
Bu il odun yanacağı ilə qızdırılan təhsil müəssisələrinin sayı sıfıra enib
Payız-qış mövsümünə hazırlıq çərçivəsində təhsil müəssisələrinin istiliklə təminatı, məktəb və bağçalarda aparılan monitorinqləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sektorundakı aktual xəbərlər üçün bizi izləyin.
Son illər Azərbaycanda təhsil müəssisələrinin istilik təminatının yaxşılaşdırılması, alternativ yanacaq növlərindən istifadənin genişləndirilməsi, ətraf mühitə dost texnologiyaların, eyni zamanda müasir istilik sistemlərinin tətbiqi istiqamətində tədbirlər həyata keçirilir.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Bu istiqamətdə təhsil müəssisələrinin istilik təminatının yaxşılaşdırılması üçün sistemli tədbirlər aparılır. Görülən işlər çərçivəsində təhsil müəssisələrinin bir hissəsi qazlaşdırılıb, odun yanacağı ilə qızdırılan təhsil müəssisələri isə alternativ yanacaq növü olan pelletdən istifadəyə keçid edib.
Pellet yanacağından istifadə ağac materialına olan tələbatın azalması və meşə ehtiyatlarının qorunması baxımından önəmli töhfədir. Bununla yanaşı, daha aşağı rütubət səviyyəsi, temperaturun asanlıqla tənzimlənməsi baxımından xüsusi əhəmiyyətə malikdir ki, bu da özlüyündə təhsil müəssisələrində istiliyin daha səmərəli, stabil və çevik şəkildə təmin olunmasına şərait yaradır.
Statistik göstəricilərə əsasən, 2023-cü ildə ölkə üzrə odun yanacağı ilə qızdırılan təhsil müəssisələrinin sayı 2065 olduğu halda, 2026-cı ildə bu göstərici sıfıra enib. Hazırda 1397 təhsil müəssisəsində pellet yanacağından istifadə olunur, digər müvafiq təhsil müəssisələrinin istilik təminatı isə qazlaşdırma hesabına həyata keçirilir.
Pellet yanacağından istifadəyə keçid meşələrin qorunmasına, odun yanacağına tələbatın azaldılmasına və istilik təminatında alternativ yanacaq növlərinin tətbiqinin genişləndirilməsinə mühüm töhfə verir.
Təhsil müəssisələrində odun yanacağından istifadəsinin dayandırılması ətraf mühitin mühafizəsi baxımından müsbət təcrübə olmaqla, odun yanacağından istifadə edən digər təşkilatlar üçün də nümunəvi yanaşma ola bilər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

