
Təhsildə Keyfiyyət Təminatı Agentliyi peşə ixtisası üzrə praktiki imtahan keçirib
Peşə ixtisaslarının tanınma imtahanları, sertifikatlaşdırma prosesləri barədə xəbərləri öyrənmək üçün direktor.az-a abunə olun. Qeyri-formal və informal təhsilin qiymətləndirilməsi qaydalarını, peşə təhsili müəssisələrindəki yeniliklər üçün bizi izləyin.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən qeyri-formal və informal təhsilin tanınması istiqamətində “İnşaat ustası” peşə ixtisası üzrə praktiki imtahan keçirilib. İmtahan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliydən bildirilib. TKTA-nın Hüquq təminatı departamentinin direktoru Vüqar Bağırlının sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Fuad Mehdizadə və “Sinteks Group”un Biznesin inkişafı üzrə mütəxəssisi Nuranə Hüseynli yer alıblar. Qiymətləndirmə prosesində sahə üzrə ekspert qismində isə Müşviq Quliyev iştirak edib.
Fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.
Qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesi iki mərhələdən ibarətdir. İlk mərhələdə ərizəçilər biliklərin qiymətləndirilməsi məqsədilə nəzəri imtahanlara cəlb olunurlar. Bu mərhələdə, sualların 50 faizindən çoxunu düzgün cavablandıran ərizəçi praktiki imtahana yəni bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi mərhələsinə buraxılır. Praktiki imtahanda isə tapşırığın ən azı 50 faizini düzgün icra edən ərizəçi “məqbul”, 50 faizindən az hissəsini düzgün icra edən ərizəçi isə “qeyri-məqbul” nəticəsi əldə edir. Hər iki mərhələdə uğur qazanan şəxslərə yekunda müvafiq peşə sənədi təqdim edilir.
Qeyd edək ki, TKTA tərəfindən təqdim edilən diplom və sertifikat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən sahibinə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir. Eyni zamanda sözügedən diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək hüququ verir.
İmtahanlarda iştirak etmək istəyən şəxslər müvafiq keçid linki vasitəsilə qeydiyyatdan keçə bilər (https://tinyurl.com/53jmtf8z), həmçinin (+99450) 443-77-89 mobil nömrəsi ilə əlaqə saxlaya və ya TKTA-nın rəsmi internet səhifəsi vasitəsilə (https://tkta.edu.az) müraciət edə bilərlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

