
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
Təhsildə insan kapitalının formalaşmasını, tələbələrin praktiki inkişaf layihələrini izləmək üçün direktor.az-a abunə olun. Elm və təhsil idarəçiliyi siyasəti, tələbə təşəbbüsləri və təhsil sistemində həyata keçirilən bütün xəbərdar olmaq üçün bizi izləyin.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Görüş zamanı “Maarifçi”lərin əldə etdikləri bilik və bacarıqlar, gələcək karyera perspektivləri və müasir əmək bazarının tələblərinə uyğun bacarıqların formalaşdırılması müzakirə edilib.
Firudin Qurbanov gəncləri yaradılan imkanlardan səmərəli istifadə etməyə, praktiki təcrübə qazanmağa və daim öz üzərlərində işləməyə çağırıb. Nazir müavini “Maarifçi” proqramının mahiyyətindən danışaraq maarifçiliyin bilik və bacarıqların ötürülməsi, cəmiyyətin inkişafına töhfə verilməsi baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, proqrama bu il rekord sayda müraciət daxil olub və seçim nəticəsində yeni iştirakçılar müəyyənləşdirilib.
Müasir dünyanın texnoloji inqilab dövrünü yaşadığını, rəqəmsallaşmanın sürətləndiyini və süni intellektin həyat və düşüncə tərzini köklü şəkildə dəyişdirdiyini bildirən nazir müavini bu texnologiyaların əmək bazarına təsirinə diqqət çəkib. Həmçinin qeyd edib ki, gənclər süni intellekt alətlərindən istifadə etməklə yanaşı, onların iş prinsiplərini də anlamalı, texnoloji dəyişikliklərə hazır olmalıdırlar.
Görüşdə 44 günlük Vətən müharibəsi və qazanılan Zəfərin əhəmiyyətinə də toxunulub. Nazir müavini şəhidlərin və qazilərin fədakarlığının ölkəmizin inkişafı üçün yeni imkanlar yaratdığını qeyd edib. İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və təhsil müəssisələrinin fəaliyyətinin təmin olunması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Sonda proqram iştirakçıları onları maraqlandıran sualları nazir müavininə ünvanlayıblar.
Qeyd edək ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilir. Proqramın əsas məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, tələbə və məzunların praktiki fəaliyyət vasitəsilə sahəvi bilik və bacarıqlarının artırılması, müasir yanaşmaları öyrənmələri və təhsil islahatları prosesinə dəstək vermələridir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin