
Xüsusi təhsilin dövlət standartları № 75

Məktəbşünas
Müəllif
Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Ümumi müddəalar
1.1. Sağlamlıq imkanları məhdud olan şəxslərin (bundan sonra – təhsilalanlar) təhsili üçün xüsusi təhsilin dövlət standartları (bundan sonra – dövlət standartları) “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.6-cı maddəsinə əsasən hazırlanmışdır.
1.2. Dövlət standartları aşağıdakıları müəyyən edir:
1.2.1. xüsusi təhsilin məzmununu;
1.2.2. xüsusi təhsilin idarə olunmasını;
1.2.3. xüsusi təhsilin maddi-texniki və tədris bazasını;
1.2.4. xüsusi təhsilin infrastrukturunu;
1.2.5. xüsusi təhsildə təhsilverənlərin keyfiyyət göstəricilərini;
1.2.6. xüsusi təhsilin təşkilini;
1.2.7. təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsini.
1.3. Dövlət standartları mülkiyyət formasından asılı olmayaraq xüsusi təhsili həyata keçirən müəssisələr (bundan sonra ‒ təhsil müəssisəsi) üçün məcburidir.
1.4. Dövlət standartları təhsil müəssisələri üçün tədris planlarının və təhsilalanlar üçün fərdi tədris planlarının hazırlanmasında əsas götürülür.
1.5. Dövlət standartları 5 il müddətinə qüvvədədir.
1.6. Bu dövlət standartlarının məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.6.1. fərdi tədris planı ‒ xüsusi təhsilə cəlb olunmuş təhsilalanların ehtiyaclarına və imkanlarına əsasən, təhsil proqramının uyğunlaşdırılması və ya təhsil proqramının sadələşdirilməsi nəzərə alınmaqla təlimin məqsədini, vəzifələrini, metod və üsullarını, nəticələrinin qiymətləndirilməsi meyarlarını özündə ehtiva edən sənəd;
1.6.2. təhsil proqramının uyğunlaşdırılması ‒ ümumi təhsilin dövlət standartlarının təhsilalanların (əqli geriliyi olanlar istisna olmaqla) imkanlarına uyğun olaraq dəyişdirilməsi;
1.6.3. təhsil proqramının sadələşdirilməsi ‒ ümumi təhsilin dövlət standartlarının əqli geriliyi olan təhsilalanların ehtiyaclarına uyğun olaraq dəyişdirilməsi;
1.6.4. korreksiyaedici məşğələ ‒ təhsilalanların bilik, bacarıq və vərdişlərinin, nitq və təfəkkürünün inkişafına, həmçinin onların sosiallaşmasına, emosionaliradi sahədə və davranışının korreksiyasına yönəlmiş pedaqoji fəaliyyət.
1.7. Bu dövlət standartlarında istifadə olunan digər anlayışlar “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulan mənaları ifadə edir.
2. Xüsusi təhsilin məzmunu
2.1. Xüsusi təhsilin məzmununa dair ümumi tələblər aşağıdakılardır:
2.1.1. fərdin, cəmiyyətin, dövlətin maraq və tələbatlarının nəzərə alınması;
2.1.2. təhsilalanların yaş, fiziki, psixoloji və fizioloji xüsusiyyətləri nəzərə alınmaqla, onların sosial, idraki, estetik inkişafının, sadə əmək vərdişlərinə, zəruri həyati bacarıqlara, sosial, milli və ümumbəşəri dəyərlərə yiyələnməsinin prioritet hesab edilməsi;
2.1.3. korreksiyaedici məşğələlərin təşkil edilməsi;
2.1.4. təhsilalanlara zəruri bilik, bacarıq və vərdişlərin aşılanması;
2.1.5. təhsilalanlarda özünəxidmət bacarıq və vərdişlərinin formalaşdırılması;
2.1.6. təhsilalanların müstəqil əmək və ailə həyatına hazırlanmasının təmin edilməsi;
2.1.7. təhsilalanların potensial imkanlarını, yaşını, istək və maraqlarını nəzərə alaraq, onların əqli, fiziki, sosial, emosional və nitq qabiliyyətlərini inkişaf etdirməklə öyrənmə mühitinin yaradılması;
2.1.8. təhsilalanların sağlamlığının qorunması, psixofiziki inkişafında olan pozuntuların qarşısının alınması və onların sağlam həyat tərzinin təmin edilməsi;
2.1.9. təhsilalanın sosial mühitdə və cəmiyyətdə səmərəli şəkildə yaşamasına imkan verən fərdi sosial və mənəvi keyfiyyətlərin formalaşdırılması;
2.1.10. təhsilalanlarda kommunikativ, əqli və digər fəaliyyətlərin stimullaşdırılması.
2.2. Xüsusi təhsilin məzmunu milli və ümumbəşəri dəyərləri əks etdirməklə dünyəvilik, şəxsiyyətyönümlülük, şagirdyönümlülük, nəticəyönümlülük, varislik və inteqrativlik prinsipləri əsasında hazırlanır.
2.3. Xüsusi təhsilin məzmununa təhsilalanların ümumi inkişafına xidmət etməyən, tətbiqi və tərbiyəvi xarakter daşımayan, milli və ümumbəşəri dəyərlərə zidd olan, elmi cəhətdən təsdiqini tapmayan, mübahisə doğuran, habelə məzmunu ağırlaşdıran az əhəmiyyətli, ikinci dərəcəli məsələlərin daxil edilməsi yolverilməzdir.
3. Xüsusi təhsilin idarə olunması
3.1. Xüsusi təhsilin idarə olunması aşağıdakı prinsiplər əsasında həyata keçirilir.
3.1.1. hesabatlılıq – təhsil müəssisələrinin fəaliyyətində iştirak edən kollektiv üzvlərinin qarşılıqlı hesabatvermə yolu ilə tapşırılmış iş sahəsində cavabdehliyinin və vəzifə məsuliyyətinin təmin edilməsi;
3.1.2. məsuliyyətin bölüşdürülməsi – demokratiklik, şəffaflıq və sistemlilik əsasında idarəetmədə çevik nəzarət mexanizminin tətbiq edilməsi;
3.1.3. inkişafın monitorinqi – təhsilalanların nailiyyətlərinin və pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin dinamikasının izlənilməsi yolu ilə perspektivlərin müəyyənləşdirilməsinin, habelə zəruri hallarda idarəetmə sistemində müvafiq dəyişikliklərin aparılmasının təmin edilməsi.
3.2. Təhsil müəssisəsində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şuradır. İdarəetmədə demokratikliyi və şəffaflığı daha yüksək səviyyədə təmin etmək məqsədilə təhsil müəssisələrində ictimai əsaslarla fəaliyyət göstərən özünüidarə orqanları (məktəb şurası, qəyyumlar (himayəçilər) şurası, valideyn komitəsi və s.) yaradıla bilər.
3.3. Təhsil müəssisəsinə rəhbərliyi qanunla müəyyən olunmuş qaydada vəzifəyə təyin edilmiş direktor həyata keçirir.
4. Xüsusi təhsilin maddi-texniki və tədris bazası
4.1. Təhsil müəssisəsinin maddi-texniki və tədris bazası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə uyğun olmalıdır.
4.1-1. Təhsil müəssisəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 68 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair Tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” nəzərə alınmaqla ona zidd olmayan hissədə tətbiq edilir.
4.2. Təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına tədris laboratoriyaları, emalatxanalar, idman və akt zalları, tibb xidməti otağı, reabilitasiya və korreksiya kabinetləri, bufet və ya yeməkxana, təhsilalanlar və təhsilverənlər üçün mebel avadanlığı, informasiya-kommunikasiya texnologiyaları, audio-vizual avadanlıqlar, tədris-əyani vəsaitlər, təlimin texniki vəsaitləri, dərslik və elmi-bədii ədəbiyyat fondu və tədris-təcrübə sahəsi daxildir.
5. Xüsusi təhsilin infrastrukturu
5.1. Təhsil müəssisəsinin infrastrukturuna təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla təminat, təhsil fəaliyyəti üçün zəruri imkanlara malik binalar, yardımçı binalar və qurğular, sadə idman, təlim meydançaları və qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb xidməti və iaşə obyektləri, kitabxana, rabitə, su, istilik, elektrik sistemləri və internet xidməti daxildir.
5.2. Təhsil müəssisəsinin infrastrukturu müvafiq standartlara cavab verməli və təhsilalanlar üçün əlçatan olmalıdır.
6. Xüsusi təhsildə təhsilverənlərin keyfiyyət göstəriciləri
6.1. Xüsusi təhsildə müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.
6.2. Ucqar yaşayış ərazilərindəki təhsil müəssisələrində ixtisaslı pedaqoji kadr çatışmadıqda, məzmun və mahiyyət etibarilə yaxın fənlərin müvafiq ixtisas müəllimi tərəfindən tədrisinə yol verilir.
6.3. Təhsil müəssisələrində çalışan təhsilverənlər, əsasən aşağıdakı keyfiyyət göstəricilərinə malik olmalıdırlar:
6.3.1. ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə;
6.3.2. təhsilalanlarla həssas ünsiyyətqurma və iş bacarığına;
6.3.3. təhsilalanın yaşına, inkişaf səviyyəsinə və potensial imkanlarına uyğun tədris metodlarını seçmək qabiliyyətinə;
6.3.4. təhsilalanın maraqlarını və imkanlarını müəyyən etmək və onları inkişaf etdirmək qabiliyyətinə;
6.3.5. əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə;
6.3.6. əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqlarına;
6.3.7. öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarıqlarına;
6.3.8. ədalətlilik, məsuliyyətlilik və cavabdehlik keyfiyyətlərinə;
6.3.9. yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak qabiliyyətinə.
7. Xüsusi təhsilin təşkili
7.1. Xüsusi təhsil xüsusi təhsil müəssisələrində, xüsusi təhsil bölmələrində, xüsusi şərait yaradılan ümumi təyinatlı ümumi təhsil müəssisələrində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş formalarda həyata keçirilir.
7.2. Təhsil müəssisələri müvafiq kadr potensialı, maddi-texniki və pedaqoji-metodiki baza nəzərə alınmaqla, təhsilalanların sayı 100 nəfər və daha çox olduğu hallarda yaradılır. Təhsilalanların sayı 100 nəfərdən az olduqda, ümumi təhsil müəssisələrində xüsusi siniflər təşkil edilir.
7.3. Təhsil müəssisələrində təlim-tərbiyə prosesi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən təsdiq edilmiş müvafiq tədris planı və proqramlar əsasında aparılır.
7.4. Təhsil müəssisələrində təlim-tərbiyə işləri təhsilalanların əqli və ya fiziki pozuntuları, onların səhhəti və imkanları nəzərə alınmaqla təşkil olunur, öz məzmununa görə təhsilalanların mövcud tədris proqramları həcmində bilik almasına, onların müəyyən sahələr üzrə bacarıq və vərdişlərinin inkişaf etdirilməsinə, cəmiyyət və təbiət hadisələri barədə məlumatlarının artırılmasına, fiziki və estetik tərbiyəsinin inkişafına xidmət edir.
7.5. Təhsil müəssisələrində təhsilalanların korreksiyaedici məşğələlərə cəlb olunmaları təmin edilir. Korreksiyaedici məşğələ təhsilalanların məhdudiyyətindən (əqli, fiziki və psixi) asılı olaraq dəyişir və onların sosial, emosional, koqnitiv, əqli və fiziki inkişafına xidmət edir. Korreksiyaedici məşğələ təhsil müəssisəsində, yaxud ixtisaslaşmış reabilitasiya mərkəzində həyata keçirilə bilər.
7.6. Təhsil müəssisələrində həftəlik dərs saatlarının miqdarı:
| İbtidai təhsil (I-IV siniflər) | |||||||||||||||
Əqli geriliyi olan şəxslər üçün evdə təhsil | Əqli geriliyi olan şəxslər üçün xüsusi sinif (1-5 nəfər olduqda) | Əqli geriliyi olan şəxslər üçün xüsusi sinif | Dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan şəxslər üçün xüsusi sinif | Əqli geriliyi və dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan şəxslər üçün xüsusi sinif | Görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslər üçün xüsusi sinif | Əqli geriliyi və eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün xüsusi sinif | Eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün xüsusi sinif | Eşitmə qabiliyyəti qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan tam itirmiş şəxslər üçün xüsusi sinif | Nitq pozuntusu olan şəxslər üçün xüsusi sinif | Fiziki çatışmazlığı olan sağlamlıq imkanları məhdud uşaqlar üçün evdə təhsil | Stasionar şəraitdə (qrup formasında) təhsil | Stasionar şəraitdə (fərdi formada) təhsil |
| |||
I bölmə | II bölmə | I bölmə | II bölmə |
| ||||||||||||
Tədris Azərbaycan dilində | 34 | 23 | 85 | 103 | 85 | 97 | 106 | 90 | 102 | 102 | 96 | 98 | 38 | 48 | 13 |
|
Tədris digər dillərdə | 38 | 25 | 89 | 107 | 91 | 101 | 110 | 90 | 110 | 110 | 104 | 106 | 40 | 48 | 13 |
|
Korreksiyaedici fərdi və qrup məşğələləri |
| 15 | 32 | 24 | 32 | 22 | 72 | 116 | 72 | 72 | 20 | 24 |
|
|
|
|
| Ümumi orta təhsil (V - IX, X, XI, XII siniflər) | Tam orta təhsil (X, XI, XII siniflər) | |||||||||||||||||
| Əqli geriliyi olan şəxslər üçün evdə fərdi təhsil | Əqli geriliyi olan şəxslər üçün xüsusi sinif (1-5 nəfər olduqda) | Əqli geriliyi olan şəxslər üçün xüsusi sinif | Dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan şəxslər üçün xüsusi sinif | Əqli geriliyi və dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan şəxslər üçün xüsusi sinif | Görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslər üçün xüsusi sinif | Əqli geriliyi və eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün xüsusi sinif | Eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün xüsusi sinif | Eşitmə qabiliyyəti qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan tam itirmiş şəxslər üçün xüsusi sinif | Nitq pozuntusu olan şəxslər üçün xüsusi sinif | Fiziki çatışmazlığı olan sağlamlıq imkanları məhdud uşaqlar üçün evdə təhsil | Stasionar şəraitdə (qrup formasında) təhsil | Stasionar şəraitdə (fərdi formada) təhsil | Görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslər üçün xüsusi sinif | Stasionar şəraitdə (qrup formasında) təhsil | Stasionar şəraitdə (fərdi formada) təhsil | Əqli geriliyi olan şəxslər üçün xüsusi peşə sinfi | ||
I bölmə | II bölmə | I bölmə | II bölmə | ||||||||||||||||
Tədris Azərbaycan dilində | 53,5 | 49,5 | 142 | 171 | 145 | 193 | 153 | 247 | 213 | 293 | 200 | 181 | 85 | 90 | 25 | 66 | 42 | 12 | 30 |
Tədris digər dillərdə | 58,5 | 52 | 147 | 176 | 150 | 205 | 158 | 248 | 216 | 296 | 213 | 192 | 88,5 | 90 | 25 | 70 | 42 | 12 | 31 |
Korreksiyaedici fərdi və qrup məşğələləri |
| 9,5 | 21 | 16 | 27 | 16 | 53 | 88 | 48 | 60 | 18 | 15 |
|
|
| 2 |
|
|
|
Qeydlər:
1. Dərsdənkənar məşğələ saatlarının miqdarı həftəlik dərs saatlarının maksimal miqdarının 20 faizindən çox ola bilməz.
2. Zəruri hallarda dərsdənkənar məşğələ saatlarından fənnin (fənlərin) tədrisinə ayrıla bilər.
7.7. Təhsilalanların təhsilinin planlaşdırılması, həyata keçirilməsi və təlim nəticələrinin qiymətləndirilməsi fərdi tədris planı əsasında həyata keçirilir.
7.8. Fərdi tədris planı təhsilalanın ilkin diaqnostikası əsasında təhsil müəssisəsinin aşağıdakı tərkibdə heyəti tərəfindən valideynin (və ya digər qanuni nümayəndənin) iştirakı ilə hazırlanır:
7.8.1. direktor müavini (təsərrüfat işləri üzrə direktor müavini istisna olmaqla);
7.8.2. təhsil müəssisəsinin psixoloqu;
7.8.3. loqoped;
7.8.4. sinif rəhbəri/tərbiyəçi;
7.8.5. fənn müəllimləri.
7.9. Fərdi tədris planı təhsil müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir və təhsilalanın yarımillik qiymətləndirilməsinə əsasən mütəmadi yenilənir.
7.10. Təhsil müəssisələrində təlimin səmərəliliyinin artırılmasına xidmət edən müvafiq gün rejimi yaradılır, təlim-tərbiyə prosesində təhsilalanların fərdi inkişafı üçün həkimlərin tibbi tövsiyələri nəzərə alınır.
7.11. Görmə qabiliyyəti tam və qismən məhdud olanlar üçün təhsil müəssisələrində:
7.11.1. görmə qabiliyyətinin mühafizə olunması üçün həkim məsləhəti əsasında təhsilalanların görmə və fiziki yükünün xüsusi həddi müəyyənləşdirilir və tətbiq edilir;
7.11.2. təhsilalanların görmə pozuntusunun dərəcəsi və xarakteri nəzərə alınaraq, onların görmə qabiliyyətini korreksiya etmək məqsədilə optik cihaz və vasitələrdən istifadə olunur;
7.11.3. təhsilalanların görmə pozuntusunun dərəcəsi və görmə yükü nəzərə alınaraq, siniflərin normativ üzrə işıqlandırılması (500-1500 lüks) təmin edilir.
7.12. Sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin təhsili evdə təşkil edilir. Evdə təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”na əsasən həyata keçirilir.
7.13. Təhsilalanların stasionar müəssisələrdə olduqları dövrdə təhsili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud şəxslərin stasionar müəssisələrdə olduqları dövrdə təhsilinin təşkili Qaydası”na əsasən təşkil edilir.
7.14. Ümumi təhsil müəssisəsində psixoloji-pedaqoji və tibbi göstərişlərə (əks göstərişlərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait varsa, həmin müəssisənin xüsusi siniflərində təhsilalanlar üçün inteqrasiyalı təhsil təşkil edilir. İnteqrasiya təlimli təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları”na əsasən həyata keçirilir.
7.15. Təhsil müəssisələrində təhsil müddəti aşağıdakı qaydada müəyyənləşdirilir:
7.15.1. eşitmə qabiliyyəti tam məhdud olan şəxslərin təhsil müddəti 11 ildir (I-XI siniflər). Bu müddətdə təhsilalanlar ümumi orta təhsil səviyyəsi üzrə tədris proqramları həcmində təhsil alırlar;
7.15.2. eşitmə qabiliyyəti qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan itirmiş şəxslərin təhsil müddəti I bölmədə 10 il (I-X siniflər), II bölmədə 12 ildir (I-XII siniflər). I bölməyə eşitmə qabiliyyətinə görə nitq inkişafında yüngül formada, II bölməyə isə nitq inkişafında ağır formada pozuntusu olan şəxslər qəbul edilirlər. Hər iki bölmənin təhsilalanları ümumi orta təhsil səviyyəsi üzrə tədris proqramları həcmində təhsil alırlar;
7.15.3. ağır nitq pozuntularının aradan qaldırılması üzrə aparılan işlər səmərəli nəticə verərsə, IX sinifdən sonra psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında onlar I bölmənin müvafiq sinfinə keçirilə bilərlər. Lazımi təlim-tərbiyə şəraiti və maddi-tədris bazası olduğu hallarda, valideynlərin və təhsilalanların arzusu ilə I bölmədə XI-XII siniflər təşkil edilə bilər. I bölmənin XI-XII siniflərində təhsilalanlar tam orta təhsil səviyyəsi üzrə tədris proqramları həcmində təhsil alırlar;
7.15.4. nitq pozuntusu olan şəxslərin I bölmədə təhsil müddəti 10 il (I-X siniflər), II bölmədə isə 9 ildir (I-IX siniflər). I bölməyə ümumi nitq inkişafında ağır pozuntusu olan, II bölməyə isə ağır formalı qeyri-iradi nitq pozuntusu olan şəxslər qəbul edilirlər. Hər iki bölmədə təhsilalanlar ümumi orta təhsil səviyyəsi üzrə tədris proqramları həcmində təhsil alırlar;
7.15.5. görmə qabiliyyəti tam və qismən məhdud olanların təhsil müddəti 12 ildir (I-XII siniflər). Bu şəxslərə internat tipli müəssisənin I-X siniflərində ümumi orta təhsil səviyyəsində, XI-XII siniflərində isə tam orta təhsil səviyyəsində təhsil verilir;
7.15.6. əqli geriliyi olan şəxslərin təhsil müddəti 9 ildir (I-IX siniflər). Əqli geriliyi olan şəxslər bu müddət ərzində ümumi orta təhsil səviyyəsi üzrə tədris proqramları həcmində təhsil alırlar. Əqli geriliyi olan şəxslərin təhsil aldığı təhsil müəssisələrində lazımi maddi-tədris bazası və kadr potensialı olduqda, onlara müvafiq peşələr öyrədilir. Bu təhsil müəssisələrində təhsil müddəti 10 ildir (I-X siniflər);
7.15.7. dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan şəxslərin təhsil müddəti 10 ildir (I-X siniflər). Bu müddətdə təhsilalanlar ümumi orta təhsil səviyyəsi üzrə tədris proqramları həcmində təhsil alırlar;
7.15.8. mürəkkəb və ağır çatışmazlığı olan şəxslərin təhsil müddəti 11 ildir (I-XI siniflər). Bu müddətdə təhsilalanlar ümumi orta təhsil səviyyəsi üzrə tədris proqramları həcmində təhsil alırlar;
7.15.9. xroniki somatik xəstəlikləri olan şəxslərin təhsil müddəti 10 ildir (I-X siniflər). Bu müddətdə təhsilalanlar ümumi orta təhsil səviyyəsi üzrə tədris proqramları həcmində təhsil alırlar;
7.15.10. emosional-iradi sahədə və davranışlarında nəzərə-çarpan ağır pozuntuları olan şəxslərin təhsil müddəti 9 ildir (I-IX siniflər). Bu müddətdə təhsilalanlar ümumi orta təhsil səviyyəsi üzrə tədris proqramları həcmində təhsil alırlar.
7.16. Şərait və maddi-tədris bazası nəzərə alınmaqla, təhsil müəssisələrinin bazasında tam orta təhsil verən siniflər də (X-XI siniflər) açıla bilər.
7.17. Xüsusi təhsildə siniflər üzrə şagird sıxlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları” ilə tənzimlənir.
7.18. Xüsusi təhsil üzrə I siniflərdə dərs müddəti 35 dəqiqə, digər siniflərdə isə 45 dəqiqədir. Təhsilalanlar üçün ev tapşırıqlarının həcmi onların yerinə yetirilməsinə ayrılan vaxta görə müəyyən-ləşdirilir. I siniflərdə ev tapşırığı verilmir, II sinifdə 30-40 dəqiqəyədək, III sinifdə 1 saatadək, IV-V siniflərdə 1,5 saatadək, VI-VIII siniflərdə 2 saatadək, IX-XII siniflərdə 2,5 saatadək müddətə yerinə yetirilməsi mümkün olan ev tapşırığı verilə bilər.
7.19. Xüsusi təhsildə təhsil müəssisəsinin I sinfinə qəbul edilmiş təhsilalanların yaş həddinin ibtidai təhsil üzrə müəyyən olunmuş yaş həddindən artıq olmasına yol verilir.
7.20. Tədris ilinin sonunda xüsusi təhsilə cəlb olunan təhsilalanların tərkibinə yenidən baxıla bilər. Onların digər xüsusi ümumtəhsil məktəbinə, internat tipli xüsusi ümumtəhsil məktəbinə, inteqrasiya təlimli ümumtəhsil məktəbinin xüsusi sinfinə, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbinin xüsusi sinfinə və ya sağlamlığı imkan verərsə, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinə köçürülməsi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə həyata keçirilir.
7.21. Tətil, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində və internat tipli xüsusi ümumtəhsil məktəbində qalan təhsilalanlar tam gün qruplarında birləşdirilirlər.
7.22. Bir ailənin uşaqları (bacı-qardaşlar), habelə qohumluq əlaqəsi olan sağlamlıq imkanları məhdud uşaqlar eyni təhsil müəssisəsinə qəbul edilirlər. Həmin uşaqlardan birinin tibbi göstəriciləri və ya sağlamlığının vəziyyəti uyğun gəlmirsə, o, aidiyyəti təhsil müəssisəsinə göndərilir.
7.23. Təhsil müəssisəsinə qəbul, təhsilalanların sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi Nazirlik tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
7.24. Təhsilalanların təhsili təhsil proqramının uyğunlaşdırılması və sadələşdirilməsi vasitəsilə həyata keçirilir.
7.25. Xüsusi təhsildə təhsilalanların əqli və ya fiziki pozuntularının xarakteri əsas götürülməklə, dərs prosesində fasilələrlə bədən tərbiyəsi keçirilə bilər.
7.26. Müalicə gimnastikası aparılan təhsil müəssisələrində həmin məşğələlər günün həm birinci, həm də ikinci yarısında təsdiq edilmiş cədvəl üzrə loqoped tərəfindən aparılır.
7.27. Müalicə kursuna görə təyin edilmiş müxtəlif prosedurların qəbulu hər bir təhsilalan üçün fərdi qaydada müəyyənləşdirilir və dərs cədvəlinə əsasən tənzimlənir.
7.28. Təhsil müəssisələrində təhsilalanların nitqindəki pozuntunu aradan qaldırmaq, onların tədris materiallarını yaxşı mənimsəməsinə zəmin yaratmaq məqsədilə dərsdənkənar vaxtlarda loqoped tərəfindən ayrıca cədvəl üzrə fərdi və qrup məşğələləri təşkil edilir, habelə ritmika və müalicə xarakterli bədən tərbiyəsi məşğələləri aparılır.
7.29. Təhsilalanların müstəqil həyata hazırlanması və sosial uyğunlaşması üçün təhsil müəssisələrində peşəyönümü xidməti təşkil edilir.
7.30. Təhsil müəssisəsində peşəyönümünün təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 may tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası” ilə tənzimlənir.
7.31. Təhsilalanlar peşəyönümü xidmətinə cəlb edilərkən, onların sağlamlığı və fiziki hazırlığı barədə psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi nəzərə alınır.
7.32. Təhsilalanlara peşəyönümü xidməti Nazirlik tərəfindən təsdiq olunan proqramlar əsasında bu məqsədlə xüsusi təchiz edilmiş emalatxanalarda təşkil olunur.
7.33. Təhsil müəssisələrində əqli geriliyi olan təhsilalanlar peşəyönümünə (dərsdənkənar) 12 yaşdan cəlb edilirlər.
7.34. Tədris planına əsasən, istehsalat təcrübəsi peşə təhsili müəssisələrinin təlim-istehsalat, təsərrüfat sahələrində və işəgötürən təşkilatlarda aparılır. İstehsalat təcrübəsinin müddəti gün ərzində 4 saatdan artıq olmamalı və məsul müəllimin rəhbərliyi altında keçirilməlidir.
7.35. Təhsilalanlar təhsil müəssisələrində tam dövlət təminatındadırlar.
7.36. Təhsilalanlar müəyyən edilmiş normativlər və qaydalar üzrə yemək, paltar, ayaqqabı, şəxsi gigiyena əşyaları, yumşaq inventar, dərslik, tədris ləvazimatları, avadanlıqlar və s. ilə təmin olunurlar.
7.37. İnternat tipli xüsusi ümumi təhsil məktəblərini, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbini bitirən şagirdlərə istifadələrində olan paltar və ayaqqabını özləri ilə aparmalarına icazə verilir. İnternat tipli xüsusi ümumi təhsil məktəblərinin və inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarına “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarına uyğun olaraq birdəfəlik müavinət verilir.
7.38. Təhsilalanlar təhsil müəssisəsinin yataqxanasında qala bilərlər. Əqli geriliyi olan təhsilalanların, eləcə də I-VI sinif üzrə təhsilalanların valideyninin və ya digər qanuni nümayəndəsinin müşayiəti olmadan evə müstəqil gəlib-getməsinə icazə verilmir. Digər təhsilalanların evə müstəqil gəlib-getməsinə yalnız valideyninin və ya digər qanuni nümayəndəsinin yazılı müraciəti əsasında icazə verilir.
7.39. Aztəminatlı ailələrin, tək anaların, əlilliyi olan valideynlərin uşaqları internat tipli xüsusi ümumtəhsil məktəblərini bitirdikdə, onlara yay geyim dəsti və ayaqqabı ilə birlikdə istifadələrində olan istehlak müddəti bitməmiş qış mövsümü üçün geyim dəsti və ayaqqabı verilir.
7.40. Təhsil müəssisələrini ümumi təhsil pilləsinin ümumi orta və tam orta səviyyələri üzrə bitirən şəxslərə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi – attestat, müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vurmayan şəxslərə isə arayış verilir.
7.41. Peşə öyrədilən təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədi ilə yanaşı, peşə istiqamətinin adı göstərilməklə sertifikat verilir. Peşə təhsili müəssisələrinə tələbə qəbulu zamanı sertifikatı olan şəxslər peşə təhsili müəssisəsinə müsabiqədənkənar qəbul edilir və müvafiq ixtisasın təhsil proqramında tədris olunmuş modullar nəzərə alınır.
7.42. Təhsil müəssisələrində psixoloji xidmət fəaliyyət göstərir. Psixoloji xidmətin təşkili qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 157 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları” ilə tənzimlənir.
7.43. Mürəkkəb və ağır çatışmazlıqları olan şəxslərin təlimi və (və ya) tərbiyəsi müxtəlif profilli reabilitasiya mərkəzlərində həyata keçirilir.
7.44. Təhsil müəssisələrində təhsilalanların sağlamlığının mühafizəsinə, onların psixoloji-pedaqoji reabilitasiyasına, sosial bacarıqlarının inkişafına, sosial adaptasiyasına yönəldilmiş tədbirlər görülür.
7.45. Təhsil müəssisələrinə tibbi sahədə metodik rəhbərlik və müalicə-məsləhət xidməti həmin ərazidə yerləşən psixonevroloji və müalicə-profilaktika müəssisələri tərəfindən həyata keçirilir.
7.46. Təhsil müəssisələrində təhsilalanların dərsdənkənar vaxtının səmərəli keçirilməsi məqsədilə onların əyləncəli oyunlarda, idman yarışlarında, müsabiqələrdə iştirakı təmin edilir və müntəzəm olaraq kino, teatr və sirk tamaşalarına, konsertlərə, muzeylərə, ekskursiyalara aparılması təşkil olunur. Təhsilalanların gəzintilərə, mədəni-kütləvi tədbirlərə aparılıb-gətirilməsi üçün xüsusi ümumtəhsil məktəbinə, internat tipli xüsusi ümumtəhsil məktəbinə, inteqrasiya təlimli ümumtəhsil məktəbinə avtobus ayrılır.
7.47. Təhsil müəssisələrində müvafiq şərait olduqda, istirahət düşərgəsi təşkil edilir. Yay tətili müddətində evə aparılmayan təhsilalanlar üçün internat tipli xüsusi ümumtəhsil məktəbində, inteqrasiya təlimli ümumtəhsil məktəbində istirahət düşərgəsi təşkil olunur. Onların istirahəti üçün yerli icra hakimiyyəti orqanları və müvafiq təşkilatlar (ticarət, tibb, təhsil, bədən tərbiyəsi, idman, istehsalat müəssisələri və s.) lazımi şərait yaradırlar.
8. Təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi
8.1. Təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi təhsil fəaliyyətinin zəruri tərkib hissəsi olaraq ardıcıl və sistemli xarakter daşıyır, təhsilin keyfiyyətinin idarə olunmasına xidmət edir.
8.2. Təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi şəffaflıq, etibarlılıq, obyektivlik və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanmaqla təhsilin inkişafına yönəldilir.
8.3. Təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi aşağıdakı fəaliyyətləri əhatə edir:
8.3.1. təhsilalanların təhsilə münasibəti, mövcud təlim göstəriciləri, müəllimlərin hazırlıq səviyyəsi, təhsil standartlarının və kurikulumların məqsədəuyğunluğu, tədris resursları ilə təminat, idarəetmənin səmərəliliyi barədə məlumatların toplanılıb təhlil edilərək dəyərləndirilməsi;
8.3.2. təhsilalan və təhsilverənlərin fəaliyyətinin, təhsil proqramlarının icra vəziyyətinin müşahidə olunmasından və nailiyyətlərin qiymətləndirilməsini əks etdirən sənədlərin təhlilindən əldə edilmiş nəticələrə görə müvafiq qərarların qəbul olunması.
8.4. Təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi attestasiya (məktəbdaxili qiymətləndirmə), yekun attestasiya, milli və beynəlxalq qiymətləndirmə növlərini əhatə edir.
8.5. Attestasiya (məktəbdaxili qiymətləndirmə) məqsədilə diaqnostik, formativ və summativ qiymətləndirmələr keçirilir.
8.6. Diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində təhsilalanların bilik və bacarıqlarının ilkin qiymətləndirilməsi məqsədilə aparılır.
8.7. Formativ qiymətləndirmə təhsilalanların hər bir fənn üzrə təhsil proqramı (kurikulumu) ilə müəyyənləşdirilmiş məzmun standartlarının və fərdi tədris planı üzrə bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə yönəlmiş fəaliyyətlərini izləmək, bu prosesdə onun qarşısına çıxan çətinlikləri müəyyən edib onları aradan qaldırmaq məqsədilə aparılır.
8.8. Summativ qiymətləndirmə hər bir fənn üzrə təhsil proqramı (kurikulumu) ilə müəyyənləşdirilmiş məzmun standartlarının və fərdi tədris planı üzrə bilik, bacarıq və vərdişlərin mənimsənilməsində təhsilalanların nailiyyətlərinin müəyyən olunması məqsədilə aparılır.
8.9. Təhsilalanların yekun attestasiyası ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir.
8.10. Təhsilalanlar (əqli geriliyi olanlar istisna olmaqla) milli və beynəlxalq qiymətləndirmə tədqiqatlarına cəlb edilirlər.

Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin