
Azərbaycan Dövlət Aqrar Universitetində Suverenlik Günü tədbiri keçirilib
Universitetlərdəki vətənpərvərlik tədbirləri və elmi müzakirələrdən xəbərdar olmaq üçün direktor.az-a abunə olun. Ölkənin təhsil və ictimai gündəmindəki ən vacib yenilikləri öyrənmək üçün bildirişləri aktiv saxlayın.
ADAU-da 20 Sentyabr – Dövlət Suverenliyi Günü qeyd olunub.
Direktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Aqrar Universiteti məlumat yayıb.
Mühəndislik fakültəsində 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fakültə dekanı Təvəkkül İslamov bu əlamətdar tarixin müasir dövlətçilik tariximizdəki müstəsna rolundan bəhs edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində əsası qoyulan müstəqil dövlətçilik ənənələri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ən yüksək zirvəsinə çatıb.
Daha sonra çıxış edən İctimai fənlər kafedrasının müdiri, dosent Elgün Aslanov 44 günlük Vətən müharibəsi və 2023-cü ilin birgünlük lokal antiterror tədbirlərinin tarixi əhəmiyyətinə toxunub. O, Ali Baş Komandanın dəmir iradəsi, müzəffər Ordumuzun igidliyi və xalqın birliyi sayəsində 30 illik işğala son qoyulduğunu vurğulayıb.
Universitetin Ağsaqqallar Şurasının sədri dosent Siyasət Məmmədov, İctimai fənlər kafedrasının dosentləri Sevda Abdullayeva, Zümrüd Qəhrəmanova, Çinarə Səfərova və Kitabxana və İnformasiya Mərkəzinin direktoru Kamil Məmişov da çıxışlarında mövzu ilə bağlı fikirlərini bölüşüblər. Natiqlər qeyd ediblər ki, Dövlət Suverenliyi Günü milli özünüdərk prosesinin və şanlı mübarizə yolunun təcəssümüdür.
Tədbir mövzuya həsr olunmuş maarifləndirici videoçarxın nümayişi ilə başa çatıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin