
Azərbaycanda yeni tədris ili başladı
Yeni tədris ilinin başlanması, rəsmi statistika, azad edilmiş torpaqlarımızda açılan yeni təhsil ocaqları haqqında məlumatlar üçün direktor.az- a abunə olun. Təhsil sahəsindəki rəsmi qərarları, qəbul və təqaüd göstəricilərini, eləcə də ölkə gündəmindəki mühüm elanları vaxtında öyrənmək üçün bildirişləri aktiv edin.
Ölkəmizdə 15 sentyabr tarixi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına müvafiq olaraq hər il Bilik Günü kimi qeyd edilir.
Yeni 2026–2027-ci tədris ilində respublikanın bütün ümumtəhsil məktəblərində ilk akademik dərs saatı ölkə başçısının müvafiq Sərəncamı ilə elan olunan “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr edilir.
2,2 milyondan çox təhsilalan və əhatəli statistika : Cari tədris ilində respublika üzrə bütün pillələr daxil olmaqla ümumilikdə 2,2 milyona yaxın vətəndaşın təhsil prosesinə cəlb olunması proqnozlaşdırılır.
Statistik bölgü aşağıdakı kimidir:
Ümumi təhsil müəssisələri: 1,6 milyon nəfər (təxminən 124 min şagird ilk dəfə birinci sinif partası arxasına əyləşir);
Ali təhsil pilləsi: 260 min tələbə;
Məktəbəqədər təhsil: 226 min uşaq;
Orta ixtisas təhsili: 64 min tələbə;
Peşə təhsili mərkəzləri: 44 min təhsilalan.
İşğaldan azad edilmiş yurd yerlərimizdə bərpa-quruculuq tədbirləri çərçivəsində bu tədris ilində daha 15 təhsil müəssisəsi qapılarını şagird və tərbiyəçilərin üzünə açır. Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocavənd və Zəngilan rayonlarını əhatə edən bu ocaqlarda geniş pedaqoji mühit qurulub. Azad olunmuş bölgələrdə fəaliyyət göstərən bağçalarda 408 azyaşlının təlim-tərbiyəsi ilə 123 işçi məşğul olur. Ümumtəhsil ocaqlarında isə 700 nəfərlik pedaqoji və inzibati heyət 4825 şagirdin təhsilinə bələdçilik edir.
Yenilənən infrastruktur və məktəbəqədər təhsildə sıçrayış :Ölkədə məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində son dörddəbir əsrdə 4 minə yaxın təhsil ocağı inşa olunub və ya əsaslı bərpa edilib; nəticədə 1 milyondan çox şagirdin təhsil şəraiti yüksək səviyyəyə çatdırılıb. Yeni tədris ilinin ilk günündə 37 müəssisə tam hazır şəkildə istifadəyə verilir, onlarla obyektdə isə layihələndirmə və təmir-tikinti işləri davam etdirilir.
Erkən inkişaf pilləsində əlçatanlıq da sürətlə genişlənir: Dövlət bağçalarında yeni qruplar və maddi-texniki təchizat hesabına mövcud yerlərin sayı 106 mindən 112 minə çatdırılıb.
Ötən il 4 min uşağı əhatə edən valideyn-dövlət-özəl tərəfdaşlığı mexanizminin cari ildə 10 min uşağı əhatə etməsi hədəflənir.
Ucqar kəndlərdə böyük layihələr qurmadan təhsili yaşayış yerinə yaxınlaşdıran icmaəsaslı qruplarda qəbul tutumu 23 mindən 36 minə yüksəldilib.
İki il öncə pilot layihə kimi 5 məktəbdə başlayan, ötən il isə 14 məktəbdə davam etdirilən Yeni təmayül tədris modeli (TOM) bu il 90 təhsil ocağına çatdırılır. Qeyd edək ki, layihənin ilk məzunlarının 95%-i uğur göstərərək tələbə adını qazanıb.
Peşə təhsilində qəbul dinamikası 2021-ci illə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəlib. Əmək bazarının tələblərinə uyğun olaraq kənd təsərrüfatı, sənaye, qida, logistika və tikinti sahələrinə kadr hazırlığı sürətləndirilir; 2030-cu ilədək daha 21 yeni müəssisənin inşası və 2 mərkəzin əsaslı təmiri planlaşdırılır.
Ali təhsil pilləsində isə dövlət strategiyasında nəzərdə tutulan 75 minlik illik qəbul hədəfi vaxtından əvvəl geridə qoyularaq 76 mindən çox abituriyentin qəbulu ilə nəticələnib. Müəllimlik ixtisasları üzrə plan yerləri azaldılaraq prioritet sayılan İT, mühəndislik və təbiət elmlərinə üstünlük verilib. Eyni zamanda “2022–2028-ci illər Dövlət Proqramı” çərçivəsində dünyanın ən reytinqli universitetlərində təhsil almaq üçün 500 gənc (125 bakalavr, 356 magistr, 19 doktorant) təqaüd qazanaraq xaricə yola düşüb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin