
BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub
Universitetlərimizdə təşkil olunan beynəlxalq elmi tədbirləri, qabaqcıl tədqiqatları izləmək üçün direktor.az-a abunə olun. Elm və təhsil sahəsindəki ən son akademik yeniliklər, qlobal layihələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Dövlət Universitetində (BDU) Arxeologiya Tədris-Tədqiqat Mərkəzi və Tarix fakültəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan, Qafqaz və ətraf regionlarda qədim sərhəd sədləri” mövzusunda beynəlxalq elmi seminar keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Tədbirdə Edinburq Universitetinin professoru, Roma dövrü arxeologiyası və qədim müdafiə sistemləri üzrə tanınmış mütəxəssis Eberhard Sauer məruzə ilə çıxış edib.
Seminarın açılışında BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, professor Tarix Dostiyev və Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru Aslan Qasımov çıxış edərək qədim müdafiə sistemlərinin arxeoloji tədqiqinin əhəmiyyətini, müasir metodların tətbiqini, eləcə də tələbələrin beynəlxalq layihələrə cəlb olunmasının vacibliyini vurğulayıblar.
Məruzə ilə çıxış edən professor Eberhard Sauer Roma və Sasani imperiyaları dövründə formalaşmış müdafiə qurğularının tikinti xüsusiyyətləri, xronologiyası və hərbi-strateji rolu barədə araşdırmalarını bölüşüb. Alim xüsusilə Dəryal keçidi, Dəryal qalası və Gürcan (Gorgan) müdafiə divarlarında apardığı qazıntıların nəticələrini diqqətə çatdırıb.
Seminarda, həmçinin, 2024-cü ildə professor Eberhard Sauerin BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru Aslan Qasımov və London Universitet Kollecinin (UCL) elmi işçisi Davit Naskidaşvili ilə birgə icra etdiyi Böyük Qafqaz Səddi layihəsinin nəticələri (radiokarbon analizləri, coğrafi-məkan təhlilləri və rəqəmsal xəritələşdirmə məlumatları) təqdim olunub.
Bundan əlavə, Eberhard Sauer BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan və Gürcüstanda həyata keçirilməsi nəzərdə tutulan yeni beynəlxalq layihə haqqında məlumat verib. Layihə çərçivəsində Gilgilçay, Beşbarmaq, Kəlasur sədləri, Dərbənd divarları və digər istehkam qurğularının müasir laboratoriya və coğrafi informasiya sistemləri (GIS) vasitəsilə kompleks tədqiqi planlaşdırılır.
Tədqiqatlara BDU-nun Tarix, Biologiya, Coğrafiya, Kimya və Geologiya fakültələrinin tələbələrinin cəlb edilməsi nəzərdə tutulur. Bu əməkdaşlıq multidissiplinar tədqiqat mühitinin formalaşmasına, gənc mütəxəssislərin praktiki bacarıqlarının artmasına və Azərbaycanın arxeoloji irsinin dünya elmi ictimaiyyətinə tanıdılmasına mühüm töhfə verəcək.Seminar iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

