
DİM-in imtahanlarında zal nəzarətçisi olmaq istəyənlərin nəzərinə!
İmtahanların təşkili, nəzarətçi heyətinin sertifikatlaşdırılması qaydalarını izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki qiymətləndirmə standartları, kadr hazırlığından xəbərdar olmaq üçün bizi izləyin.
Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibə və ilkin test imtahanı mərhələsi yekunlaşır, təlimlər başlanılır.
Direktor.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
Zal nəzarətçisi olmaq üçün elektron qeydiyyat 5 oktyabr 2026-cı il tarixində sona çatıb. 4507 nəfər öz müraciətini təsdiq edib, onlardan 1400 nəfər tələblərə cavab vermədiyi üçün və ya anket məlumatlarında çatışmazlıq olduğu üçün DİM tərəfindən prosesdə iştirak hüququndan imtina edilib və 3107 nəfər müsahibə mərhələsinə buraxılıb.
Müsahibə mərhələsi üçün indiyə qədər vaxt seçimi edən 2415 namizəddən 1729 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb, 218 nəfər qeyri-məqbulla qiymətləndirilib, 468 nəfər isə bu mərhələdə iştirak etməyib. Müsahibədən keçən namizədlər müəyyən edilən vaxtda ümumi intellekt səviyyəsini və situasiya mühakimə bacarıqlarını yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət edilirlər. İlkin test imtahanı kompüter vasitəsilə həyata keçirilir. İmtahanda namizədlərə məntiqi təfəkkürü yoxlayan 30 qapalı tipli test tapşırığı və situasiya mühakimə bacarıqlarını yoxlayan 30 qapalı tipli test tapşırığı təqdim olunur. Səhv cavablar ümumi nəticəyə təsir etmir. Ümumi intellekt səviyyəsini yoxlayan testlər bloku üzrə test tapşırıqlarının cavablandırılmasına 1 saat, situasiya mühakimə bacarıqlarını yoxlayan testlər bloku üzrə 45 dəqiqə vaxt ayrılır. İmtahan fasilə verilmədən aparılır. Ümumi intellekt səviyyəsini yoxlayan testlər bloku üzrə nəticəsi ən az 40% və situasiya mühakimə bacarıqlarını yoxlayan testlər bloku üzrə nəticəsi ən az 50% olan namizədlər növbəti - təlimlər mərhələsinə buraxılırlar.
İlkin test imtahanı üçün indiyə qədər vaxt seçimi edən 1622 namizəddən 1062 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb, 276 nəfər qeyri-məqbul qiymətləndirilib, 30 nəfər isə bu mərhələdə iştirak etməyib, 254 namizədin isə bu mərhələdə iştirakı gözlənilir. İlkin test imtahanı mərhələsini uğurla keçən namizədlər müəyyən edilmiş qrafikə uyğun olaraq “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” adlı birinci təlimə cəlb olunurlar. Təlimə qeydiyyat elektron qaydada aparılır. Namizədin mobil telefonuna və elektron poçt ünvanına məlumat gəldikdən və növbəti mərhələlər üçün tələb olunan məbləği şəxsi kabinetinə əlavə etdikdən sonra elektron anketinə daxil olaraq birinci təlim üçün təlim vaxtını və gününü seçir.
Birinci təlim günü: “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” təlimi imtahan prosesinə aid stres və təlaş, imtahana cəlb olunan tərəflərin psixoloji portretləri, ilkin təəssüratın imtahan gedişatına təsiri, imtahan prosesində ünsiyyət xüsusiyyətləri, imtahana psixoloji hazırlıq və bu kimi bir sıra mövzuları əhatə edir. Təlim zamanı təlimçilər namizədləri qiymətləndirir və təlimin gündəliyində qeydlər aparır, namizədlərin tədrisin interaktiv hissəsində fəal iştirakını, stres vəziyyətində və qrup şəklində işləmək bacarıqlarını qeyd edir, problemli, münaqişə və konflikt yaradan, həddindən artıq passiv namizədlərə sertifikat verilməməsi üçün xüsusi rəy verirlər.
Təlimlər mərhələsi üçün indiyə qədər vaxt seçimi edən 971 namizəddən “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” təlimində 188 namizəd iştirak etmiş, 783 namizədin isə bu təlimdə iştirakı gözlənilir. Zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması mərhələləri ilə bağlı suallarınız yaranarsa, imtahan@dim.gov.az poçt ünvanına yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

