
AzTU-da ölkə üzrə ilk kriminalistika laboratoriyası açılıb
AZTU-da ölkə üzrə ilk Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyasının açılışı və kibertəhlükəsizlik sahəsində atılan addımlar barədə məlumatlar üçün direktor.az-a abunə olun. Ali təhsil müəssisələrində qurulan müasir elmi laboratoriyalar, texnoloji innovasiyalar və kadr hazırlığı ilə bağlı rəsmi xəbərlər üçün bizi izləməyə davam edin.
AzTU-da ölkə üzrə ilk Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası fəaliyyətə başlayıb.
Direktor.az xəbər verir ki, bu barədə Azərbaycan Texniki Universitetindən bildirilib. AzTU-da kibertəhlükəsizlik sahəsində strateji addım kimi qiymətləndirilən Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyasının rəsmi açılışı olub. Layihə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) ilə universitet arasında 2022-ci ildən davam edən əməkdaşlıq çərçivəsində, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə ərsəyə gətirilib. Laboratoriyanın ən müasir texnoloji avadanlıqlar və proqram təminatı ilə təchizatı ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “2023–2027-ci illər üzrə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyası”nın icrası kontekstində reallaşdırılıb.
Açılış mərasimində XRİTDX rəisi, general-leytenant İlqar Musayev, AzTU-nun rektoru Vilayət Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Ölkəmizdə ilk olan yeni laboratoriya real kiberinsidentlərin simulyasiyası, zərərli proqramların analizi, rəqəmsal sübutların ekspertizası kimi mürəkkəb əməliyyatların aparılmasına geniş şərait yaradır. İnfrastruktur dövlət informasiya ehtiyatlarının, eləcə də kritik informasiya sistemlərinin kiberhücumlardan etibarlı mühafizəsinə və yerli kadr potensialının gücləndirilməsinə xidmət edəcək.
XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT.gov.az) elmi-tədqiqat xəttinin məntiqi davamı olan mərkəzdən təkcə tələbə və müəllim heyəti deyil, dövlət qurumlarının mütəxəssisləri də faydalana biləcəklər. Onlar burada təşkil olunacaq təlimlər vasitəsilə ölkəni hədəf alan mürəkkəb kiberhücum metodlarını tədqiq edəcək, hücum edən tərəflərin texniki atributsiyasını müəyyənləşdirəcəklər.
Bundan əlavə, laboratoriya dövlət idarəçiliyində tətbiq olunan antivirus və üç nöqtə təhlükəsizlik vasitələrinin nəzarət edilən mühitdə sınaqdan çıxarılması və ən effektiv həllərin müəyyənləşdirilməsi missiyasını da daşıyır. Bu istiqamət dövlət başçısının 2025-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiqlənmiş "Rəqəmsal İnkişaf Konsepsiyası"nın müvafiq bəndinin praktiki icrasına töhfə verir.
Tədbir çərçivəsində, həmçinin ənənəvi qaydada XRİTDX tərəfindən 2025–2026-cı tədris ilinin ikinci semestrində təşkil edilmiş və tələbələrin kibertəhlükəsizlik üzrə praktiki bacarıqlarını yoxlayan bilik yarışmasının qaliblərinə mükafatlar təqdim olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin