
Elm və təhsil nazirinin müavini Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
Ali təhsildə beynəlxalq tərəfdaşlıqları, xaricdə təhsil üzrə Dövlət Proqramlarını və qlobal akademik prosesləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi siyasəti və ölkəmizin maarif sistemində həyata keçirilən yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli Bakıda keçirilmiş Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ticarət və iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında iştirak edib.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. İclasda çıxış edən nazir müavini iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə iştirakçıları məlumatlandırıb. Həsən Həsənli çıxışında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında təhsil alan tələbələrin əhəmiyyətli sayını vurğulayaraq Dövlət Proqramları, eləcə də ikili diplom proqramlarının ölkələr arasında təhsil sahəsində əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd edib. Bununla yanaşı, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihələrinin dəstəklənməsi, eləcə də ali təhsil müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib.
Komissiyanın iclasında həmçinin iki ölkə arasında ticari-iqtisadi, sənaye, energetika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida təhlükəsizliyi, mədəniyyət, eləcə də turizm sahələrində əməkdaşlığın mövcud vəziyyəti və potensial imkanları müzakirə olunub.
Sonda Hökumətlərarası Komissiyanın 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb, 2026-2027-ci illəri əhatə edən, 10 istiqamət üzrə 60-dan çox tədbiri özündə birləşdirən Fəaliyyət Planı qəbul edilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin