
Saatlıda məktəblilər üçün erkən nikahın fəsadları mövzusunda görüş keçirilib
Region məktəblərində yeniyetmələrin hüquqlarının müdafiəsi, təhsildən yayınma hallarının qarşısının alınması təşəbbüslərini izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil mühiti, məktəblilərin sosial rifahı ilə bağlı xəbərlərdən agah olmaq üçün bizi izləməyə davam edin.
Saatlıda məktəblilər üçün erkən nikahın fəsadları və hüquqi məsuliyyəti mövzusunda maarifləndirici görüş təşkil olunub
Direktor.az xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat verib. Rayon İcra Hakimiyyəti, rayon prokurorluğu və yerli təhsil sektorunun birgə təşəbbüsü ilə ərsəyə gələn görüşdə erkən nikahların qanunvericiliklə qadağan olunması və bununla bağlı tələblər geniş müzakirə edilib.
Toplantıda Saatlı rayon prokuroru Elnur Rüstəmov, Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, rayon üzrə təhsil sektorunun müdiri Günay Sultanova və məktəblilər iştirak ediblər. Əsas diqqət yeniyetmələrin hüquqi biliklərinin artırılmasına, hüquq və mənafelərinin qorunmasına, həmçinin erkən nikahların doğurduğu sosial-hüquqi fəsadlar barədə şagirdlərin məlumatlandırılmasına yönəldilib.
Görüşdə çıxış edən rayon prokuroru Elnur Rüstəmov qanunvericiliyin nikah yaşı ilə bağlı tələblərini xatırladaraq, yetkinlik yaşına çatmayanların hüquqlarının toxunulmaz olduğunu bildirib. O, qaydaların pozulması halında tətbiq edilən hüquqi məsuliyyət tədbirlərindən danışıb və bu cür halların vaxtında aşkarlanaraq qarşısının alınmasında qurumlararası koordinasiyanın mühüm rol oynadığını diqqətə çatdırıb.
İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva isə problemin sosial tərəflərinə toxunub. Uşaqların maraqlarının müdafiəsinin cəmiyyətin başlıca prioritetlərindən biri olduğunu vurğulayan M. Ağayeva, erkən yaşda qurulan ailələrin yeniyetmələrin gələcəyinə, şəxsi inkişafına və təhsilinə ciddi zərbə vurduğunu qeyd edib. O, neqativ hallarla mübarizədə ailə, məktəb və aidiyyəti dövlət orqanlarının sıx əməkdaşlığının vacibliyini dilə gətirib.
Təhsil sektorunun müdiri Günay Sultanova erkən nikahın məktəbliləri təhsildən yayındıran əsas amillərdən biri olduğunu vurğulayaraq, bu istiqamətdə profilaktik və maarifləndirici xarakterli tədbirlərin mütəmadi aparılmasının önəmini qeyd edib.
İnteraktiv formada davam edən tədbirin sonunda məktəblilərin sualları cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin