
Uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması barədə Qərar № 179

Məktəbşünas
Müəllif
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Valideynlərini itirmiş və valideyn himayəsindən, məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər aidiyyəti nazirlik və təşkilatları dövlət himayəsində olan və olmayan, qəyyumluqda, himayədə olan, himayədar valideynlərə (himayədar ailəyə) və övladlığa verilən, habelə rəsmiləşdirilmədən yaxın qohumunun (baba, nənə, əmi, dayı, bibi, xala və s.) yanında yaşayıb tərbiyə olunan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üçün Qanunda nəzərdə tutulmuş güzəşt və imtiyazların həyata keçirilməsi ilə bağlı lazımi təşkilati tədbirlər görsünlər.[1]
2. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə:
valideynlərini itirmiş və valideyn “himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə ali, orta ixtisas və peşə təhsili müəssisələrində,təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması təhsil aldığı müəssisənin vəsaiti hesabına təmin edilsin və yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 50 manat müavinət verilsin;
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət ümumi təhsil, peşə təhsili, orta iхtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnternat tipli ümumi təhsil müəssisələrində təhsilalanlar və dövlət və ya bələdiyyə tərəfindən yaradılan uşaq evləri, ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrində tərbiyə olunan uşaqların geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması norması haqqında” 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarına uyğun olaraq, müvafiq təhsil müəssisəsinin xərclər smetası hesabına 265 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunsunlar;
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunsunlar.
3. Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların təlim-tərbiyəsinin və maddi vəziyyətinin əsaslı yaxşılaşdırılması tədbirləri haqqında” 1987-ci il 13 oktyabr tarixli 371 nömrəli, habelə Azərbaycan SSR Nazirlər Sovetinin “Dövlət himayəsində olmayan yetim uşaqlara və valideyn himayəsindən məhrum uşaqlara kömək göstərilməsi tədbirləri haqqında” 1990-cı il 28 avqust tarixli 390 nömrəli qərarları və “Azərbaycan Respublikası internat tipli təlim-tərbiyə müəssisələrinin maddi təminatının, uşaq və şagirdlərin həyat şəraitinin yaxşılaşdırılması, yetim və valideyn himayəsindən məhrum uşaqların sosial müdafiəsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 29 dekabr tarixli 422 nömrəli qərarının 6-cı bəndi qüvvədən düşmüş hesab edilsin.
4. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinə tapşırılsın.
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 7 noyabr 2001-ci il № 179

Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin