
Ümumi təhsil haqqında Qanun II Fəsil - ÜMUMİ TƏHSİLİN TƏŞKİLİ
Məktəbşünas
Müəllif
2-ci fəsil. ÜMUMİ TƏHSİLİN TƏŞKİLİ
Maddə 7. Ümumi təhsilin mahiyyəti və məqsədi
7.1. Ümumi təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin bir pilləsi olmaqla fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınaraq davamlı inkişaf etdirilən və təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir.
7.2. Ümumi təhsil aşağıdakı məqsədlərə xidmət edir:
7.2.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə, xalqının adət və ənənələrinə, insan hüquqları və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, sərbəst qərarlar qəbul etməyi bacaran, müstəqil, yaradıcı düşünən, sağlam həyat tərzinə, müasir dünyagörüşünə, yüksək mədəniyyətə və intellektə malik vətəndaş və şəxsiyyət yetişdirmək;
7.2.2. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq;
7.2.3. təhsilalanların Azərbaycan xalqının dəyərləri və bəşəri dəyərlər ruhunda tərbiyə olunmasını, dövlət maraqları və azərbaycançılıq məfkurəsi əsasında formalaşdırılmasını təmin etmək.
Maddə 8. Ümumi təhsilin dövlət standartları
8.1. Ümumi təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur.
8.2. Ümumi təhsilin dövlət standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti оrqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
8.3. Tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, ümumi təhsil müəssisələrində təhsil ümumi təhsilin dövlət standartlarına uyğun təşkil edilir.
8.4. Ümumi təhsilin dövlət standartları bu təhsil pilləsinin məzmununu, idarə olunmasını, maddi-texniki bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini, həmçinin tədris olunan fənləri, ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ (fakültativ kurs) saatlarının ümumi miqdarını, ümumi təhsilin təşkilinə verilən ümumi pedaqoji tələbləri, ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi sistemini müəyyən edir.
8.5. Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları tətbiq edilir.
8.6. Ümumi təhsil müəssisəsinin akkreditasiyasında, təhsilalanların attestasiyasının aparılmasında və yekun attestasiyasında dövlət təhsil standartları əsas götürülür.
Maddə 9. Ümumi təhsil proqramı (kurikulum)
9.1. Ümumi təhsil proqramı (kurikulum) səviyyələr üzrə ümumi təhsilin məzmununu müəyyənləşdirir.
9.2. Ümumi təhsil proqramı (kurikulum) ümumi təhsilin dövlət standartlarına və ümumi təhsilin məzmununa dair bu Qanunla müəyyən olunan ümumi tələblər nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti оrqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) tərəfindən təsdiq edilir.
9.3. Ümumi təhsil proqramına (kurikuluma) daxildir:
9.3.1. fənlər üzrə kurikulumlar;
9.3.2. dərsdənkənar məşğələlər (fakültativ kurslar);
9.3.3. məktəbdənkənar təhsil proqramları;
9.3.4. tədris planları.
9.4. Fənn kurikulumuna daxildir:
9.4.1. fənnin məqsəd və vəzifələri;
9.4.2. fənnin tədrisinə verilən tələblər;
9.4.3. ümumi təhsilin səviyyələri və hər bir sinif üzrə təlim nəticələri;
9.4.4. təlim strategiyaları;
9.4.5. fəndaxili və fənlərarası inteqrasiya;
9.4.6. qiymətlən¬dirmə vasitələri və meyarları;
9.4.7. təlim materiallarının planlaşdırılması üzrə metodik tövsiyələr.
9.5. Ümumi təhsil müəssisələrində təhsilalanlara tədris edilən ümumi təhsil fənləri dövlət təhsil proqramları əsasında keçirilir.
9.6. Sağlamlıq imkanları məhdud olan şəxslərin sosial bacarıqlarının inkişafını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi təhsil proqramları (kurikulumlar) həyata keçirilir.
9.7. Müvafiq maddi-texniki bazası və ixtisaslı kadr potensialı olduğu halda, Azərbaycan Respublikasının ümumi təhsil sistemində beynəlxalq təhsil proqramları da həyata keçirilə bilər.
Maddə 10. Ümumi təhsilin məzmununa verilən ümumi tələblər
10.1. Ümumi təhsilin məzmununa dair ümumi tələblər aşağıdakılardır:
10.1.1. fərdin, dövlətin, cəmiyyətin dövrə uyğun sosial sifarişinin, maraq və tələbatlarının təmin edilməsi;
10.1.2. təhsilalanların yaşına, fizioloji-psixoloji xüsusiyyətlərinə uyğun olaraq, onların əqli, fiziki, mənəvi, estetik inkişafının, müstəqil əmək və təhsil həyatına hazırlanmasının, cəmiyyətin faydalı və məhsuldar üzvünə çevrilməsinin təmin olunması;
10.1.3. şəxsiyyətin formalaşması üçün təhsilalanların zəruri nəzəri və praktik biliklərlə yanaşı, həyati bacarıq və dəyərlərə yiyələnməsinin təmin edilməsi;
10.1.4. ümumi təhsil pilləsində verilmiş biliklərin müstəqil həyatda təhsilalanlar üçün faydalı olmasının təmin edilməsi;
10.1.5. istedadın reallaşması və inkişafının təmin edilməsi.
Maddə 11. Ümumi təhsil sisteminin quruluşu
11.1. Ümumi təhsil sisteminə aşağıdakılar daxildir:
11.1.1. bütün ümumi təhsil müəssisələri, ümumi təhsil prosesi ilə məşğul olan və ümumi təhsil xidmətləri göstərən digər qurumlar, ümumi təhsil fəaliyyəti ilə bağlı informasiya mərkəzləri, idman, sağlamlıq və istirahət düşərgələri, ümumi təhsili idarəetmə orqanları və onların tabeliyindəki qurumlar;
11.1.2. ümumi təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, assosiasiya və cəmiyyətlər, elmi-metodik şuralar.
11.2. Ümumi təhsilin səviyyələri aşağıdakılardır:
11.2.1. məktəbəhazırlıq mərhələsi (5 yaş);
11.2.2. ibtidai təhsil (I-IV siniflər);
11.2.3. ümumi orta təhsil (V-IX siniflər);
11.2.4. tam orta təhsil (X-XI siniflər).
Maddə 12. Ümumi təhsil müəssisəsi
12.1. Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsi publik hüquqi şəxsdir.
12.2. Mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq, ümumi təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla, öz nizamnaməsi əsasında həyata keçirilir.
12.3. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl ümumi təhsil müəssisələri fəaliyyət göstərir.
12.4. Ümumi təhsil müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır.
12.5. Ümumi təhsil müəssisəsində iş rejimi müəssisənin Pedaqoji Şurası tərəfindən müəyyən edilir.
12.6. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yaradılır.
12.7. Özəl ümumi təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
12.8. Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları müvafiq icra hakimiyyəti оrqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
12.9. Dövlət ümumi təhsil müəssisəsinin nizamnaməsi və ona dəyişikliklər müvafiq icra hakimiyyəti оrqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(tabeliyində ümumi təhsil müəssisələri olan icra hakimiyyəti orqanları, tabeliyindəki ümumi təhsil müəssisələrinə, həmçinin Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təklifi əsasında onların tabeliyində yaradılması nəzərdə tutulan ümumi təhsil müəssisələrinə münasibətdə-Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) tərəfindən təsdiq edilir.
12.10. Bələdiyyə və özəl ümumi təhsil müəssisələrinin nizamnamələri və onlarda edilən dəyişikliklər təsisçilər tərəfindən müvafiq icra hakimiyyəti оrqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun)(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) rəyi nəzərə alınmaqla təsdiq edilir.
12.11. Ümumi təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına yol verilmir.
12.12. Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələri Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (TMİS-ə) və “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdır.
12.13. Dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün təsvirləri müvafiq icra hakimiyyəti оrqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir.
12.14. Ümumi təhsil müəssisələrinin aşağıdakı növləri vardır:
12.14.1. ibtidai ümumtəhsil məktəbi;
12.14.2. ümumi orta ümumtəhsil məktəbi;
12.14.3. tam orta ümumtəhsil məktəbi;
12.14.4. lisey;
12.14.5. gimnaziya;
12.14.6. inteqrasiya təlimli ümumtəhsil məktəbi;
12.14.7. xüsusi ümumtəhsil məktəbi;
12.14.8. ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;
12.14.9. internat tipli lisey;
12.14.10. internat tipli gimnaziya;
12.14.11. inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;
12.14.12. internat tipli xüsusi ümumtəhsil məktəbi;
12.14.13. internat tipli sanator ümumtəhsil məktəbi;
12.14.14. digər məktəblər.
12.15. Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarını müvafiq icra hakimiyyəti оrqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən edir.
12.16. Təhsilalanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədi ilə ümumi təhsil müəssisəsində müvafiq icra hakimiyyəti оrqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi qaydada mühafizə xidməti təşkil edilir.
Maddə 13. Ümumi təhsilin təşkili
13.1. Ümumi təhsil müəssisəsində təhsil prosesi öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşıyır.
13.2. Ümumi təhsil fərdin, cəmiyyətin, dövlətin maraqlarına uyğun olaraq, təhsilalanların fənlər vasitəsilə müvafiq elm sahələri üzrə zəruri bilik və bacarıqlara yiyələnməsini, Azərbaycan xalqının dəyərləri və ümumbəşəri dəyərlər əsasında tərbiyə olunmasını, sağlam həyat tərzini, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrini dərk etməsini, müstəqil surətdə əlavə biliklər və şəxsiyyəti formalaşdıran həyati bacarıqlar əldə etməsini, intellektual və fiziki inkişafını, cəmiyyətə inteqrasiyasını və sosiallaşmasını, rəqabətqabiliyyətli olmasını, peşə seçimini, əmək fəaliyyətinə hazırlığını və növbəti pillədə təhsil almaq imkanını təmin edir.
13.3. Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir.
13.4. Azərbaycan Respublikasında məktəbəhazırlıq mərhələsi 5 yaşdan, ibtidai təhsil 6 yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da ümumi təhsil müəssisəsinə qəbul edilirlər.
13.5. Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu müvafiq icra hakimiyyəti оrqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun)(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) müəyyən etdiyi qaydada həyata keçirilir.
13.6. Ümumtəhsil məktəbi ibtidai, ümumi orta, tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.
13.7. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol verilir. Şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunur.
13.8. Ümumi təhsil müəssisəsində ibtidai sinif şagirdlərinin proqram materiallarını səmərəli mənimsəmələrinə, təlim nailiyyətlərinin yaxşılaşdırılmasına, dünyagörüşünün formalaşdırılmasına, idraki və kommunikativ bacarıqlarının inkişafına dəstək məqsədilə günüuzadılmış qruplar yaradılır. Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili qaydasını müvafiq icra hakimiyyəti оrqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) müəyyən edir.
13.9. Ümumi təhsilin səviyyələri üzrə müddəti, bir səviyyəsindən digər səviyyəsinə keçid qaydası müvafiq icra hakimiyyəti оrqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
13.10. Tədris ilinin müddətini müvafiq icra hakimiyyəti оrqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən edir.
13.11. Ümumi təhsil ümumi təhsil müəssisələrində, peşə və orta ixtisas təhsili müəssisələrində, habelə ali təhsil müəssisələrinin tabeliyində yaradılan məktəblərdə həyata keçirilir.
13.12. Ümumi təhsil sistemində təhsilalanların idman və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə məktəbdənkənar təhsil proqramları tətbiq olunur. Məktəbdənkənar təhsil məktəbdənkənar (yaradıcılıq və inkişaf mərkəzləri, ekologiya və turizm mərkəzləri, uşaq-gənclər idman-şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri və s.) və ümumi təhsil müəssisələrində həyata keçirilir.
13.12-1. Ümumi təhsil müəssisələri tərəfindən yetkinlik yaşına çatmayanların öz inkişaf səviyyələrinə uyğun cinsi istismar və cinsi zorakılıq təhlükələri, habelə özünümüdafiə vasitələri barədə məlumat almaları təmin edilir. Bu zaman uşaqlara cinsi tərbiyəyə dair ümumi məlumat verilir, təhlükəli vəziyyətlərə, xüsusilə yeni informasiya və kommunikasiya texnologiyalarından istifadədən irəli gələn hallara xüsusi diqqət yetirilir. Belə məlumatların təqdim edilməsinə yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri cəlb edilə bilərlər.
13.13. Ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil proqramları (kurikulumlar) əsasında həyata keçirilir.
13.14. İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.
13.15. Ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.
13.16. Tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata hazırlanması, onlarda fəal vətəndaş mövqeyinin və rəqabətqabiliyyətliliyin, ümumbəşəri dəyərlərə tolerant münasibətin formalaşdırılması, müasir informasiya mənbələrindən sərbəst və səmərəli istifadə etməsi, iqtisadi dünyagörüşə yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur.
13.17. Mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesi dövlət təhsil standartlarına uyğun hazırlanmış və ya beynəlxalq səviyyədə akkreditasiya olunan müvafiq təhsil proqramları (kurikulumlar) əsasında həyata keçirilir.
13.18. Ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və s.) təşkil edilir. Təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.
13.19. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar müvafiq icra hakimiyyəti оrqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi qaydada qızıl və ya gümüş nişanla təltif olunurlar.
13.20. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir.
13.21. Xüsusi proqram əsasında təhsil verən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar.
13.22. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) tərəfindən müəyyən edilir.
13.23. Dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər.
13.24. Ümumi təhsil müəssisəsində formal təhsil həyata keçirilir.
13.25. Ümumi təhsilin səviyyələri üzrə təhsilalma formaları aşağıdakı kimi müəyyən edilir:
13.25.1. ibtidai təhsil - əyani, sərbəst (eksternat);
13.25.2. ümumi orta - əyani, sərbəst (eksternat);
13.25.3. tam orta - əyani, sərbəst (eksternat).
13.26. Bu Qanunda müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər.
13.27. Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Həmin olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
13.28. Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə ümumi təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
13.29. Təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması məqsədilə ümumi təhsil müəssisələrində peşəyönümü xidməti təşkil edilir. Peşəyönümü xidməti müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 14. Ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyası
14.1. Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi və təhsil haqqında dövlət sənədinin verilməsi məqsədi ilə ümumi təhsil müəssisələrinin buraxılış siniflərində (IX və XI sinif) təhsilalanların müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi qaydada yekun attestasiyası keçirilir.
14.2. Təhsilalanların nailiyyətlərinin izlənilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun)(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) təsdiq etdiyi qaydada təhsilalanların attestasiyası (məktəbdaxili qiymətləndirmə) təşkil edilir.
14.3. Ümumi təhsil sistemində baş verən dəyişiklikləri və kurikulumların keyfiyyətini dəyərləndirmək məqsədi ilə ümumi təhsil müəssisələrində ölkə səviyyəli qiymətləndirmə keçirilir.
14.4. Təhsilin vəziyyəti barədə məlumatlar əldə etmək, nəticələri digər ölkələrin nəticələri ilə müqayisə etmək və ümumi təhsilin inkişaf istiqamətlərini müəyyənləşdirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) ümumi təhsil müəssisələrinin beynəlxalq qiymətləndirmə proqramlarında iştirakı barədə qərar qəbul edə bilər.
Maddə 15. Ümumi təhsil müəssisəsinin təsisçisi
15.1. Ümumi təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyə, Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi şəxsləri, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.
15.2.Təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan ümumi təhsil müəssisələrinin müəllim heyətinin tərkibində Azərbaycan Respublikasının vətəndaşları sayca üstünlük təşkil etməlidir. Yerli kadr potensialı buna imkan vermədikdə, say nisbəti dəyişdirilə bilər.
15.3. Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51%-dən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Bu təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyi müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanla (qurumla)(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) razılaşdırılır. Həmin təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması təhsil müəssisəsi rəhbərinin və onun müavininin namizədliyi razılaşdırıldıqdan sonra həyata keçirilir.
15.4. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Publik hüquqi şəxslər haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
Maddə 16. Ümumi təhsil fəaliyyətinin lisenziyalaşdırılması və ümumi təhsil müəssisəsinin akkreditasiyası
16.1. Azərbaycan Respublikasında ümumi təhsil müəssisəsinin (dövlət ümumi təhsil müəssisələri istisna olmaqla) təhsil fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilmiş lisenziya əsasında həyata keçirilir.
16.2. Ümumi təhsil müəssisələrinə lisenziya müddətsiz verilir.
16.3. Xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.
16.4. Ümumi təhsil müəssisəsi ümumi təhsilin dövlət standartlarının tələblərini yerinə yetirmədikdə, lisenziyası “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dayandırılır və ya ləğv edilir.
16.5. Ümumi təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına, zəruri hallarda beynəlxalq standartlara və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və ümumi təhsil müəssisəsinin fəaliyyətinin davam etdirilməsi, onun idarə olunması, maliyyələşdirilməsi və inkişafına dair qərarların qəbul olunmasına əsas yaradır.
16.6. Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq hər bir ümumi təhsil müəssisəsi akkreditasiyadan keçirilir.
16.7. Ümumi təhsil müəssisələrinin akkreditasiyasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumu tutulur.
16.8. Akkreditasiyadan keçən ümumi təhsil müəssisəsinə akkreditasiya şəhadətnaməsi verilir. Akkreditasiya şəhadətnaməsinin qüvvədə olma müddəti 5 (beş) ildir.
16.9. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər hal nəzərdə tutulmamışdırsa, beynəlxalq akkreditasiyadan keçmə ümumi təhsil müəssisəsini dövlət akkreditasiyasından keçməkdən azad etmir.
16.10. Ümumi təhsil müəssisəsi akkreditasiyanın keçirilməsi məqsədilə tələb olunan məlumatların müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi qaydada təqdim olunmasına görə cavabdehlik daşıyır.
16.11. Ümumi təhsil müəssisəsinin akkreditasiyadan keçə bilməməsi onun lisenziyasının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ləğvi üçün əsasdır.
Maddə 17. Ümumi təhsil haqqında dövlət sənədi
17.1. Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin ümumi orta və tam orta səviyyələri üzrə bitirən şəxslərə müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi – attestat verilir.
17.3. Ümumi təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.
17.4. Müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir.
Maddə 18. Ümumi təhsil müəssisəsində psixoloji xidmət
18.1. Ümumi təhsil müəssisələrində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunur və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə psixoloji yardım həyata keçirilir.
18.2. Ümumi təhsil müəssisələrində psixoloji yardım ixtisaslı psixoloq (məktəb psixoloqu) tərəfindən həyata keçirilir.
18.3. Ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
Maddə 19. Ümumi təhsil müəssisəsində iaşə və tibbi xidmət
19.1. Ümumi təhsil müəssisələrində müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi qaydada iaşə və tibbi xidmət təşkil edilir.
19.2. Mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq ümumi təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət həmin təhsil müəssisələri tərəfindən göstərilir.
19.3. Mülkiyyət növündən və tabeçiliyindən asılı olmayaraq ümumi təhsil müəssisələrində “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təhsilalanların icbari dispanserizasiyası həyata keçirilir.
19.4. İcbari dispanserizasiyanın nəticələrinə uyğun olaraq, təhsilalanlara ambulator, stasionar və ya sanatoriya şəraitində tibbi yardım göstərilir.
19.5. Ümumi təhsil müəssisələrində sanitar-gigiyenik normalara riayət edilməsinə, müalicə-profilaktika tədbirlərinin aparılmasına nəzarət müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi) tərəfindən həyata keçirilir.
19.6. Ümumi təhsil müəssisələrində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir.
Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.

