə öyrənmək üçün Direktor.az -a abunə olun. Materialda işə qəbul prosesinin əsas qaydaları, namizədlərə dair tələblər və prosedur ardıcıllığı aydın və praktik dildə təqdim olunur. Qaydaları həm oxuya, həm də səsli dinləyə, mövzu üzrə hazırlığınızı sizə uyğun vaxtda davam etdirə bilərsiniz. İşə qəbul prosesinə yalnız ümumi məlumatla deyil, qaydaları düzgün anlayaraq və peşəkar hazırlıqla yanaşmaq üçün Direktor.az -ın materiallarından yararlanın.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müvəqqəti QAYDALAR
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 24 avqust 2022-ci il tarixli F-504 nömrəli əmri ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə normativ hüquqi akt qəbul edilənədək və yeni qaydalar tətbiq olunanadək Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində vakant elan edilmiş yerlərə tərbiyəçi-müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu məsələlərini tənzimləyir.
1.2. Nazirliyin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı və yeri hər il Nazirliyin rəsmi internet səhifəsində elan edilir.
1.3. Müsabiqədə məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli (o cümlədən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınmış) şəxslər iştirak edə bilərlər.
1.4. Aşağıdakı şəxslər tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsinə (bundan sonra – müsabiqə) buraxılmırlar:
1.4.1. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər;
1.4.2. ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;
1.4.3. fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
1.4.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı”nda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər.
2. Müsabiqənin keçirilməsi
2.1. Müsabiqə iki mərhələdən (test və müsahibə) ibarət olmaqla keçirilir.
2.2. Müsabiqədə iştirak etmək üçün namizəd “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə işə qəbul üzrə müvafiq altsistemdə qeydiyyatdan keçir və ona elektron sistemdə “Şəxsi kabinet” açılır. Namizəd “Şəxsi kabinet”ə daxil olaraq elektron ərizəni doldurur. Namizədin elektron ərizədə qeyd etdiyi məlumatlar yoxlanılır və ərizəsi təsdiq edilmiş namizədlər müsabiqənin test imtahanına buraxılırlar. Namizədlər müsabiqə ilə bağlı məlumatları “Şəxsi kabinet” vasitəsilə əldə edirlər.
2.3. Müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə məktəbəqədər təhsilin məzmunu və məktəbəqədər təhsilin metodikasına aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilir. Test suallarının cavablandırılması üçün 120 dəqiqə vaxt ayrılır. Əlilliyi olan şəxslərin müsabiqənin test mərhələsində iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılır. Həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş namizədlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 30 dəqiqə artırılır.
2.4. Test mərhələsinin keçid balı hər il Nazirlik tərəfindən müəyyən edilir.
2.5. Müsabiqə zamanı qadağan olunan hərəkətlərin, habelə gətirilməsi qadağan edilən əşyaların siyahısı yaddaş kitabçasına daxil edilir və namizədin “Şəxsi kabinet”inə göndərilir.
2.6. Namizəd müsabiqənin keçirilməsi ilə bağlı bu Qaydanın 2.5-ci bəndi ilə müəyyən edilmiş tələbləri pozduqda bu barədə akt tərtib edilir və həmin şəxs müsabiqədən kənarlaşdırılır. Namizəd tərəfindən bu Qaydanın 2.5-ci bəndi ilə müəyyən edilmiş tələblərin pozulması halı müsabiqə başa çatdıqdan sonra aşkar edilərsə, həmin şəxsin müsabiqə nəticələri ləğv edilir.
2.7. Test mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir və hər səhv cavaba görə 0,25 (sıfır tam yüzdə iyirmi beş) bal çıxılır. Sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.
2.8. Test mərhələsi üzrə keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılırlar.
2.9. Müsahibənin keçirildiyi tarix və məkan barədə məlumat namizədin “Şəxsi kabinet”inə göndərilir. Müsahibədə iştirak edən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
2.9.1. şəxsiyyəti təsdiq edən sənəd;
2.9.2. ali təhsil haqqında sənədin (diplomun) notariat qaydasında təsdiq olunmuş surəti (o cümlədən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınmaqla);
2.9.3. sağlamlıq haqqında arayış;
2.9.4. əmək kitabçasının notariat qaydasında təsdiq olunmuş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);
2.9.5. elektron ərizədə göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti.
2.10. Müsahibənin keçirilməsi üçün Nazirlik tərəfindən müsahibə komissiyası yaradılır və onun tərkibi təsdiq edilir. Müsahibə komissiyası 3 nəfərdən ibarət tərkibdə (rəhbər vəzifəli şəxs, metodist və psixoloq) təşkil edilir.
2.11. Müsahibə mərhələsində namizədlərin peşə və psixoloji keyfiyyətləri müvafiq komissiya tərəfindən yoxlanılır. Müsahibənin nəticəsinə əsasən namizədin vəzifəyə uyğun olub olmaması barədə qərar verilir və nəticə protokollaşdırılır. Müsahibənin nəticəsi namizədin “Şəxsi kabinet”inə göndərilir.
2.12. Müsahibədən keçmiş namizədlərin nəticəsi eyni olduqda namizədlərə aşağıdakı ardıcıllıqla üstünlük verilir:
2.12.1. təhsil pilləsi daha yüksək olanlar;
2.12.2. təhsil müəssisəsini fərqlənmə ilə bitirənlər;
2.12.3. pedaqoji stajı olanlar;
2.12.4. müəssisəyə daha yaxın ərazidə yaşayanlar.
2.13. Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətlərinə müsabiqə başa çatdıqdan sonra tərkibi Nazirlik tərəfindən formalaşdırılan Apellyasiya Komissiyası tərəfindən bir həftə ərzində baxılır.
3. Müsabiqənin nəticələri
3.1. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin siyahısı əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün yerli təhsili idarəetmə orqanlarına göndərilir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin