
Azərbaycanlı professor Türkiyə universitetinin rektorluğuna namizədliyini irəli sürüb
Həmyerlilərimizin xaricdəki akademik uğurlarını, ali təhsil idarəçiliyinə dair yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Beynəlxalq nailiyyətlər, təhsil diplomatiyasından məlumatlı olmaq üçün bizi izləyin.
Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Elnur Həsən Mikayıl bu ali təhsil ocağının rektorluğuna namizədliyini irəli sürüb.
Direktor.az xəbər verir ki, bu barədə Azərbaycanlı professor AZƏRTAC-a müsahibə verib. O, Ankaraya dəvət aldığını və yaxın günlərdə Türkiyə Ali Təhsil Şurasının (YÖK) nümayəndələri ilə görüşəcəyini bildirib.
“Türkiyə qanunvericiliyinə görə, rektor vəzifəsinə namizədlər siyahısından ən nüfuzlu üç namizəd seçiləcək və Prezident Rəcəb Tayyib Ərdoğana təqdim ediləcək. Son qərar dövlət başçısının səlahiyyətlərinə aiddir”, - deyə o bildirib.
Türkiyədə elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirən azərbaycanlı alim geniş elmi təcrübəsini və biliklərini ali təhsilin idarə olunması sahəsində fəal şəkildə tətbiq etməyi hədəfləyir. E. Mikayıl əslən bakılıdır. O, 1994-cü ildə Dehlidə keçirilən Beynəlxalq İnformatika və Riyaziyyat Olimpiadasına dünyaca məşhur Azərbaycan alimi Azad Mirzəcanzadə tərəfindən ölkəmizi təmsil etmək üçün seçilən altı məktəblidən biri olub. Həmyerlimiz ali təhsilini Türkiyədə alıb, orada Selçuk Universitetində (Konya) beynəlxalq münasibətlər üzrə bakalavr və magistr dərəcələrinə yiyələnib.
2011-ci ildən bəri alim Qafqaz Universitetində müxtəlif vəzifələrdə çalışıb və hazırda orada Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri vəzifəsini tutur. Alim özünün doktorluq dissertasiyasında Atatürk dövründə Türkiyə-Azərbaycan münasibətlərini araşdırıb, 2023-cü ildə professor adına layiq görülüb.
O, həmçinin TURAN-SAM Avrasiya Strateji Araşdırmalar Mərkəzinin təsisçi prezidentidir. Türkiyə ilə Azərbaycan arasında elmi və mədəni əlaqələrin gücləndirilməsinə xüsusi önəm verən professorun ehtimal olunan liderliyi Qafqaz Universitetinin regional və beynəlxalq akademik əlaqələrinin inkişafı üçün əhəmiyyətli perspektivlər vəd edir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

