
Ümumi təhsil haqqında Qanun I Fəsil -ÜMUMİ MÜDDƏALAR
Məktəbşünas
Müəllif
Ümumi təhsil haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Azərbaycan Respublikasında ümumi təhsil “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində Azərbaycan xalqının dəyərlərinin və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.
1-ci fəsil. ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. ümumi təhsil – təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsi;
1.0.2. ümumi təhsil müəssisəsi – ümumi təhsil pilləsinin hər üç səviyyəsinin və ya hər hansı səviyyəsinin (səviyyələrinin) təşkil olunduğu təhsil müəssisəsi;
1.0.3. ümumi orta təhsil – ümumi təhsilin icbari hesab olunan və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan səviyyəsi;
1.0.4. internat tipli ümumi təhsil müəssisələri – sutkalıq əsasda fəaliyyət göstərən və ayrı-ayrı kateqoriyadan olan təhsilalanlar üçün müvafiq təhsil proqramları əsasında təhsil prosesinin həyata keçirildiyi ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi;
1.0.5. ümumi təhsil pilləsinin səviyyələri – ümumi təhsil pilləsini təşkil edən və varislik əsasında hər biri üzrə müvafiq tədris proqramlarının həyata keçirildiyi ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri;
1.0.6. ümumi təhsil müəssisəsinin akkreditasiyası – təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilməsi prosesi;
1.0.7. ümumi təhsil müəssisələrində psixoloji xidmət – valideynlərlə, rəhbər və pedaqoji işçilərlə əməkdaşlıq yolu ilə şagirdlərin meyil və maraqlarının, təhsil, sosial-mənəvi problemlərinin öyrənilməsini və onlara zəruri hallarda pedaqoji-psixoloji dəstək göstərilməsini təmin edən xidmət növü;
1.0.8. ümumi təhsilin dövlət standartı – ümumi təhsilin məzmununa, idarə olunmasına, infrastrukturuna, maddi-texniki və tədris bazasına, təhsilverənlərin keyfiyyət göstəricilərinə, təhsilalanların bilik, bacarıq və vərdişlərinə verilən minimum tələb və normaları əhatə edən ümumi normalar məcmusu;
1.0.9. ümumi təhsil proqramı (kurikulum) – fənlər üzrə kurikulumları, dərsdənkənar məşğələləri (fakültativ kursları), məktəbdənkənar təhsil proqramlarını, tədris planlarını özündə əks etdirən dövlət sənədi;
1.0.10. akkreditasiya şəhadətnaməsi – müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) tərəfindən verilən və ümumi təhsil müəssisəsinin fəaliyyətinin davam etdirilməsinə hüquqi əsas yaradan sənəd;
1.0.11. azkomplektli məktəb – paralel siniflərsiz və şagirdlərinin ümumi sayı 100 nəfərdən az olan məktəb;
1.0.12. beynəlxalq akkreditasiya – ümumi təhsil müəssisənin fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun beynəlxalq təşkilatlar tərəfindən könüllü əsasda qiymətləndirilməsi;
1.0.13. beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı – beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən və məzunlarına iki və daha çox xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramı;
1.0.14. defektoloq – əqli və ya fiziki məhdudiyyətləri olan uşaqların təhsili və korreksiyası ilə məşğul olan ali təhsilli mütəxəssis;
1.0.15. dərsdənkənar məşğələ (fakültativ kurs) – şagirdlərin meyil, maraq və qabiliyyətinə uyğun olaraq, biliklərinin genişlənməsinə, yaradıcılıq qabiliyyətinin inkişafına və peşəyönümünə yönəlmiş məşğələ forması;
1.0.16. fənn kurikulumu – fənnin məqsəd və vəzifələrini, fənnin tədrisinə verilən tələbləri, ümumi təhsilin səviyyələri və hər bir sinif üzrə təlim nəticələrini, təlim strategiyalarını, fəndaxili və fənlərarası inteqrasiyanı, qiymətləndirmə vasitələri və meyarlarını, təlim materiallarının planlaşdırılması üzrə metodik tövsiyələri özündə ehtiva edən sənəd;
1.0.17. günüuzadılmış qrup – dərsdən sonrakı və ya dərsdən əvvəlki vaxtlarda fəaliyyət göstərən və ibtidai sinif şagirdlərinin inkişafına yönəlmiş təşkilati forma;
1.0.18. himayəçilər şurası – ümumi təhsil müəssisəsinin fəaliyyətində, mövcud problemlərinin həllində yaxından iştirak edən, təhsil müəssisəsinə ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən göstərilən yardımların toplanması, qeydiyyata alınması və istifadə olunmasına ictimai nəzarəti həyata keçirən, könüllülərdən ibarət özünüidarəetmə orqanı;
1.0.19. ibtidai təhsil – ümumi təhsilin birinci səviyyəsi;
1.0.20. icbari dispanserizasiya – uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə sistemi;
1.0.21. inklüziv təhsil – sağlamlıq imkanları məhdud olan uşaqların ümumi təhsil müəssisəsində xüsusi şərait yaratmaqla xüsusi təlim vasitəsilə sağlam şagirdlərlə eyni sinifdə təhsilə cəlb edilməsi;
1.0.22. innovasiya (ümumi təhsildə) – təhsilin məzmunu, qiymətləndirilməsi və idarəolunması, təlim strategiyaları və metodikalarının keyfiyyətcə yaxşılaşdırılması sahəsində tətbiq edilən yeniliklər;
1.0.23. inteqrasiya (ümumi təhsildə) – təlim prosesini təşkil edən mərhələlər və müxtəlif fənlər üzrə məzmun standartları arasında üzvi əlaqələrin qurulmasını ehtiva edən didaktik prinsip;
1.0.25. qabaqcıl (yaradıcı) pedaqoji təcrübə – müəllim tərəfindən pedaqoji prosesdə orijinal metodlar, vasitələr, üsullar tətbiq edilməklə, pedaqoji ustalıq və novatorluq nümayiş etdirilməklə innovativ fəaliyyət nəticəsində səmərəli nəticələr əldə edilməsi;
1.0.26. loqoped – uşaqların nitq pozuntularının korreksiyasını həyata keçirən ali təhsilli mütəxəssis;
1.0.27. məktəbəhazırlıq təhsili – 5 yaşlı uşaqların məktəb təliminə psixoloji hazırlığının təmin edilməsi məqsədilə təşkil edilən ümumi təhsilin ilk mərhələsi;
1.0.28. metodik şura – ümumi təhsil müəssisəsində metodik xidmətin təşkili və həyata keçirilməsini təmin edən qurum;
1.0.29. metodist – ümumi təhsil müəssisələrində müvafiq fənnin tədrisinə metodik rəhbərliyi həyata keçirən, müasir təlim metodları və texnologiyalarının tətbiqi üzrə müəllimlərə bələdçilik xidməti göstərən ali pedaqoji təhsilli mütəxəssis;
1.0.30. müəllim köməkçisi – inklüziv təhsilin həyata keçirildiyi ümumi təhsil müəssisələrində pedaqoji prosesin təşkilində müəllimə kömək edən ixtisaslı mütəxəssis;
1.0.31. pedaqoji fəaliyyət – təhsilalanların bilik və bacarıqlara yiyələnməsinə, Azərbaycan xalqının dəyərləri və ümumbəşəri dəyərlər ruhunda tərbiyəsinə, şəxsiyyət kimi formalaşmasına yönəlmiş fəaliyyət;
1.0.32. pedaqoji şura – ümumi təhsil müəssisəsinin kollegial ali idarəetmə orqanı;
1.0.33. sağlamlıq imkanları məhdud olan şəxs – xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxs;
1.0.34. sertifikatlaşdırılma – dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru;
1.0.35. sinifdənxaric və məktəbdənkənar tədbir – ümumi təhsil müəssisəsində və ya ümumi təhsil müəssisəsindən kənar yerlərdə şagirdlərin əlavə bilik və bacarıqlar əldə etməsinə, dünyagörüşünün və məlumatlılıq səviyyəsinin genişlənməsinə, habelə asudə vaxtının səmərəli təşkilinə yönəlmiş tədbirlər;
1.0.36. stasionar təhsil – uzunmüddətli müalicədə olan şəxslər üçün müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydada ümumi təhsilin müalicə müəssisələrində müvafiq təhsil proqramlarına uyğun təşkili;
1.0.37. tam orta təhsil – ümumi təhsilin ayrı-ayrı təmayüllər üzrə və ya təmayüllər olmadan təşkil edilən və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan üçüncü səviyyəsi;
1.0.38. tədris proqramı – hər bir fənnin kurikulumunda təsbit olunmuş məzmun standartlarının reallaşdırılmasına xidmət edən tədris vahidlərinin ümumi məcmusu;
1.0.39. təhsil xidmətləri – “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş xidmətlər, o cümlədən ümumi təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq həyata keçirdiyi xidmətlər;
1.0.40. təlim metodu – müəllim və şagird arasında proqramda nəzərdə tutulmuş bilik, bacarıq və vərdişlərin ötürülməsi və mənimsənilməsinə, təlimin öyrədici, inkişafetdirici və tərbiyəedici məqsədlərinə nail olunmasına xidmət edən qarşılıqlı proses;
1.0.41. təlim strategiyası – psixoloji və didaktik prinsiplər əsasında müəyyən edilib təhsil prosesində tətbiq olunan forma, metod, üsul və vasitələrin məcmusu;
1.0.42. təmayülləşmə – tam orta təhsil səviyyəsində təlimin şagirdlərin meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə müvafiq fənlərə üstünlük verilməklə xüsusi tədris planı və proqramları əsasında təşkili;
1.0.43. xüsusi təhsil müəssisəsi – sağlamlıq imkanları məhdud olan şəxslərin təhsil alması üçün xüsusi dövlət təhsil standartları və proqramları əsasında təhsil prosesini həyata keçirən təhsil müəssisəsi;
1.0.44. inteqrasiya təlimli təhsil müəssisəsi – sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumi təhsil müəssisəsi.
Maddə 2. Ümumi təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Ümumi təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Təhsil haqqında”, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunlarından, bu Qanundan, ümumi təhsil sahəsində münasibətləri nəzərdə tutan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Ümumi təhsil haqqında Azərbaycan Respublikası qanunvericiliyinin əsas məqsədi vətəndaşların ümumi təhsil sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibətləri tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir.
2.3. Bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri yanındakı təhsil müəssisələrinə şamil edilmir.
Maddə 3. Ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri və istiqamətləri
3.1. Ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
3.1.1. humanistlik – Azərbaycan xalqının dəyərlərinin və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması;
3.1.2. bərabərlik – ümumi təhsilin əlçatanlığı, bütün şagirdlər üçün bərabər təhsil şəraitinin yaradılması və onların təhsil hüququnun təmin edilməsi;
3.1.3. inteqrasiya – ümumi təhsil sisteminin mütərəqqi beynəlxalq təhsil təcrübələrinə uyğunlaşdırmaqla inkişaf etdirilməsi;
3.1.4. keyfiyyətlilik – ümumi təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;
3.1.5. varislik – ümumi təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti nəslə ötürülməsi;
3.1.6. çeviklik – ümumi təhsil sisteminin sosial-iqtisadi həyatda baş verən dəyişikliklərə adekvat uyğunlaşması, yeniliklərin qiymətləndirilib vaxtında tətbiq edilməsi;
3.1.7. fasiləsizlik, vəhdətlik – mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında qarşılıqlı əlaqənin təmin olunması;
3.1.8. demokratiklik – təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkili və idarə edilməsinin genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması.
3.2. Ümumi təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:
3.2.1. ümumi təhsilin məzmununun fərdin, cəmiyyətin və dövlətin tələblərinə, elmi-texniki tərəqqinin inkişafına çevik uyğunlaşdırılması;
3.2.2. ümumi təhsilin inkişafı üçün stimullaşdırıcı tədbirlərin tətbiqi;
3.2.3. sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsilinin təşkili;
3.2.4. ümumi təhsilin müasir infrastrukturunun yaradılması və davamlı inkişafının təmin edilməsi;
3.2.5. ümumi təhsilin inkişafı üzrə dövlət proqramlarının təsdiqi və həyata keçirilməsi;
3.2.6. ümumi təhsil sisteminin dayanıqlı maliyyələşdirilməsinin təmin edilməsi;
3.2.7. təhsilverənlərin peşəkarlıq səviyyəsinin davamlı olaraq yüksəldilməsi.
Maddə 4. Ümumi təhsil sahəsində dövlətin vəzifələri
4.0. Ümumi təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
4.0.1. ümumi təhsil sahəsində dövlət siyasətini formalaşdırmaq(Azərbaycan Respublikasının Prezidenti)və həyata keçirmək;(Azərbaycan Respublikasının Nazirlər Kabineti,Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi)
4.0.2. ümumi təhsil sisteminin inkişaf prioritetlərini müəyyənləşdirmək;(Azərbaycan Respublikasının Prezidenti)
4.0.3. ümumi təhsil sisteminin inkişafı məqsədilə dövlət proqramlarını təsdiq etmək və onların icrasına nəzarəti həyata keçirmək;(Azərbaycan Respublikasının Prezidenti)
4.0.4. ümumi təhsilə dair normativ hüquqi aktlar qəbul etmək;(Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti,Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi)
4.0.5. ümumi təhsilin dövlət standartlarını təsdiq etmək(Azərbaycan Respublikasının Nazirlər Kabineti) və icrasına nəzarəti həyata keçirmək;(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi)
4.0.6. sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartlarını təsdiq etmək;(Azərbaycan Respublikasının Nazirlər Kabineti)
4.0.7. ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydasını təsdiq etmək;(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi)
4.0.8. ümumi təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin həcmini, maliyyə mexanizmlərini və normativlərini müəyyənləşdirmək(ümumi təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin həcmini müəyyən etmək üzrə-Azərbaycan Respublikasının Prezidenti, ümumi təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin maliyyə mexanizmlərini və normativlərini müəyyən etmək üzrə-Azərbaycan Respublikasının Nazirlər Kabineti) və icrasına nəzarət etmək;(Azərbaycan Respublikasının Maliyyə Nazirliyi)
4.0.9. dövlət ümumi təhsil müəssisələrinin rəhbərlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək;(Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, tabeliyində ümumi təhsil müəssisələri olan icra hakimiyyəti orqanları)
4.0.10. dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisələrinin nümunəvi nizamnaməsini təsdiq etmək(Azərbaycan Respublikasının Nazirlər Kabineti), bələdiyyə və özəl ümumi təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək;(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi)
4.0.11. tədris ilinin müddətini müəyyən etmək;(Azərbaycan Respublikasının Nazirlər Kabineti)
4.0.12. ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin müvafiq icra hakimiyyəti оrqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi qaydada hazırlanmasını təmin etmək;(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi)
4.0.13. ümumi təhsil müəssisələrinin tədris, metodik, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal tədris resursları və digər texniki vasitələrlə təminatını həyata keçirmək;(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, tabeliyində ümumi təhsil müəssisələri olan icra hakimiyyəti orqanları)
4.0.14. özəl və bələdiyyə ümumi təhsil müəssisələrinin fəaliyyətini təşviq etmək və dəstəkləmək, onlara metodik kömək göstərmək;(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi)
4.0.15. ümumi təhsil müəssisələrinin infrastrukturuna, tikintisinə, maddi-texniki təchizatına dair vahid normaları, ümumi sanitariya-gigiyena və təhlükəsizlik tələblərini, şagird yerləri ilə təminat normativlərini təsdiq etmək;(Azərbaycan Respublikasının Nazirlər Kabineti)
4.0.16. dövlət ümumi təhsil müəssisələrinin nümunəvi ştatlarını və xərc normalarını müəyyən etmək;(Azərbaycan Respublikasının Nazirlər Kabineti)
4.0.17. ümumi təhsil sistemində çevik idarəetmə və qərar qəbul etməni təmin edən Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemini (TMİS) yaratmaq və onun digər təhsil pillələri üzrə elektron məlumat bazalarına inteqrasiyasını təmin etmək;(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi)
4.0.18. təlim-tərbiyə prosesində müasir təhsil texnologiyalarının və innovasiyaların tətbiqinə, təhsilverənlərin peşəkar inkişafına şərait yaratmaq;(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, tabeliyində ümumi təhsil müəssisələri olan icra hakimiyyəti orqanları)
4.0.19. ümumi təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi)
4.0.20. ümumi təhsil müəssisəsinin (dövlət ümumi təhsil müəssisələri istisna olmaqla) fəaliyyətinə lisenziya vermək və ya onu ləğv etmək;(Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi)
4.0.21. ümumi təhsil müəssisəsinin akkreditasiyası və təhsilverənlərinin sertifikatlaşdırılması qaydasını müəyyən etmək(Azərbaycan Respublikasının Nazirlər Kabineti), akkreditasiyanı və sertifikatlaşdırılmanı həyata keçirmək;(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi)
4.0.22. ümumi təhsil müəssisəsində pulsuz tibbi xidmətin təşkili qaydasını müəyyənləşdirmək ;(Azərbaycan Respublikasının Nazirlər Kabineti)
4.0.23. ümumi təhsil sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi məqsədi ilə investisiya mühitinin yaradılmasını təmin etmək;(Azərbaycan Respublikasının Nazirlər Kabineti)
4.0.24. Azərbaycan Respublikasının vətəndaşı olan, həmçinin Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümumi təhsil müəssisələrində bərabər şərtlərlə təhsil almaq hüququnu təmin etmək;(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, tabeliyində ümumi təhsil müəssisələri olan icra hakimiyyəti orqanları)
4.0.25. dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün geyim formalarının təsvirlərini təsdiq etmək;(Azərbaycan Respublikasının Nazirlər Kabineti)
4.0.26. ümumi təhsil pilləsində təhsilalanların attestasiyası(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi), yekun attestasiyası qaydalarını müəyyən etmək(Azərbaycan Respublikasının Nazirlər Kabineti) və yekun attestasiyanı həyata keçirmək;(ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun attestasiyasını həyata keçirmək üzrə-Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi)
4.0.27. ümumi təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normasını müəyyən etmək;(Azərbaycan Respublikasının Nazirlər Kabineti)
4.0.28. dövlət ümumi təhsil müəssisələrinin müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsini həyata keçirmək;(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi)
4.0.29. dövlət ümumi təhsil müəssisələrinin müəllimlərə tələbatını müəyyən etmək, müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarını təsdiq etmək, habelə kadr təminatını həyata keçirmək (Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi);
4.0.30. məktəb yaşlı uşaqların icbari ümumi orta təhsilə cəlbini təmin etmək, icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət etmək;(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi)
4.0.31. ümumi təhsil haqqında dövlət sənədlərinin təsvirlərini və onların verilməsi qaydasını təsdiq etmək;(Azərbaycan Respublikasının Nazirlər Kabineti)
4.0.32. ümumi təhsil müəssisələrində təhsilalanların peşəyönümü işini təşkil etmək.(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, tabeliyində ümumi təhsil müəssisələri olan icra hakimiyyəti orqanları)
Maddə 5. Ümumi təhsil hüququna dövlət təminatı
5.1. Dövlət hər bir vətəndaşın ümumi təhsil alması üçün müvafiq şərait yaradılmasına təminat verir və ümumi təhsilin hər hansı səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir.
5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa ümumi təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.
5.3. Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrinə qəbul olunmada, biliyin qiymətləndirilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində və digər məsələlərdə cinsindən asılı olmayaraq hər bir vətəndaşa bərabər imkanlar yaradılmasını təmin edir.
5.4. Dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalanın pulsuz ümumi təhsil almaq hüququ vardır.
5.5. Dövlət ümumi təhsil sahəsində istedadlı uşaq və gənclərin vaxtında aşkar olunması, inkişafı və dəstəklənməsinə, maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir.
Maddə 6. Tədris dili
6.1. Ümumi təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir.
6.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının(Azərbaycan Respublikasının Prezidenti ) müəyyən etdiyi orqanla (qurumla)(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) razılaşmaya uyğun olaraq, ümumi təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər.
6.3. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır.
6.4. Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti оrqanının(Azərbaycan Respublikasının Prezidenti ) müəyyən etdiyi orqanın (qurumun)(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilirlər.
6.5. Azərbaycan dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti оrqanının(Azərbaycan Respublikasının Prezidenti ) müəyyən etdiyi orqanın (qurumun)(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur.
Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.

