
Sinif rəhbərinin risk daşıyan və dəstəyə ehtiyacı olan şagirdlərlə işinin təşkili qaydaları (layihə)

Məktəbşünas
Müəllif
Bu Qaydalar sinif rəhbərinin həmin istiqamətdə fəaliyyətinin vahid yanaşma əsasında qurulmasına, aidiyyəti şəxslərlə əməkdaşlığın tənzimlənməsinə və görülən tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsinə xidmət edir.
Sinif rəhbərinin risk daşıyan və dəstəyə ehtiyacı olan şagirdlərlə işinin təşkili qaydaları (layihə)
(____________________________________ məktəbin Pedaqoji Şurasının “” ______________ 20_-ci il tarixli ____ nömrəli iclasının ____ nömrəli qərarı ilə qəbul edilmiş və məktəb direktorunun “” ______________ 20_-ci il tarixli ____ nömrəli əmri ilə təsdiq edilmişdir.)
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar sinif rəhbərinin davranış, davamiyyət, təlim, motivasiya, ailə şəraiti, sosial münasibətlər və məktəbə bağlılıq baxımından risk daşıyan, yaxud əlavə diqqət və dəstəyə ehtiyacı olan şagirdlərlə işinin təşkili qaydasını müəyyən edir.
1.2. Bu Qaydalar sinif rəhbərinin həmin istiqamətdə fəaliyyətinin vahid yanaşma əsasında qurulmasına, aidiyyəti şəxslərlə əməkdaşlığın tənzimlənməsinə və görülən tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsinə xidmət edir.
1.3. Bu Qaydaların tətbiqində əsas məqsəd risk əlamətlərini vaxtında müəyyənləşdirmək, çətinliyin səbəblərini düzgün təhlil etmək, uyğun dəstək tədbirlərini təşkil etmək və şagirdin məktəbdən uzaqlaşmasının, sosial təcridinin və davamlı geriləməsinin qarşısını almaqdır.
1.4. Bu Qaydaların tətbiqi zamanı şagirdə münasibətdə ləyaqətin qorunması, fərdi yanaşma, məktəbdaxili əməkdaşlıq, valideynlərlə işgüzar əlaqə, məqsədyönlü izləmə və nəticəyə əsaslanan qərarvermə təmin edilir.
1.5. Əsas anlayışlar
1.5.1. Risk daşıyan və dəstəyə ehtiyacı olan şagird — davranış, davamiyyət, təlim, motivasiya, emosional vəziyyət, ailə və sosial mühit baxımından əlavə diqqət, müşayiət və dəstək tələb edən şagirddir.
1.5.2. Risk siqnalı — şagirdin davranışında, davamiyyətində, təlim fəaliyyətində, motivasiya vəziyyətində, sosial münasibətlərində və ya məktəbə münasibətində müşahidə olunan mənfi dəyişiklikdir.
1.5.3. Erkən aşkarlama — risk siqnallarının problem dərinləşməzdən əvvəl ilkin mərhələdə müəyyənləşdirilməsi və qiymətləndirilməsidir.
1.5.4. Fərdi müşayiət — konkret şagird üzrə planlı müşahidə, söhbət, dəstək və yönləndirmə tədbirlərinin həyata keçirilməsidir.
1.5.5. Məktəbdaxili dəstək — sinif rəhbəri, fənn müəllimləri, praktik psixoloq, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı, məktəb rəhbərliyi və digər aidiyyəti şəxslərin şagirdin vəziyyətinə uyğun birgə fəaliyyətidir.
1.5.6. İzləmə — görülmüş tədbirlərin nəticələrinin müəyyən edilmiş müddətlər üzrə yoxlanılması və sonrakı addımların dəqiqləşdirilməsidir.
2. Sinif rəhbərinin risk daşıyan və dəstəyə ehtiyacı olan şagirdlərlə işinin əsas prinsipləri
2.1. Erkən aşkarlama və vaxtında müdaxilə prinsipi
Sinif rəhbəri risk siqnallarını problem dərinləşdikdən sonra deyil, ilkin mərhələdə müəyyən etməyə çalışır. Bu məqsədlə şagirdin davamiyyəti, davranışı, təlimə münasibəti, motivasiya səviyyəsi, sosial münasibətləri və məktəb həyatında iştirakı müntəzəm izlənilir.
2.2. Fərdi yanaşma və səbəbin düzgün müəyyənləşdirilməsi prinsipi
Hər bir şagirdin vəziyyəti ayrıca qiymətləndirilir. Eyni görünən çətinliyin müxtəlif səbəblərlə bağlı ola biləcəyi nəzərə alınır və dəstək tədbirləri konkret şagirdin ehtiyacına uyğun müəyyən edilir.
2.3. Məxfilik, ləyaqətin qorunması və etik davranış prinsipi
Şagirdin vəziyyəti ilə bağlı məlumat yalnız peşə fəaliyyəti çərçivəsində və zəruri həcmdə paylaşılır. Şagirdi damğalayan, alçaldan, nüfuzunu zədələyən və ya onu ictimai müzakirə predmetinə çevirən yanaşmalara yol verilmir.
2.4. Məktəbdaxili və ailə ilə əlaqələndirilmiş əməkdaşlıq prinsipi
Bu iş sinif rəhbərinin təkbaşına fəaliyyəti ilə məhdudlaşmır. Aidiyyəti müəllimlər, praktik psixoloq, təşkilatçı, məktəb rəhbərliyi və zərurət olduqda digər şəxslərlə əməkdaşlıq qurulur. Valideynlərlə iş də bu əməkdaşlığın tərkib hissəsi hesab edilir.
2.5. Davamlı izləmə və yenidən baxış prinsipi
Görülən tədbirlər birdəfəlik hesab edilmir. Nəticələr planlı şəkildə izlənilir, vəziyyət dəyişmədikdə və ya ağırlaşdıqda əvvəlki yanaşmaya yenidən baxılır.
3. Risk siqnallarının müəyyənləşdirilməsi
3.1. Sinif rəhbəri risk siqnallarını şagirdin davamiyyətində, davranışında, təlim fəaliyyətində, motivasiya səviyyəsində, sosial münasibətlərində və məktəbə münasibətində müşahidə olunan dəyişikliklər əsasında müəyyənləşdirir.
3.1.1. Davamiyyət üzrə risk siqnalları
Təkrar gecikmələr, dərs buraxmalar, hissəvi iştirak, ayrı-ayrı günlərdə və ya dərslərdə sistemli yayınma, səbəbi aydın olmayan uzunmüddətli davamiyyətsizlik və davamiyyətin getdikcə zəifləməsi davamiyyət üzrə risk siqnalları hesab olunur.
3.1.2. Davranış üzrə risk siqnalları
Aqressivlik, kobudluq, müəllim və həmyaşıdlarla tez-tez münaqişə, qaydalara laqeydlik, emosional partlayışlar, qapanma, sosial çəkilmə, qısnama və ya qısnamaya məruz qalma əlamətləri davranış üzrə risk siqnalları kimi qiymətləndirilir.
3.1.3. Təlim və motivasiya üzrə risk siqnalları
Nəticələrdə davamlı və ya kəskin eniş, tapşırıqlardan yayınma, hazırlıqsızlıq, öyrənməyə laqeydlik, özünəinamın zəifləməsi, sinifdə passivlik, fəaliyyətlərə qoşulmama və məktəb işinə marağın azalması təlim və motivasiya üzrə risk siqnalları sayılır.
3.1.4. Sosial münasibətlər və ailə vəziyyəti üzrə risk siqnalları
Ailə gərginliyinin məktəb həyatına təsiri, nəzarət və dəstək çatışmazlığı, sosial-məişət çətinliyinin davranış və davamiyyətə təsiri, həmyaşıd təzyiqi, sosial təcrid, məktəbdə özünü təhlükəsiz hiss etməmək və aidlik hissinin zəifləməsi sosial və ailə vəziyyəti üzrə risk siqnalları hesab olunur.
3.2. Risk siqnallarının müəyyənləşdirilməsi tək bir hadisəyə, təsadüfi müşahidəyə və ya subyektiv qənaətə əsaslanmır. Sinif rəhbəri öz müşahidələrini fənn müəllimlərinin rəyləri, davamiyyət və təlim göstəriciləri, valideynlərlə əlaqə zamanı əldə olunan məlumatlar və digər məktəbdaxili müşahidələrlə birlikdə qiymətləndirir.
3.3. Birdəfəlik xarakter daşıyan hal dərhal sabit risk vəziyyəti kimi qiymətləndirilmir. Belə hallarda müşahidə gücləndirilir. Risk siqnalları təkrarlanır, sistemli xarakter alır və ya şagirdin vəziyyətinə açıq mənfi təsir göstərirsə, aidiyyəti dəstək tədbirlərinə başlanılır.
3.4. Şagirdin fiziki və ya emosional təhlükəsizliyinə birbaşa təhdid yaradan hallar təkrarın gözlənilməsini tələb etməyən risk siqnalları kimi qiymətləndirilir və məktəbdaxili dəstək mexanizmi dərhal işə salınır.
4. Riskin səbəblərinin təhlili
4.1. Risk siqnalı müəyyən edildikdə sinif rəhbəri görünən halı yekun səbəb kimi qəbul etmir. Davamiyyət pozuntusu, davranış dəyişikliyi, təlimdə geriləmə, motivasiya zəifliyi, sosial çəkilmə və ya emosional gərginlik yaranma səbəbi və şagirdin ümumi vəziyyəti ilə birlikdə təhlil olunur.
4.2. Riskin səbəbləri təhlil edilərkən aşağıdakı istiqamətlər nəzərə alınır:
4.2.1. ailə şəraiti və ailədaxili münasibətlər;
4.2.2. şagirdin məktəbdə özünü təhlükəsiz hiss edib-etməməsi;
4.2.3. müəllim və həmyaşıdlarla münasibətlərin xarakteri;
4.2.4. təlim yükü, akademik çətinliklər və mənimsəmə boşluqları;
4.2.5. emosional vəziyyət, özünəinam və motivasiya səviyyəsi;
4.2.6. məktəbdənkənar sosial təsirlər və mənfi mühit amilləri.
4.3. Təhlil tək bir əlamətə və ya təsadüfi müşahidəyə əsaslanmır. Davamiyyət və təlim göstəriciləri, müəllim rəyləri, valideynlərlə əlaqə zamanı əldə olunan məlumatlar və digər müşahidələr birlikdə nəzərə alınır.
4.4. Sinif rəhbəri subyektiv hökm vermir. Eyni görünən çətinliyin müxtəlif şagirdlərdə fərqli səbəblərlə bağlı ola biləcəyi nəzərə alınır.
4.5. Riskin səbəblərinin düzgün müəyyənləşdirilməsi sonrakı fərdi işin istiqamətini, valideynlə əməkdaşlıq formasını, məktəbdaxili əlaqələndirmə ehtiyacını və əlavə dəstək tədbirlərinin məzmununu müəyyən etmək üçün əsas hesab olunur.
5. Sinif rəhbərinin risk daşıyan və dəstəyə ehtiyacı olan şagirdlərlə iş üzrə funksiyaları və səlahiyyət sərhədləri
5.1. Sinif rəhbəri aşağıdakı funksiyaları yerinə yetirir:
5.1.1. risk siqnallarını sistemli şəkildə izləyir və ilkin mərhələdə müəyyən edir;
5.1.2. sinifdə dərs deyən müəllimlərin müşahidələrini, davamiyyət və təlim göstəricilərini ümumiləşdirir və şagird üzrə ümumi vəziyyəti qiymətləndirir;
5.1.3. şagirdlə fərdi söhbətlər aparır və vəziyyəti ilkin səviyyədə aydınlaşdırır;
5.1.4. zəruri hallarda valideynlə əlaqə yaradır və ilkin dəstək addımlarını razılaşdırır;
5.1.5. riskin xarakterindən asılı olaraq praktik psixoloq, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı, fənn müəllimləri, məktəb rəhbərliyi və digər aidiyyəti şəxslərlə əməkdaşlıq qurur;
5.1.6. müəyyən edilmiş tədbirlərin nəticələrini izləyir və zərurət olduqda əlavə addımların müəyyənləşdirilməsinə təşəbbüs göstərir.
5.2. Sinif rəhbəri psixoloji diaqnostika aparan, tibbi rəy verən və ya hüquqi qərar qəbul edən şəxs kimi çıxış etmir. Onun əsas rolu müşahidə, ilkin müəyyənləşdirmə, məlumatların ümumiləşdirilməsi, əlaqələndirmə, yönləndirmə və izləmədən ibarətdir.
5.3. Sinif rəhbəri bu funksiyaları yerinə yetirərkən şagirdin ləyaqətinin qorunmasına, məxfilik tələblərinə, etik davranış normalarına və faktlara əsaslanan peşəkar yanaşmaya əməl edir.
6. Məktəbdaxili dəstək və əlaqələndirmə mexanizmi
6.1. Risk siqnalları təsdiqləndikdə sinif rəhbəri vəziyyətin xarakterinə uyğun olaraq məktəbdaxili dəstək və əlaqələndirmə mexanizmini işə salır.
6.2. Bu mexanizm aşağıdakı istiqamətləri əhatə edir:
6.2.1. davamiyyətin, gecikmələrin və təlimdə iştirakın sıx izlənilməsi;
6.2.2. müəllimlər arasında operativ məlumat mübadiləsinin təşkili;
6.2.3. zəruri hallarda praktik psixoloqun cəlb olunması;
6.2.4. şagirdin sosial fəaliyyətlərə, dərnəklərə və məktəbdənkənar məşğulluğa yönləndirilməsi;
6.2.5. qısnama və təhlükəsizlik riski olduqda qoruyucu tədbirlərin görülməsi;
6.2.6. fərdi dəstək addımlarının müəyyənləşdirilməsi;
6.2.7. zəruri hallarda valideynlərlə məqsədyönlü əməkdaşlığın qurulması.
6.3. Məktəbdaxili dəstək mexanizmi mərhələli şəkildə qurulur. İlkin mərhələdə sinif rəhbərinin fərdi müşayiəti və müəllimlərlə koordinasiyası kifayət edə bilər. Vəziyyət sabitləşmədikdə və ya ağırlaşdıqda daha geniş məktəbdaxili dəstək xətti qurulur.
6.4. Daha geniş dəstək xətti çərçivəsində hər bir aidiyyəti şəxs öz peşə funksiyası daxilində iştirak edir. Sinif rəhbəri isə ümumi əlaqələndirməni və vəziyyətin izlənməsini təmin edir.
6.5. Məktəbdaxili dəstəyin məqsədi şagirdin məktəbdə təhlükəsizliyini, aidlik hissini, müsbət münasibət dairəsini və sabit iştirakını bərpa etməkdir.
6.6. Görülən tədbirlərin nəticələri izlənilir və zərurət olduqda dəstək xətti yenidən nəzərdən keçirilir.
7. Valideynlərlə əməkdaşlığın təşkili və məxfilik tələbləri
7.1. Risk daşıyan və dəstəyə ehtiyacı olan şagirdlərlə iş zamanı valideynlərlə əməkdaşlıq məqsədyönlü, işgüzar və davamlı əsasda qurulur.
7.2. Valideynlə əlaqə yalnız problem haqqında məlumat vermək üçün deyil, şagirdin vəziyyətinin düzgün başa düşülməsi, səbəblərin birgə aydınlaşdırılması, ev və məktəb üzrə uyğun dəstək addımlarının razılaşdırılması və görülən tədbirlərin nəticələrinin izlənilməsi məqsədilə həyata keçirilir.
7.3. Valideynlərlə əməkdaşlıq zamanı aşağıdakı tələblərə əməl edilir:
7.3.1. ünsiyyət hörmətli, təmkinli və işgüzar formada qurulur;
7.3.2. problemin səbəblərinin birgə aydınlaşdırılmasına üstünlük verilir;
7.3.3. ev şəraitində mümkün dəstək addımları izah olunur;
7.3.4. məktəblə ailə arasında sabit əlaqə qorunur;
7.3.5. şagirdin marağı, ləyaqəti və emosional təhlükəsizliyi üstün tutulur;
7.3.6. ailənin real vəziyyəti və imkanları nəzərə alınır.
7.4. Şagirdin vəziyyəti ilə bağlı məlumat yalnız peşə fəaliyyəti çərçivəsində, zəruri həcmdə və aidiyyəti şəxslərlə paylaşılır.
7.5. Şagird və ailə haqqında məlumat sinif qarşısında, digər valideynlər arasında və ya aidiyyətsiz şəxslərlə müzakirə olunmur.
7.6. Sinif rəhbəri şagirdin vəziyyətini ictimai müzakirə predmetinə çevirmir, onun nüfuzunu zədələyən, alçaldıcı və damğalayıcı yanaşmalara yol vermir.
7.7. Valideynlərlə razılaşdırılmış dəstək tədbirləri sonrakı mərhələlərdə izlənilir və zərurət olduqda əməkdaşlıq forması yenidən qurulur.
8. İşin sənədləşdirilməsi, monitorinqi və nəticələrinin qiymətləndirilməsi
8.1. Sinif rəhbəri risk daşıyan və dəstəyə ehtiyacı olan şagirdlərlə iş üzrə zəruri həcmdə işçi sənədləşmə aparır. Bu sənədləşmə rəsmi məktəb sənədlərini əvəz etmir və yalnız qərarvermə, əlaqələndirmə və izləmə məqsədi daşıyır.
8.2. İşçi sənədləşmə qısa, aydın, tarixləşdirilmiş və praktik istifadə üçün yararlı formada aparılır.
8.3. İşçi sənədləşməyə aşağıdakılar daxil edilə bilər:
8.3.1. davamiyyət və gecikmə dinamikası;
8.3.2. müəllim müşahidələrinin qısa ümumiləşdirilməsi;
8.3.3. şagirdlə aparılan fərdi söhbətlər üzrə qısa qeydlər;
8.3.4. valideynlərlə əlaqə və razılaşdırılmış dəstək addımları barədə qeydlər;
8.3.5. müəyyən edilmiş tədbirlərin icra vəziyyəti;
8.3.6. zəruri hallarda aidiyyəti şəxslərə yönləndirmə barədə məlumat.
8.4. Sinif rəhbəri görülən tədbirlərin nəticələrini planlı şəkildə izləyir. İzləmə zamanı davamiyyət, davranış, təlimə münasibət, sinif və məktəb həyatında iştirak, münasibətlər, emosional vəziyyət və məktəbə bağlılıq üzrə dəyişikliklər nəzərə alınır.
8.5. Görülən işin nəticəsi yalnız intizam pozuntularının sayına görə qiymətləndirilmir. Qiymətləndirmə zamanı aşağıdakı meyarlar əsas götürülür:
8.5.1. davamiyyət və gecikmədə sabitləşmə;
8.5.2. təlimə və sinif həyatına iştirakta artım;
8.5.3. müəllim və həmyaşıdlarla münasibətlərdə yaxşılaşma;
8.5.4. emosional sabitlik və davranışda yumşalma;
8.5.5. məktəbə bağlılıq və aidlik hissinin güclənməsi;
8.5.6. müəyyən edilmiş dəstək addımlarının faktiki təsiri.
8.6. Görülən tədbirlər gözlənilən nəticəni vermədikdə, vəziyyət dəyişmədikdə və ya ağırlaşdıqda əvvəlki yanaşma ilə kifayətlənilmir. Bu halda vəziyyətə yenidən baxılır, əlaqələndirmə gücləndirilir və əlavə dəstək tədbirləri müəyyən edilir.
8.7. İşin sənədləşdirilməsi, monitorinqi və nəticələrinin qiymətləndirilməsi şagird üzrə görülən tədbirlərin səmərəliliyinin müəyyən edilməsi və sonrakı dəstək tədbirlərinin dəqiqləşdirilməsi məqsədi daşıyır.
9. Yekun müddəalar
9.1. Bu Qaydalar məktəbdə risk daşıyan və dəstəyə ehtiyacı olan şagirdlərlə işin vahid yanaşma əsasında təşkilində rəhbər tutulur.
9.2. Bu Qaydaların tətbiqi zamanı məktəbdə qüvvədə olan digər normativ sənədlərin tələbləri nəzərə alınır.
9.3. Bu Qaydaların icrası ilə bağlı ümumi nəzarət məktəb rəhbərliyi tərəfindən həyata keçirilir.
9.4. Bu Qaydalara zərurət yarandıqda müəyyən olunmuş qaydada dəyişiklik və əlavələr edilə bilər.
9.5. Bu Qaydalar təsdiq edildiyi tarixdən tətbiq olunur.

Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin