
“Azərbaycanlı tələbələrin ixtisas seçimi balanslıdır"
Regionun qabaqcıl universitetləri ilə tərəfdaşlıqları, tələbə mübadiləsi layihələrini və təhsildə qlobal inteqrasiya addımlarını izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil sahəsindəki beynəlxalq əlaqələrdən, yeni akademik təşəbbüslərdən və rəsmi xəbərlərdən məlumatlı olmaq üçün bizi izləməyə davam edin.
Ankara Universitetində təhsil alan Azərbaycanlı tələbələrin ixtisas seçimi balanslıdır.
Direktor.az "Report"a istinadla xəbər verir ki, bunu Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar deyib.
Onun sözlərinə görə, Azərbaycanda itkin düşmüş şəxslərlə bağlı oktyabrın 7-10-da keçiriləcək beynəlxalq konfransda rəhbəri olduğu universitetin mütəxəssisləri də iştirak edəcəklər:
"Qeyd edim ki, Ankara Universitetinin antropoloqları artıq Azərbaycanın Qarabağ bölgəsində məhkəmə antropologiyası və arxeologiyası sahəsində mühüm əməkdaşlıq layihələri icra edirlər. Bu tədqiqatların əsas koordinasiyası Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu ilə birgə həyata keçirilir. Konfrans çərçivəsində xüsusilə Qarabağın azadlığı uğrunda savaşda əsir, girov və itkin düşmüş şəxslərin axtarışı, müəyyənləşdirilməsi istiqamətində görülən işlər müzakirə ediləcək, bir sıra aktual məsələlər diqqət mərkəzinə gətiriləcək və bu sahədə beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi imkanları dəyərləndiriləcək".
N.Ünüvar Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlığa da toxunaraq Ankara Universitetinin Azərbaycanın üç ali təhsil müəssisəsi - Texniki (AzTU), Memarlıq və İnşaat (AzMİU) və Tibb (ATU) universitetləri ilə ikili diplom proqramlarını aktiv şəkildə həyata keçirdiyini bildirib:
"Azərbaycanla təhsil sahəsində əməkdaşlığımız davamlı şəkildə genişləndirilir. Hazırda Azərbaycanın bu universitetləri ilə kompüter mühəndisliyi, memarlıq və tibb ixtisasları istiqamətlərində ortaq diplom proqramlarımız icra olunur. Ötən tədris ilində AzTU ilə birgə ilk məzunlarımızın buraxılışı oldu. Azərbaycana səfərimiz zamanı təhsil sahəsində əlaqələrin gücləndirilməsi məqsədilə müxtəlif görüşlər keçirməyi də nəzərdə tuturuq".
O, Ankara Universitetində təhsil alan Azərbaycandan olan tələbələrin mühəndislik, tibb və hüquq ixtisaslarına daha çox maraq göstərdiklərini vurğulayıb: "Bununla belə, universitetimizdəki azərbaycanlı tələbələrin ixtisas seçimi kifayət qədər balanslıdır".
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin