
Odlar Yurdu Universitetində “Heydər Əliyev Təqaüdü” təsis edilir
Təqaüd imkanları və ölkəmizin təhsil sistemindəki mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki sosial layihələr, dövlət dəstəyi mexanizmlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Odlar Yurdu Universitetində tələbələrin akademik nailiyyətlərinin, elmi-tədqiqat fəaliyyətinin və ictimai- siyasi fəallığının təşviq edilməsi məqsədilə “Heydər Əliyev Təqaüdü” təsis edilir.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Universitetin müvafiq qərarına əsasən hazırlanmış Əsasnamə təqaüdün verilməsi qaydalarını, namizədlərə dair tələbləri, seçim meyarlarını, təqaüdün təyin və ödənilməsi prosedurlarını, eləcə də təqaüd alan tələbələrin hüquq və vəzifələrini müəyyən edir. Təqaüd universitetin bakalavriat və magistratura səviyyələrində əyani təhsil alan, yüksək akademik göstəriciləri, elmi-tədqiqat fəaliyyəti və ictimai- siyasi fəallığı ilə seçilən tələbələr üçün nəzərdə tutulub. Əsasnaməyə əsasən, namizədlərin akademik göstəriciləri 90 baldan yüksək olmalı, onların akademik borcu olmamalı, universitetin daxili intizam qaydalarına əməl etməli və universitet həyatında fəal iştirak etməlidirlər.
Təqaüdə namizədlərin seçilməsi şəffaflıq və obyektivlik prinsipləri əsasında həyata keçiriləcək. Namizədlər akademik göstəricilər, elmi-tədqiqat və innovasiya fəaliyyəti, universitetin ictimai-siyasi həyatında fəallıq, sosial layihələrdə iştirak, liderlik və təşkilatçılıq bacarıqları, eləcə də mədəni-maarif fəaliyyəti üzrə qiymətləndiriləcəklər. Qiymətləndirmə 100 ballıq sistem əsasında aparılacaq. Təqaüdə namizədlərin seçilməsi üçün universitetdə müvafiq komissiya yaradılacaq. Komissiya təqdim olunan sənədləri araşdıracaq, müəyyən edilmiş meyarlar üzrə qiymətləndirmə aparacaq və nəticələr əsasında təqaüdə layiq görüləcək namizəd barədə əsaslandırılmış təklif hazırlayacaq. Təqaüdün təyin edilməsi rektorun əmri ilə rəsmiləşdiriləcək.
“Heydər Əliyev Təqaüdü”nün təsis edilməsində əsas məqsəd tələbələrdə yüksək akademik nəticələr əldə etməyə marağı artırmaq, elmi yaradıcılığı və innovativ düşüncəni dəstəkləmək, liderlik və təşkilatçılıq keyfiyyətlərini inkişaf etdirmək, gənclərin ictimai- siyasi fəallığını stimullaşdırmaqdır. Eyni zamanda, təşəbbüs tələbələrin Azərbaycan dövlətçiliyinə, milli-mənəvi dəyərlərə və cəmiyyət qarşısında məsuliyyətə bağlılığının gücləndirilməsinə xidmət edir. Təqaüdün məbləği və ödəniş dövriliyi universitetin səlahiyyətli orqanının qərarı ilə müəyyən ediləcək. Təqaüdün maliyyələşdirilməsi universitetin maliyyə imkanları və təsdiq edilmiş maliyyə planı nəzərə alınmaqla həyata keçiriləcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

