
DİM-in rəhbərliyi BMT-nin İdarəetmə İnnovasiyaları Sammitində iştirak edib
İmtahan sistemindəki müasir standartları, rəqəmsal yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyində tətbiq edilən qabaqcıl metodlar, rəsmi qiymətləndirmə xəbərləri üçün bizi izləyin.
5 – 6 noyabr 2026-cı il tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin (UN DESA) və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə BMT-nin İdarəetmə İnnovasiyaları Sammiti – “UN Governance Innovation Summit 2026” keçirilib.
Direktor.az xəbər verir ki, beynəlxalq sammitdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
Müxtəlif ölkələrdən yüksək səviyyəli dövlət rəsmilərini, beynəlxalq təşkilatların rəhbər və nümayəndələrini, dövlət idarəçiliyi üzrə ekspertləri və akademik dairələrin təmsilçilərini bir araya gətirən sammitin əsas məqsədi müasir dövrdə dövlət idarəçiliyinin qarşısında duran çağırışların müzakirəsi, gələcəyə hazır dövlət institutlarının formalaşdırılması və idarəetmədə innovativ yanaşmaların təşviqidir.
Tədbirin açılış mərasimində BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin Baş katibinin müavini Junhua Li və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək dövlət idarəçiliyində beynəlxalq əməkdaşlığın, innovasiyaların və vətəndaşyönümlü xidmət modellərinin inkişafının əhəmiyyətini vurğulayıblar.
Sammitin ilk günü “Gələcəyə hazır institutların formalaşdırılması və idarəetmənin transformasiyası” mövzusu ətrafında geniş müzakirələr aparılıb. Sessiyalarda dövlət institutlarının dəyişən qlobal mühitə uyğunlaşdırılması, institusional potensialın gücləndirilməsi, strateji planlaşdırma, transformativ liderlik, qabaqlayıcı idarəetmə, dövlət sektorunda insan kapitalının inkişafı və süni intellekt texnologiyalarının tətbiqi məsələlərinə toxunulub.
Xüsusilə süni intellektin dövlət idarəçiliyində istifadəsi, rəqəmsal transformasiya prosesində etibarlı və məsuliyyətli texnoloji həllərin tətbiqi, məlumatların idarə olunması, dövlət qulluqçularının yeni bacarıqlara yiyələnməsi və innovasiyaların ictimai dəyərin yaradılmasına töhfəsi diqqət mərkəzində olub. Bununla yanaşı, müxtəlif ölkələrin təcrübələri əsasında uğurlu idarəetmə modellərinin öyrənilməsi və tətbiqi imkanları nəzərdən keçirilib.
Sammitin ikinci günü iştirakçılar Azərbaycanın dövlət xidmətlərinin təşkili sahəsində təcrübəsi ilə tanış olmaq məqsədilə “ASAN xidmət” mərkəzinə səfər ediblər. Səfər çərçivəsində vətəndaşyönümlü xidmət modelinin tətbiqi, xidmətlərin fiziki, rəqəmsal və mobil kanallar vasitəsilə inteqrasiyası, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi və xidmətlərin əlçatanlığının artırılması istiqamətində həyata keçirilən yanaşmalar təqdim olunub.
Günün davamında dövlət sektorunda institusional islahatlar, rəqəmsal inkişaf strategiyaları, dövlət-özəl sektor tərəfdaşlığı, idarəetmə potensialının artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi mövzularında müzakirələr aparılıb.
Proqramın mühüm hissələrindən biri olan “Governance Innovation Sprint” çərçivəsində iştirakçılar səkkiz tematik istiqamət üzrə qruplarda bir araya gələrək dövlət idarəçiliyində mövcud problemlərin müəyyənləşdirilməsi və onların həlli üçün praktiki, innovativ təkliflərin hazırlanması üzərində işləyiblər. Qrup işləri və təcrübə mübadiləsi nəticəsində formalaşdırılan həllərin dövlət idarəçiliyində səmərəliliyin, çevikliyin və inklüzivliyin artırılmasına töhfə verməsi nəzərdə tutulur.
Sammitin yekununda iki gün ərzində aparılan müzakirələrin, ölkə təcrübələrinin və birgə innovasiya təşəbbüslərinin nəticələrini əks etdirən “Bakı Yekun Nəticələri” (Baku Key Takeaways) təqdim edilib. Sənəd dövlət idarəçiliyinin transformasiyası üzrə prioritetləri, ölkə səviyyəsində növbəti fəaliyyət istiqamətlərini və beynəlxalq təcrübə mübadiləsi çərçivəsində əməkdaşlıq imkanlarını özündə ehtiva edir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
