
BMU tələbələri Balaxanı Sənaye Parkında istehsalat prosesi ilə tanış olublar
Ali təhsil müəssisələrimizdə gerçəkləşən layihələri, tələbə təşəbbüslərini izləmək üçün direktor.aza abunə olun. Universitetlərimizdəki ən son Zəfər tədbirləri, eləcə də rəsmi təhsil yeniliklərindən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Bakı Mühəndislik Universitetinin (BMU) “Mexanika mühəndisliyi” və “Maşın mühəndisliyi” ixtisasları üzrə təhsil alan tələbələri Balaxanı Sənaye Parkında yerləşən “PROFIX” MMC-nin istehsalat müəssisəsinə texniki ekskursiya ediblər.
Direktor.az xəbəe verir ki, bu barədə universitetdən bildirilib. Ekskursiya zamanı BMU-nun Mexanika mühəndisliyi kafedrasının müdiri Mahir Bəşirov, Mühəndislik fakültəsinin tədris işləri üzrə dekan müavini Vurğun Qəhrəmanov və kafedranın müəllimi Şəlalə Bağırova MMC-nin direktoru Ülvi Ağayevlə görüşüblər. Görüşdə universitet-sənaye əlaqələrinin genişləndirilməsi, tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi, istehsalat təcrübələrinin təşkili ətrafında fikir mübadiləsi aparılıb.
Sonra “PROFIX” MMC-nin texniki direktoru, eyni zamanda BMU-nun Mexanika mühəndisliyi kafedrasının müəllimi Nurəhməd Mustafayev tələbələrə müəssisənin fəaliyyət istiqamətləri, istehsalat imkanları və tətbiq olunan texnologiyalar barədə ətraflı məlumat verib. Tələbələr istehsalat sahələrini gəzərək müasir avadanlıqlar, dəzgahların iş prinsipləri, mexaniki emal, qaynaq və termiki püskürtmə prosesləri ilə yaxından tanış olublar. Ənənəvi qaynaq üsulları ilə müasir səth bərpası texnologiyaları arasındakı fərqlər, onların sənayedə tətbiqi və avadanlıqların etibarlılığının təmin edilməsindəki rolu real təmir nümunələri əsasında izah edilib.
Tələbələrə bildirilib ki, “PROFIX” MMC sənaye avadanlıqlarının təmiri, bərpası, mexaniki emalı, qaynaq və səth mühəndisliyi sahələrində ixtisaslaşıb. Müəssisə neft-qaz, energetika, dağ-mədən, sement, tikinti, qida, tekstil və digər sənaye sahələrində istifadə olunan avadanlıqların etibarlılığının artırılması və istismar müddətinin uzadılması istiqamətində mühəndislik həlləri təqdim edir. Bu məqsədlə mexaniki emal və bərpa, qaynaq, eləcə də müasir səth mühəndisliyi texnologiyalarından istifadə olunur.
Ekskursiya tələbələrin real istehsalat mühiti ilə tanışlığı, nəzəri biliklərinin möhkəmləndirilməsi və universitet–sənaye əməkdaşlığının inkişafı baxımından əhəmiyyətli olub. Tərəflər bu cür texniki ekskursiyaların gələcəkdə də mütəmadi olaraq təşkil edilməsi barədə razılığa gəliblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

