
DİM-in nümayəndələri Türkiyədə beynəlxalq konqresdə iştirak ediblər
Təhsildə yeni nəsil qiymətləndirmə alətlərini, süni intellektin imtahan proseslərinə tətbiqini və beynəlxalq akademik əməkdaşlıqları izləmək üçün direktor.az saytına abunə olun. Təhsil və qiymətləndirmə siyasəti, strateji inteqrasiya addımları və ölkəmizin maarif sistemində həyata keçirilən rəsmi yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
5–9 oktyabr 2026-cı il tarixlərində Türkiyənin Denizli şəhərində, Pamukkale Universitetində Təhsil və Psixologiya sahəsində Ölçmə və Qiymətləndirmə Assosiasiyasının (EPODDER) təşkilatçılığı ilə Təhsil və Psixologiya sahəsində Ölçmə və Qiymətləndirmə üzrə 10-cu Beynəlxalq Konqres – CMEEP 2026 keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Tədbirdə DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev və Test bankı şöbəsinin Yoxlama-ölçmə materialları bazasının idarə olunması sektorunun müdiri Rəşad Kazımlı təmsil ediblər.
Beynəlxalq tədbirdə müxtəlif ölkələrdən təhsil, ölçmə və qiymətləndirmə, psixometriya və əlaqəli sahələr üzrə mütəxəssislər, alimlər və ekspertlər iştirak ediblər. Konqres çərçivəsində müasir qiymətləndirmə yanaşmaları, süni intellektin ölçmə və qiymətləndirmə proseslərinə təsiri, psixometrik modellər, kompetensiyaların qiymətləndirilməsi, rəqəmsal texnologiyalar və yeni nəsil qiymətləndirmə alətləri ilə bağlı fikir və təcrübə mübadiləsi aparılıb.
Konqresin 5 oktyabr tarixində keçirilən proqramı çərçivəsində müxtəlif istiqamətlər üzrə tematik seminarlar təşkil olunub. Seminarlarda idrak diaqnostikası modelləri, kontekst əsaslı sualların hazırlanması, süni intellekt dövründə ölçmə və qiymətləndirmə, tədris və öyrənmə dizaynı, eləcə də süni intellekt əsaslı keyfiyyət məlumatlarının təhlili kimi aktual mövzular ətrafında müzakirələr aparılıb.
6 oktyabr tarixində konqresin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimindən sonra beynəlxalq ekspertlərin iştirakı ilə dəvətli məruzələr, panel müzakirələri və paralel elmi sessiyalar təşkil olunub.
7 oktyabr tarixində konqres çərçivəsində Türk dünyası ölkələri arasında əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan “Türk Dünyası Cumhuriyetleri ölçmə və qiymətləndirmə mərkəzlərinin görüşü” adlı panel müzakirəsi keçirilib. Natiq Əliyev panelin spikerlərindən biri kimi çıxış edərək, Azərbaycanda ölçmə və qiymətləndirmə sahəsində DİM-in təcrübəsi, tətbiq edilən müasir yanaşmalar və əldə olunmuş nəticələr barədə məlumat verib, həmçinin Türk dünyası ölkələri arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Paneldə Türk dünyası ölkələrinin ölçmə və qiymətləndirmə mərkəzlərinin fəaliyyəti, bu sahədə mövcud təcrübə və yanaşmaların bölüşdürülməsi, eləcə də gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
8 və 9 oktyabr tarixlərində isə konqresin elmi proqramı paralel şifahi təqdimatlar və elmi sessiyalarla davam etdirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin