
BMU-nun tələbəsi Çində birinci olub
Azərbaycanlı tələbənin süni intellekt layihələri ilə Çində keçirilən üç elmi müsabiqədə qazandığı tarixi qələbə və beynəlxalq ikili diplom proqramının uğurları barədə məlumatlar üçün direktor.az-a abunə olun. Qlobal elmi nailiyyətlər, innovativ araşdırmalar və ali təhsil sahəsindəki xəbərləri izləmək üçün bildirişləri aktiv edin.
Azərbaycanlı gənc tədqiqatçı Çində keçirilən üç mötəbər müsabiqədə birinci yerə layiq görülüb.
Direktor.az xəbər verilir ki, bu barədə Bakı Mühəndislik Universitetindən bildirilib. BMU və Pekinin İnşaat Mühəndisliyi və Memarlıq Universitetinin birgə təşkil etdiyi ikili diplom proqramında təhsil alan Sənur Məmmədli Çində böyük elmi uğur qazanıb. Gənc magistrant süni intellekt texnologiyalarının tarixi-mədəni irsin qorunmasına tətbiqi sahəsində irəli sürdüyü layihələrlə üç fərqli yarışmada ən yüksək pillədə qərarlaşıb.
Tələbə “IX Ümumçin 5 Dəqiqəlik Elmi Tədqiqat” müsabiqəsi ilə yanaşı, Çin Xalq Respublikasının Təhsil Nazirliyinin dəstəklədiyi “FLTRP · ETIC Cup” çərçivəsində təşkil olunmuş “Dörd Yeni Tədqiqat” və “Qısametrajlı Video” yarışmalarında birinci dərəcəli mükafatın sahibi olub.
Tədqiqatçının ilk qələbəsi Dunxuan Mogao mağaralarındakı qədim divar rəsmlərinin bərpasına həsr edilmiş işlə bağlıdır. O, rəsmlərdə aşınmaya məruz qalan rənglərin qabaqcıl süni intellekt modelləri (şərti GAN və gizli diffuziya) vasitəsilə bərpasını araşdırıb. Həmin elmi iş Çin Akademik İngilis Dili Assosiasiyası və nüfuzlu Fudan Universiteti Nəşriyyatı tərəfindən xüsusi sertifikatla dəyərləndirilib.
S.Məmmədlinin növbəti layihəsi isə birbaşa Azərbaycanın mədəni sərvəti ilə əlaqədardır. UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan Şəki Xan Sarayının profilaktik qorunması məqsədilə Çin təcrübəsinə əsaslanan 8 mərhələli süni intellekt modeli işləyib hazırlayan tədqiqatçı bu işi ilə də birinci dərəcəli mükafata layiq görülüb. Qeyd edək ki, sözügedən elmi iş Pekin Xarici Dillər Universitetində təşkil ediləcək “Çində Azərbaycanşünaslıq üzrə II Beynəlxalq Akademik Konfrans”ın proqramına da daxil edilib.
Bundan başqa, onun hazırladığı “Remote Similarity: From Sheki to Dunhuang” adlı qısametrajlı videoçarx münsiflər heyətindən 95,88 bal toplayaraq qalib seçilib. Azərbaycanın zəngin mədəniyyətini, eləcə də “Bir Kəmər, Bir Yol” təşəbbüsü daxilində Çinlə olan dostluq əlaqələrini tərənnüm edən bu video “Bilibili” platformasında yayımlanıb. Həmçinin magistrantın Dunxuan bölgəsindəki ekspedisiyası zamanı qələmə aldığı səyahətnamə “Şanxay Nianyi Mədəniyyəti” resursu tərəfindən ingilis və Çin dillərində işıq üzü görüb.
Qeyd edək ki, BMU və BUCEA-nın ötən ildən start götürən birgə magistratura proqramı çərçivəsində təhsil alan tələbələr məzun olduqda hər iki nüfuzlu universitetin magistr diplomunu əldə edəcəklər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin