
DİM-in imtahanlarında nəzarətçi olmaq istəyənlərin diqqətinə!
Dövlət İmtahan Mərkəzinin zal nəzarətçilərinin sertifikatlaşdırılması üzrə qeydiyyat prosesi, seçim mərhələləri və imtahan şərtləri haqqında ən son məlumatlar üçüb direktor.az-a abunə olun. Sertifikatlaşdırma imtahanları, qiymətləndirmə meyarları və təhsildəki ən vacib inkişafları addım-addım izləmək üçün bildirişləri aktiv edin.
DİM zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması üçün qeydiyyata start verir.
Direktor.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.Dövlət İmtahan Mərkəzi (DİM) zal nəzarətçisi statusunu əldə etmək istəyən namizədlər üçün sertifikatlaşdırma prosesinə başlayır. Müraciətlərin qəbulu 14 sentyabr – 5 oktyabr 2026-cı il tarixləri arasında onlayn formatda aparılacaq.
Namizədlərə dair əsas tələblər:
Azərbaycan Respublikasının vətəndaşı olmaq;
22–45 yaş aralığında və fiziki cəhətdən sağlam olmaq;
Məhkumluğu olmamaq;
Ali təhsilli olmaq və mülkiyyət növündən asılı olmayaraq hər hansı təşkilatda çalışmaq.
İstisna: Pedaqoji profilli ixtisaslar üzrə bakalavr dərəcəsi olanlardan, təhsil, humanitar və sosial, iqtisadiyyat və idarəetmə, eləcə də təbiət ixtisasları qrupları üzrə magistr dərəcəsinə malik şəxslərdən və dövlət qulluğu sertifikatı olan namizədlərdən iş yeri tələb olunmur.
Müraciət və seçim mərhələləri:
1. Elektron qeydiyyat və sənəd qəbulu:
Namizədlər ilk növbədə ekabinet.dim.gov.az portalında “Şəxsi kabinet” yaratmalıdırlar.
Daha sonra sertifikatlaşdırma qaydaları ilə tanış olmaq və ərizə formasını doldurmaq üçün DİM-in elektron qeydiyyat sisteminə daxil olaraq elektron anketi təsdiqləməlidirlər.
2. Müraciətlərin yoxlanılması və müsahibə:
Sənədləri təsdiqlənən şəxslər elektron anket vasitəsilə müsahibə tarixini və vaxtını seçirlər.
Tələb olunan sənədlər: Şəxsiyyət vəsiqəsi, təsdiq edilmiş elektron anket, məhkumluq arayışı, zəruri hallarda iş yerindən arayış (və elektron hökumət portalından çıxarış), varsa Vətən Müharibəsi iştirakçısı və ya “Əməkdar müəllim” sənədi. Müsahibədə namizədin dünyagörüşü, nitqi, emosional davamlılığı və psixoloji uyğunluğu yoxlanılır.
3. İlkin test imtahanı (Ödənişli):
Kompüter vasitəsilə təşkil edilən sınaqda namizədlərə məntiqi təfəkkür üzrə 30 tapşırıq (1 saat) və situasiya mühakiməsi üzrə 30 tapşırıq (45 dəqiqə) təqdim olunur. Səhv cavablar nəticəyə təsir etmir.
Keçid həddi: İntellekt blokundan ən azı 40%, situasiya blokundan isə ən azı 50%.
🔗 İntellekt səviyyəsini yoxlayan sınaq testləri ilə tanış olmaq üçün keçid: OTK Sınaq İmtahanları
4. Təlimlər (Ödənişli):
İlkin imtahanı keçənlər iki gün ərzində “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” (2 saat) və “İmtahanların idarəedilməsi, texnologiyası və zal nəzarətçisinin fəaliyyəti” (4 saat) təlimlərinə cəlb olunurlar. Təlimlərin yekununda iştirak sertifikatı verilir.
5. Yekun test imtahanı (Ödənişli):
İmtahan qaydaları və texnologiyasına dair 30 sualdan ibarət elektron test keçirilir (müddət: 45 dəqiqə, minimum keçid: 60%).
Qiymətləndirmə və Kateqoriyalar:
Yekun bal ilkin intellekt testinin 40%-i ilə prosedur imtahanının 60%-nin toplanması əsasında hesablanır:
A kateqoriyası: 90% və daha yüksək nəticə göstərənlərə;
B kateqoriyası: 60% – 89% aralığında bal toplayanlara.
Ödənişlər və Güzəştlər:
Qeydiyyat, sənəd qəbulu və müsahibə mərhələsi ödənişsizdir.
Test imtahanları və təlimlər üçün ödəniş tələb olunur (şəxsi kabinetə vəsaitin artırılması və ödəniş qaydaları ilə tanış olmaq üçün: epayment.dim.gov.az).
İmtiyazlar: Vətən Müharibəsi iştirakçıları və “Əməkdar müəllim”lər bütün mərhələlər üzrə ödənişlərdən tam azaddırlar. Bundan əlavə, “Əməkdar müəllim” fəxri adına malik şəxslər təlimləri başa vurduqdan sonra birbaşa A kateqoriyalı zal nəzarətçisi sertifikatı əldə edirlər.
Proses Bakı şəhəri ilə yanaşı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Xaçmaz, Şəmkir, Bərdə, Göyçay və Şirvan regional bölmələrində təşkil ediləcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin