
Əmək Məcəlləsi XX Fəsil - Ödənişsiz məzuniyyətlər
Məktəbşünas
Müəllif
İyirminci fəsil. Ödənişsiz məzuniyyətlər
Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ
Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri
1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.
2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
Maddə 130. İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri
İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir:
a) həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə — uşaq dörd yaşına çatanadək;
c) 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara — 14 təqvim gününədək;
ç) orqanizmin funksiyalarının pozulması faizindən və səbəbindən asılı olmayaraq əlilliyi olan, işçilərə — bir təqvim ayınadək;
d) müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə — 14 təqvim gününədək;
e) Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə — 14 təqvim gününədək;
ə) insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin əlilliyi olan uşağı olan işçilərə — 14 təqvim gününədək;
f) doktoranturada (adyunkturada), təhsil alan işçilərə —1 təqvim ayınadək;
g) ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə — 14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə — 7 təqvim günü;
ğ) ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi iş yerindən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə — 14 təqvim gününədək;
h) ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — tibb müəssisəsinin rəyi ilə 14 təqvim gününədək;
i) ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə – 7 təqvim gününədək;
j) əsas iş yerində ezamiyyətə gedən işçiyə – əlavə iş yerində əsas iş yeri üzrə ezamiyyə müddətində;
k) əlavə iş yerində ezamiyyətə gedən işçiyə – əsas iş yerində əlavə iş yeri üzrə ezamiyyə müddətində.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir
Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.

