
NDU tələbələri Çində təhsil alacaqlar
Ali təhsil müəssisələrimizin beynəlxalq əməkdaşlığı, ikili diplom proqramları, kibertəhlükəsizlik üzrə qlobal kadr hazırlığını izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizin beynəlxalq nailiyyətləri, rəsmi tərəfdaşlıqlar və təhsil sahəsindəki yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Naxçıvan Dövlət Universiteti ilə Çinin Beijing Information Science and Technology University (BISTU) ali təhsil müəssisəsi arasında "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə 2+2 formatlı ikili diplom proqramının həyata keçirilməsinə dair müqavilə imzalanıb.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Müqavilə NDU-nun rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində imzalanıb. İmzalanma mərasimində NDU-nun rektoru Elbrus İsayev, BISTU-nun rektoru, professor Guo Fu və hər iki ali təhsil müəssisəsinin rəhbər heyətinin nümayəndələri iştirak ediblər. Müqavilənin şərtlərinə əsasən, tələbələr bakalavriat təhsilinin ilk iki ilini Naxçıvanda, növbəti iki ilini isə Pekində davam etdirərək hər iki universitetin diplomunu əldə edə biləcəklər. Proqrama tələbə qəbulunun 2027-2028-ci tədris ilindən başlanması nəzərdə tutulur.
Proqram tələbələrin beynəlxalq akademik mühitdə təhsil almalarına, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahələrində bilik və bacarıqlarını inkişaf etdirmələrinə şərait yaradacaq. Təhsillərinin bir hissəsini Pekində davam etdirəcək tələbələr BISTU-nun laboratoriyalarından, texnoloji infrastrukturundan və elmi-tədqiqat imkanlarından yararlanmaqla nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndirmək imkanı əldə edəcəklər. Əməkdaşlıq çərçivəsində 2027-ci ilin aprel və may aylarında BISTU-nun professor-müəllim heyətinin Naxçıvan Dövlət Universitetinə səfərləri nəzərdə tutulur.
Çinli professorların NDU-da ixtisas fənləri üzrə dərslər keçməsi, universitetin akademik heyəti ilə birgə elmi tədqiqatlar aparması, həmçinin informasiya texnologiyaları, kibertəhlükəsizlik və rəqəmsal texnologiyalar sahələrində təlim və elmi seminarlar təşkil etməsi planlaşdırılır. BISTU ilə imzalanan müqavilə Naxçıvan Dövlət Universitetinin beynəlxalq akademik əməkdaşlığının genişləndirilməsinə, Azərbaycan–Çin ali təhsil əlaqələrinin inkişafına xidmət edəcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin