
Elm və təhsil nazirinin müavini I Ailə Forumunda iştirak edib
Məktəb və ailə əməkdaşlığının möhkəmləndirilməsi, təhsilalanların psixoloji rifahı və təhsil sistemindəki bütün strateji yeniliklərdən xəbərdar olmaq üçün direktor.az-a abunə olun. Maarif sahəsindəki aktual çağırışlar, rəqəmsal tədris həlləri və rəsmi qərarları bizimlə izləyin.
Oktyabrın 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda I Ailə Forumu keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Forumda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, eləcə də dövlət qurumlarının nümayəndələri, ekspertlər və digər qonaqlar iştirak ediblər.
Bahar Muradova Azərbaycan ailəsinin milli-mənəvi dəyərlərin və nəsillərarası bağlılığın qorunmasında mühüm rolunu vurğulayıb. Komitə sədri uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli məzmun, kiberzorakılıq məsələlərinə toxunaraq, hazırlanmaqda olan Ailə Konsepsiyasının əhəmiyyətini diqqətə çatdırıb.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov cəmiyyətdə xoşbəxt ailələrin sayının çox olmasının dövlətin uğurlu inkişafının əsas zəmanəti olduğunu bildirib. Qeyd edib ki, ailə uşaqların və yaşlı insanların rifahının təmin olunmasında, davranış normalarının və dəyərlərin gələcək nəsillərə ötürülməsində xüsusi əhəmiyyət daşıyır.
Nazir müavini texnologiyaların təhsil imkanlarını genişləndirdiyini, eyni zamanda rəqəmsal asılılıq, canlı ünsiyyətin azalması, diqqət çatışmazlığı və nəsillər arasında rəqəmsal fərqlər kimi risklər yaratdığını diqqətə çatdırıb.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkədə rəqəmsallaşma və süni intellekt sahəsində həyata keçirilən islahatlardan danışıb. O, rəqəmsal infrastrukturun yenilənməsi, elektron xidmətlərin genişləndirilməsi və təhsilin müasirləşdirilməsi istiqamətində görülən işləri qeyd edib. Nazir müavini uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasının strateji əhəmiyyətini vurğulayaraq sosial platformalarda uşaqların müdafiəsinə yönəlmiş təkliflər və zərərli məzmunun məhdudlaşdırılması mexanizmləri barədə məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov rəqəmsal dövrdə ailə institutunun qarşılaşdığı çağırışlardan və mənəvi dəyərlərin qorunmasının əhəmiyyətindən bəhs edib. O, dəyişən dövrün tələblərinə uyğunlaşmaqla yanaşı, ailənin mənəvi əsaslarının və milli kimliyinin qorunmasının, dini dəyərlərin düzgün təbliğinin vacibliyini vurğulayıb.
Forum çərçivəsində “Yeni reallıqda ailə: ortaq məsuliyyətdən dayanıqlı gələcəyə” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələrdə rəqəmsal transformasiyanın ailə münasibətlərinə, valideyn-övlad ünsiyyətinə və gündəlik həyata təsiri, texnologiyalardan balanslı istifadə, eləcə də fiziki və psixoloji sağlamlığın qorunması məsələləri diqqətə çatdırılıb.Forum ailə münasibətləri, müasir valideynlik, rəqəmsal mühitdə sağlamlıq və təhlükəsizlik, süni intellektin ailəyə təsiri və gələcəyin ailə modeli daxil olmaqla altı istiqamət üzrə panel müzakirələri ilə davam edib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin