
SDU-da Nobel mükafatına həsr olunan elmi seminar keçirilib
Ali təhsil müəssisələrində təşkil olunan akademik müzakirələr, professor-müəllim heyətinin elmi fəaliyyətini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizin elmi potensialı, təhsil sahəsindəki seminarlardan xəbərdar olmaq üçün bizi izləyin.
Sumqayıt Dövlət Universitetində (SDU) Təbiət və Riyaziyyat elmləri fakültəsinin kafedralarının əməkdaşlarının iştirakı ilə fizika üzrə 2026-cı ilin Nobel mükafatına həsr olunmuş elmi seminar keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Seminarda Fizika kafedrasının müdiri vəzifəsini icra edən, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Vəli Hüseynov geniş məruzə ilə çıxış edib. Məruzəçi Nobel mükafatına layiq görülmüş elmi iş, laureatın fəaliyyəti, Antarktidada yerləşən IceCube Neytrino Rəsədxanasının imkanları, eləcə də astrofiziki mənşəli yüksək enerjili neytrinoların kəşfinin elmi və praktiki əhəmiyyəti barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, IceCube Neytrino Rəsədxanası Kainatın müxtəlif bölgələrindən gələn yüksək enerjili neytrinoların aşkarlanması və onların astrofiziki mənbələrinin öyrənilməsi məqsədilə yaradılıb. Antarktidanın Cənub qütbündə yerləşən bu elmi qurğu kosmik proseslərin və yüksək enerjili zərrəciklərin mənşəyinin araşdırılmasında mühüm rol oynayır.
Məruzədə IceCube eksperimentinin əsas elmi nəticələri, o cümlədən 2013-cü ildə yüksək enerjili astrofiziki neytrinoların ilk dəfə aşkarlanması, 2017-ci ildə TXS 0506+056 blazarı ilə əlaqəli neytrino hadisəsinin qeydə alınması və 2022-ci ildə NGC 1068 qalaktikasının aktiv nüvəsindən neytrino emissiyasının müşahidəsi diqqətə çatdırılıb. Qeyd olunub ki, əldə edilən nəticələr yüksək enerjili astrofiziki proseslərin fiziki mexanizmlərinin araşdırılması, kosmik neytrinoların mənşəyinin müəyyənləşdirilməsi və onların mənbələrinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır.Seminarın sonunda məruzəçi iştirakçıların suallarını cavablandırıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin