
DİM-in verdiyi sertifikat və şəhadətnamələr artıq “mygov”da
İmtahan prosesləri və ölkəmizin təhsil-idarəçilik sistemindəki yenilikləri izləmək üçün direktor.az- abunə olun. Rəsmi dövlət qərarları, elektron imkanlar və maarif sahəsindəki aktual hadisələrdən məlumatlı olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzinin (DİM) verdiyi bir sıra sertifikat və şəhadətnamələr artıq “mygov” platformasında elektron formada təqdim olunur.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Nazirlər Kabinetinin 2026-cı il mayın 15-də qəbul etdiyi 150 nömrəli Qərara əsasən, müəyyən sertifikat və şəhadətnamələr kağız daşıyıcıdan gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasına keçirilib. Həmin sənədlər vətəndaşların Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetləri vasitəsilə təqdim edilir. Elektron formata keçirilən sənədlərə dövlət qulluğu və peşəkar mühasib sertifikatları, taksi, ölkədaxili sərnişin və yükdaşıma fəaliyyəti üzrə, qiymətləndirici və aqrar sığorta fəaliyyəti ilə bağlı şəhadətnamə və sertifikatlar daxildir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, gücləndirilmiş elektron imza şəxsin kağız daşıyıcı üzərindəki və möhürlə təsdiqlənmiş əl imzasına bərabər tutulur.
DİM və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə fəaliyyəti nəticəsində qeyd olunan sənədlərin “mygov” platformasına inteqrasiyası üzrə işlər tam yekunlaşıb. Vətəndaşlar qüvvədə olan sertifikat və şəhadətnamələri ilə platforma üzərindən tanış ola, onları PDF formatında yükləyə və çap edə bilərlər. Həmçinin PDF sənəddə yerləşdirilən QR-kod vasitəsilə sənədin həqiqiliyini yoxlamaq mümkündür. Sənədlərin vahid rəqəmsal platformada “bir pəncərə” prinsipi əsasında təqdim edilməsi elektron hökumət xidmətlərinin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində atılan addımlardan biridir.
DİM digər dövlət xidmətlərinin də “mygov” platformasında yerləşdirilməsi istiqamətində müvafiq işləri davam etdirir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

