
Ümumi təhsil haqqında Qanun III Fəsil - ÜMUMİ TƏHSİL SİSTEMİNİN İDARƏ OLUNMASI
Məktəbşünas
Müəllif
3-cü fəsil. ÜMUMİ TƏHSİL SİSTEMİNİN İDARƏ OLUNMASI, TƏHSİL SUBYEKTLƏRİNİN HÜQUQLARI, VƏZİFƏLƏRİ VƏ SOSİAL MÜDAFİƏSİ
Maddə 20. Ümumi təhsil müəssisəsinin idarə olunması
20.1. Ümumi təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, “Təhsil haqqında”, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunlarına, bu Qanuna və öz nizamnaməsinə uyğun olaraq idarə edilir.
20.2. Dövlət ümumi təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, tabeliyində ümumi təhsil müəssisələri olan icra hakimiyyəti orqanları) tərəfindən təyin edilmiş dövlət ümumi təhsil müəssisəsinin rəhbəri, bələdiyyə ümumi təhsil müəssisəsinə rəhbərliyi bələdiyyə tərəfindən təyin edilmiş bələdiyyə ümumi təhsil müəssisəsinin rəhbəri, özəl ümumi təhsil müəssisəsinə rəhbərliyi həmin təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) tərəfindən təyin edilmiş özəl ümumi təhsil müəssisəsinin rəhbəri həyata keçirir.
20.3. Ümumi təhsil müəssisəsi rəhbərinin səlahiyyətləri bu Qanun, “Publik hüquqi şəxslər haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları və öz nizamnaməsi ilə müəyyən edilir.
20.4. Dövlət ümumi təhsil müəssisəsində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şuradır. Pedaqoji Şura müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) tərəfindən təsdiq olunmuş əsasnaməyə və ümumi təhsil müəssisəsinin nizamnaməsinə uyğun fəaliyyət göstərir.
20.5. Bələdiyyə və özəl ümumi təhsil müəssisəsində ali idarəetmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.
20.6. Ümumi təhsil müəssisəsinin idarə olunmasında demokratikliyi və şəffaflığı təmin etmək məqsədi ilə təhsil müəssisəsində digər özünüidarə orqanları (himayəçilər, qəyyumlar, valideynlər və s. şuralar) yaradıla bilər.
Maddə 21. Ümumi təhsil prosesinin iştirakçıları
21.0. Ümumi təhsil prosesinin iştirakçıları aşağıdakılardır:
21.0.1. təsisçilər;
21.0.2. təhsilalanlar (uşaqlar, şagirdlər);
21.0.3. təhsilverənlər (pedaqoji işçilər) – müəllimlər, məsləhətçilər, tərbiyəçilər, müəllim köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, metodistlər, təhsil müəssisəsində çalışan konsertmeysterlər və məşqçilər, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər;
21.0.4. tədrisə köməkçi heyət – tibbi xidmət işçiləri və digər işçilər;
21.0.5. valideynlər və ya digər qanuni nümayəndələr;
21.0.6. təhsili idarəetmə orqanları və bələdiyyələr;
21.0.7. ümumi təhsil müəssisəsi ilə təhsil sahəsində əməkdaşlıq edən digər fiziki və hüquqi şəxslər.
Maddə 22. Ümumi təhsil sahəsində təhsilalanların hüquq və vəzifələri
22.1. Ümumi təhsil sahəsində təhsilalanların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Qanuna, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir.
22.2. Ümumi təhsil sahəsində təhsilalanların aşağıdakı hüquqları vardır:
22.2.1. həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
22.2.2. təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri (fakültativ kursları) sərbəst seçmək;
22.2.3. dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq;
22.2.4. müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;(təhsilalanların yekun attestasiyası ilə bağlı biliyin yenidən qiymətləndirilməsi üzrə-Azərbaycan Respublikasının Nazirlər Kabineti, təhsilalanların yekun attestasiyası ilə bağlı biliyin yenidən qiymətləndirilməsi istisna olmaqla-Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi)
22.2.5. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
22.2.6. şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
22.2.6-1. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;
22.2.7. ümumi təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;
22.2.8. bilik və bacarıqlarını təkmilləşdirmək üçün məktəbdənkənar təhsil müəssisələrinin imkanlarından istifadə etmək;
22.2.9. ümumi təhsil müəssisəsinin ictimai, sosial və mədəni həyatında iştirak etmək;
22.2.10. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələr) iştirak etmək;
22.2.11. qanunda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
22.3. Ümumi təhsil müəssisələri şagirdlərinin təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.
