
Qarabağ Universitetinin 50 tələbəsi “Holberton School Azerbaijan” ilə birgə tədris proqramını yekunlaşdırıb
Universitetlərdə rəqəmsal bacarıqların inkişafı, tələbələrin proqram təminatını izləmək üçün direktor.az-a abunə olun. Ali məktəblərimizin innovativ tədris tərəfdaşlıqları, rəqəmsal həllər və təhsil sistemindəki yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Qarabağ Universitetində “Holberton School Azerbaijan” ilə birgə həyata keçirilən tədris proqramını başa vuran tələbələrin layihə təqdimatları və məzuniyyət mərasimi keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Proqram çərçivəsində universitetin 50 tələbəsi kompüter elmləri, tam proqram təminatının hazırlanması və Python proqramlaşdırma dili istiqamətləri üzrə bilik və bacarıqlarını tətbiq edərək 13 layihə hazırlayıb.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbirdə iştirak edən qonaqları salamlayaraq tələbələrin əldə etdikləri nəticələrin əhəmiyyətini vurğulayıb. Rektor 50 tələbənin beş ay ərzində qazandıqları bilik və bacarıqları 13 layihə vasitəsilə nümayiş etdirməsinin proqramın praktiki nəticələrini əks etdirdiyini bildirib. Ş.Bayramov layihələrin universitetdə və daha geniş müstəvidə tətbiqinə dəstək göstəriləcəyini, tələbələrin innovativ ideyalarının inkişafı və praktiki nəticəyə çevrilməsi üçün müvafiq imkanların dəyərləndiriləcəyini qeyd edib.
Elm və innovasiya məsələləri üzrə prorektor Fariz Əhmədov elmi-texnoloji inkişafın təhsil qarşısında yaratdığı yeni imkanlardan və innovativ yanaşmaların tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb. O, layihəyönümlü öyrənmənin tələbələrin analitik düşünmə, problem həll etmə və əldə etdikləri bilikləri praktikada tətbiqetmə bacarıqlarının inkişafındakı rolunu vurğulayıb.
“Holberton School Azerbaijan”ın baş icraçı direktoru Şəmsi Bayramzadə layihələrin arxasında ideya ilə yanaşı, böyük zəhmətin dayandığını qeyd edib. O, tələbələrin beş ay ərzində ümumilikdə 477 saatlıq tədris proqramında iştirak etdiklərini, gündə orta hesabla üç saat çalışdıqlarını diqqətə çatdıraraq təqdim olunan layihələrin həm texniki baxımdan, həm də ideya baxımından yüksək səviyyədə hazırlandığını bildirib.
Proqramın Qarabağ Universiteti tərəfindən koordinasiyasını həyata keçirən Mükəmməllik Mərkəzinin rəhbəri Abdulxaliq Məmmədli əməkdaşlığın təşkili və tədris prosesinin əlaqələndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, tələbələrin proqram çərçivəsində hazırladıqları layihələrin qazandıqları bilik və bacarıqları praktikada tətbiq etmək imkanlarını nümayiş etdirdiyini vurğulayıb. Tədbir çərçivəsində tələbələr hazırladıqları layihələri təqdim edərək texniki biliklərini, problem həll etmə və praktiki tətbiq bacarıqlarını nümayiş etdiriblər. Həmçinin layihələrin universitet ictimaiyyətinə təqdim olunduğu sərgi təşkil edilib. İştirakçılar nümayiş etdirilən layihələrlə yaxından tanış olublar.
Layihələr anbar idarəetməsi, Qarabağda bərpa və yenidənqurma işlərinin interaktiv xəritədə vizuallaşdırılması, universitetdaxili xidmətlərin rəqəmsallaşdırılması, təhsil, dil öyrənmə, tələbə həyatı və sağlamlıq kimi müxtəlif sahələri əhatə edir. Layihələr arasında könüllülərin koordinasiyası, qan donorlarının operativ müəyyənləşdirilməsi, tələbə və məzunlar arasında əlaqələrin gücləndirilməsi, eləcə də komanda quruculuğunu dəstəkləyən rəqəmsal həllər də yer alır.
Sonda tədris proqramını uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin