
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
Təhsil infrastrukturunun inkişafı, tədris keyfiyyətinin yüksəldilməsini izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrindəki ən son yeniliklər, rəsmi səfərlərdən məlumatlı olmaq üçün bizi izləyin.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli noyabrın 6-da Şamaxı rayonuna səfəri çərçivəsində bir sıra təhsil müəssisələrinə baş çəkərək burada yaradılmış tədris şəraiti və təhsil prosesinin təşkili ilə maraqlanıb.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Səfər çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla ilk olaraq Şamaxı Avropa Liseyinin yeni binasına baxış keçirilib. Liseydə yaradılmış müasir tədris mühiti, təhsilalanlar üçün nəzərdə tutulan imkanlar və tədris prosesinin təşkili ilə tanışlıq olub.
Daha sonra Mətin Kərimli Şamaxı Dövlət Regional Kollecində tələbə və müəllim heyəti ilə görüşüb. Görüş zamanı kollecdə tədrisin təşkili, mövcud təhsil şəraiti və təhsilalanların peşəkar bilik və bacarıqlarının inkişafı üçün yaradılan imkanlarla tanış olub, tələbə və müəllimlərin fikirlərini dinləyib. Aparat rəhbəri tələbələrlə söhbət zamanı seçdikləri ixtisas üzrə bilik və bacarıqların artırılmasının, əmək bazarının tələblərinə uyğun kompetensiyaların formalaşdırılmasının və gələcək karyera hədəflərinin düzgün müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Mətin Kərimli həmçinin Şamaxı Peşə Liseyində olub. Burada tədris mühiti, emalatxanalar və praktiki məşğələlərin təşkili ilə tanış olub, tələbə və müəllimlərlə görüşərək onların fəaliyyəti ilə maraqlanıb. Görüş zamanı tələbələrə ixtisas hazırlığının əhəmiyyəti, əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların formalaşdırılması barədə məlumat verilib. Eyni zamanda, xaricdə təhsil proqramları və yaratdığı imkanlar haqqında danışılıb, tələbələrin gələcək təhsil və karyera planlaması ilə bağlı sualları cavablandırılıb.
Səfər çərçivəsində Aparat rəhbəri Avaxıl kənd tam orta ümumtəhsil məktəbində də olub. Mətin Kərimli məktəbdə yaradılmış tədris şəraiti ilə tanış olduqdan sonra müəllimlərlə görüşüb. Görüşdə müəllimlərin peşəkar inkişafı, ixtisasartırma imkanları və davamlı təlimin tədrisin keyfiyyətinin yüksəldilməsində rolu müzakirə olunub. Aparat rəhbəri müəllimləri mövcud ixtisasartırma və peşəkar inkişaf imkanlarından fəal yararlanmağa, bilik və bacarıqlarını mütəmadi olaraq təkmilləşdirməyə təşviq edib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