22.4. Ümumi təhsil sahəsində təhsilalanların vəzifələri aşağıdakılardır:
22.4.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
22.4.2. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
22.4.3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə, daxili intizam qaydalarına əməl etmək;
22.4.4. pedaqoji işçilərə, pedaqoji prosesin digər iştirakçılarına, bütün insanlara hörmət və ehtiramla yanaşmaq;
22.4.5. dövlət, cəmiyyət, ailə və özü qarşısında öz məsuliyyətini dərk etmək;
22.4.6. öz məktəb yoldaşları ilə təhsildə əməkdaşlıq etmək;
22.4.7. sağlam həyat tərzi keçirmək;
22.4.8. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 23. Ümumi təhsil sahəsində təhsilverənlərin hüquq və vəzifələri
23.1. Ümumi təhsil sahəsində təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun və digər normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işəgötürənlə təhsilverən arasında bağlanılan əmək müqaviləsi ilə tənzimlənir.
23.2. Ümumi təhsil sahəsində təhsilverənlərin hüquqları aşağıdakılardır:
23.2.1. təhlükəsiz iş və normal təhsil şəraiti ilə təmin olunmaq;
23.2.2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, təkliflər irəli sürmək;
23.2.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
23.2.4. tədrisin forma, metod və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq;
23.2.5. yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək;
23.2.6. mükafatlandırılmaq və təltif olunmaq;
23.2.7. təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;
23.2.8. qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
23.3. Ümumi təhsil sahəsində təhsilverənlərin vəzifələri aşağıdakılardır:
23.3.1. ümumi təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
23.3.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada sertifikatlaşdırılmadan keçmək;
23.3.3. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək;
23.3.4. ixtisasını artırmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək;
23.3.5. ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;
23.3.6. təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
23.3.7. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
23.3.8. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
23.3.9. təhsilalanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək;
23.3.10. əlavə məşğələlər, sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirmək;
23.3.11. valideynlərlə əməkdaşlıq etmək, təhsilalanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq;
23.3.12. məktəb rəhbərliyi, məktəb psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;
23.3.13. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 24. Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri
24.1. Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin hüquqları aşağıdakılardır:
24.1.1. yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək;
24.1.2. təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;
24.1.3. təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək;
24.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək;
24.1.5. qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
24.2. Valideynlərin və ya digər qanuni nümayəndələrin ümumi təhsil sahəsində vəzifələri aşağıdakılardır:
24.2.1. övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaradılması, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq;
24.2.2. övladlarını (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək;
24.2.3. məktəb kollektivi ilə əməkdaşlıq etmək, ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək, işgüzar nüfuzunu qorumaq;
24.2.4. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
24.3. Övladını təhsildən yayındıran valideynlər bu Qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 25. Ümumi təhsil müəssisəsində təhsilalanların sosial müdafiəsi
25.1. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində təhsilalanlar dərsliklərlə dövlət hesabına təmin olunurlar.
25.2. Özəl ümumi təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi müəssisənin nizamnaməsi ilə müəyyən edilir.
25.3. Ümumi təhsil müəssisələrində təhsilalanlar üçün bu Qanuna, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının digər qanunlarına və ümumi təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq digər sosial müdafiə tədbirləri də tətbiq edilə bilər.
Maddə 26. Ümumi təhsil sahəsində təhsilverənlərin sosial müdafiəsi
26.1. Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin sosial müdafiəsinə dövlət təminat verir.
26.2. Ümumi təhsil müəssisələrində təhsilverənlərin sosial müdafiəsi bu Qanunla, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunları ilə, həmçinin müəssisənin nizamnaməsi ilə müəyyən edilir.
26.3. Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərinin vəzifə maaşı və ona əlavələr müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
26.4. Dövlət və bələdiyyə ümumi təhsil müəssisəsi öz sərəncamında olan büdcədənkənar vəsait hesabına təhsilverənlərə və ümumi təhsil müəssisəsinin digər işçilərinə əlavə stimullaşdırıcı ödənişlər təyin edə bilər.
26.5. Sağlamlıq imkanları məhdud, inklüziv təhsili həyata keçirən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin, istedadlı uşaqlar üçün təhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin vəzifə maaşına əlavələr olunur.
26.6. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
Maddə 27. Pedaqoji fəaliyyətlə məşğul olma
27.1. Ümumi təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.
27.2. Aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:
27.2.1. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər;
27.2.2. ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;
27.2.3. fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
27.2.4. müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər;
27.2.5. uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər.
27.3. Müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın(qurumun)(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.
Maddə 28. Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılması
28.1. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum)(Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
28.2. Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər:
28.2.1. hamilə qadınlar;
28.2.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
28.2.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində;
28.2.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.
28.2-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
28.3. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir.
28.4. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ vardır. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
28.5. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.

